Ulduzlara “toxunmaq”

Bilirsiniz, Azərbaycanda elmi tədqiqatlar üçün normal şəraiti olan obyektlər barmaqla sayılar. Məlum, ölkədə elmin də elə böyük bir dəyəri yox. Məhz bu dəyərsizlikdəndir ki, o obyektlərin qorunması və toxunulmazlığı da kimsəni narahat etmir. Yoxsa bir ölkədə bu qədər “təsadüf” haradan çıxa bilər ki? Hələ Milli Elmlər Akademiyasının Botanika bağı ətrafında qalmaqal bitməmiş, Şamaxı Astrofizika Rəsədxanasına yaranan təhlükə girib gündəmə. Hər halda mətbuatın bu həyəcanlı xəbərlərindən də az-çox məlumatlısınız. Problemin əsası odur ki, rəsədxananın qapısının düz qarşısında hotel tikilir. 

Hotel də nə hotel! Hündürlüyü 47 metr! Doğrudur, hələlik yalnız onun ikicə mərtəbəsi tikilib, amma yazıldığına görə, 5 mərtəbə də üstünə gələcək. Belə görünür ki, baş verənlərdən elmi dairələr də həyəcan içindədir. Faktı mətbuata AMEA-nın vitse-prezidenti Akif Hacıyev özü təsdiqləyib. Demə, bu “Priqulu Park Hotel”in rəsədxananın işinə ciddi əngəl törədəcəyi ilə bağlı narahatlıq Şamaxı rayon icra başçısına da çatdırılıb. O da nəinki bu tikintidən xəbərsiz olduğunu bildirib, tikintinin dayandırılmasına belə göstəriş verib. Amma iki gün sonra işlər yenidən başlayıb.ÿGörünür, tikintinin dayandırılması üçün AMEA prezidenti Akif Əlizadənin işə qarışması da hələ real nəticə verməyib. 

Xatirinizdəsə, 2008-2009-cu illərdə bu rəsədxanaya yeni avadanlıqlar və təmir üçün dövlət büdcəsindən 8 milyon manat vəsait ayrılmışdı. Bəlkə onu da xatırlayırsınız ki, o zaman rəsədxanaya yeni teleskopların alınması məsələsində də qalmaqal yaranmış, 3 milyon manatın mənimsənildiyi üzə çıxmışdı. Daha doğrusu, rəsədxana üçün sifariş verilən 6 teleskop gəlib çıxmadığına görə, tenderin qalibi olan şirkətin 8 nəfərlik qrupu həbs edilmişdi. O zaman büdcədən ayrılan vəsaitin böyük bir hissəsi də oradakı inzibati binaların, ərazidəki 4 kottec və mehmanxananın təmiri üçün nəzərdə tutulmuşdu. Bu işlər başa çatdırıldıqdan sonra isə ölkə başçısının özü ziyarət etmişdi rəsədxananı. Ərazidə yaradılan yeni yaşayış massivinin təqdimatı da olmuşdu. Xəbər verilmişdi ki, massivdə 40 və 32 mənzilli beşmərtəbəli iki bina, bir və ikimərtəbəli 10 kottec, həmçinin mehmanxana tam təchizatı ilə istifadəyə verilib. 

Demək ki, bu 7 mərtəbəli hotel ideyası sonradan ortaya çıxmış məsələdir. Mətbuatın yazdığından məlum olur ki, hoteli “SOCAR” tikdirir. Hotel tikdirməyin qanuni və ya qanunsuz tərəfləri o yana qalsın. Ağlım almayan başqa bir şey var. Yəni bu geniş məmləkətdə uyğun bir yer tapılmadı ki, həmin hündür tikilini aparıb düz rəsədxananın gözünə soxdular. Həqiqətənmi, o adamlar bu elmi obyektin qarşısını kəsməklə, onun “gözünü” bağlamış olduqlarını anlamırlar? Yoxsa bir rəsədxananın işinin nədən ibarət olduğundan xəbərləri yoxdur heç? Elə isə yenidən xatırladaq ki, rəsədxananın əsas işi göy cisimlərinin öyrənilməsi ilə bağlıdır. Artıq yerdə yerimizi, göydə göyümüzü dar etdiyiniz çox ağ oldu, cənablar! Belə çılğın arzular, ulduzlara “toxunmaq” istəyi haradan yerləşir ağlınıza? Heç olmasa, ulduzların dünyasına toxunmayın, yazıqdır! Həm bir düşər-düşməzi də olar!

Əslində, bizim ölkədə qanunların gücü özünü göstərmədiyindən, mümkün olan çox şey gedib mümkünsüz dalana dirənir. Elə o üzdən də, bu hotel hazırda 55 yaşlı bir elm obyektinin kabusuna çevrilib. Çıxış yolu sadədir, tikintini 2-3 mərtəbəli şəkildə tamamlayıb istifadəyə vermək. Yoxsa bu qədər hotel bolluğunda tarixi bir elm ocağını da kiminsə fantaziyasına qurban vermək istəyirsiniz?