Həqiqətən çox təzadlı məmləkətdə yaşayırıq. Bu gün səhər idman zalının həyətində bir gəncin beton üstünə dizlərini qoyub təmizlik işlərini vicdanla aparmaqla özünə halal çörək qazandığının, işə gələndə isə Ağır Cinayətlər məhkəməsinin qarşısında onlarla gəncin NİDA-çıların məhkəmələrinin başlanmasını gözlədiklərinin şahidi oldum. Mətbuatda isə digər gənclərin qudurğanlığından seriallar gedir. Vətənimizin bütün övladlarını yox, tək gənclər kəsimini götürsək görərik ki, bir tərəfdə kasıbçılıqdan bir tikə çörəyə möhtac olanlar, digər tərəfdə isə bolluqdan min bir hoqqalardan çıxanlar var.
Maraqlısı odur ki, kasıbçılıqdan əziyyət çəkənlər gecə-gündüz çalışıb təhsil alır, vicdanla hərbi xidmət çəkir, bütün davranışları ilə Millətinə və Vətəninə baş ucalığı gətirir, Vətən uğrunda canından keçməyə hazırdılar. Əvəzində isə vətəndaşı olduqları Dövlət tərəfindən heç bir qayğı görmürlər. Əksinə, NİDA-çı gənclər məhz bu hərəkətlərinə görə – əsgər ölümünə yox dediklərinə, ədalətli cəmiyyətdə yaşamaq istəklərinə görə bir ildən artıqdır ki, həbsdədirlər və hər birini uzun müddətli həbs gözləyir. İstedadlı gənclərimizi isə ölkədən iyrəndirib mühacir həyatına vadar edirlər.
Ölkənin sərvətini talayanların “gül balaları” eyş işrətlə məşğuldurlar, şəxsi təyyarələrində nahara Parisə, şam yeməyinə Londona uçurlar, bizlərdən oğurladıqları pullar hesabına aldıqları yüz minlərlə dəyəri olan maşınları, saatları sosial şəbəkələrdə gözümüzə soxur, özləri üçün tikdirdikləri restoranlarda min manatlıq şampanlar partladır, xoşlarına gələn müğənniləri milyonlar xərcləyib Bakıya gətirir, (bəzi müğənnilər hətta Azərbaycanlı nazir balalarının bir gecəyə təklif etdikləri milyon dollarlardan imtina etdiklərini mətbuatda tirajlamaqla özlərini reklam edirlər), on minlərlə manat mərc müqabilində Bakı küçələrində maşınlarını saatda 260 km sürətlə sürüb ailələrin ölümünə bais olur, Zakir Hüseynov kimi kimsəsizlərin qızını bədbəxt edib, 77 yaşlı anasını, həyat yoldaşını, qızını döyüb özünü də “şanlı” hüquq mühafizə orqanlarını köməyi ilə həbsxanaya salır, əvəzində isə AzTV-lər onlardan “vətənpərvər gənclər” obrazı yaradırlar.
Bütün KİV-lərdə bəh bəhlə tirajlanan Ziya Məmmədovun oğlu Anarın yenə bizlərdən oğurlanan milyonlar hesabına ABŞ-dakı lobbiçilik tədbiri mənim diqqətimi cəlb etdiyindən xüsusilə maraqlandım. Səmimi deyirəm, tədbir faydalı olsa idi, məmnuniyyətlə müsbət tərəflərini qeyd edərdim. Ancaq öz araşdırmalarımdan və o tədbirdə iştirak etmiş bir vəzifəli şəxsin dediyindən bəlli oldu ki, bu tədbir heç də tirajlanan kimi Azərbaycana xeyir gətirməyib. Əksinə, ora gələnlər içində ABŞ-da nüfuz, söz sahibi olanlar deyil, yeyib-içmək, hədiyyə almaq həvəskarları olub. Bircə faktı deyim. Yaxşı yeyib içmiş bir amerikanlı tədbirdən çıxanda ziyafətin hansı münasibətlə təşkil olunduğunu soruşub. Nüfuz sahibi olan amerikanlılar isə bir daha Azərbaycandakı korrupsiyanın şahidi olublar. Bundan başqa, tədbirə gələn ilk növbədə tədbirin kim tərəfindən təşkil edildiyini, kimin tərəfindən dəvət edildiyini, Xocalıya ədalətin kim tərəfindən tələb edildiyini soruşar. Araşdırdıqda isə ortaya bir məntiqi nəticə çıxır – Xocalıya ədalət istəyən adam bu gün öz ölkəsində olan insanların haqqını yeməz, birinci növbədə onlara qarşı ədalət nümayiş etdirər. Korrupsionerin, çirkabın içində olan birisinin Xocalıya ədaləti ABŞ siyasi elitasından tələb etməyə haqqı yoxdur. Belə təbliğatın xeyrindən çox zərəri var.
Ən təzadlısı da odur ki, bu gün bu məmləkətin sərvətindən bəhrələnənlər, sabah Vətən üçün təhlükə olarsa, dabanlarına tüpürüb “yavaş qaçan namərddir” deyib xaricə istirahətlərini davam etməyə qaçacaqlar. Necə bu gün hamıya gün kimi aydın olan faktları danırlar, sabah da öz vətənlərini danacaqlar. Amma əminəm ki, bu gün min bir əziyyət çəkən gənclər, o cümlədən saxta ittihamlarla həbsdə yatan “NİDA”-çılar isə əlində silah Vətən uğrunda vuruşacaqlar!
P.S. Bu günlərdə “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabını alman dilinə tərcümə etdirmək üçün güclə pul tapdım.
Aslan İsmayılov


