«Casusluqda ittiham olunmağımı qanunsuzluq və Allah qarşısında böyük günah hesab edirəm»
Human Rights Watch jurnalistin həbsini pislədi
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Rauf Mirqədirov bəyanat verib. Bu barədə jurnalistin vəkili Fuad Ağayev facebook səhifəsində yazıb.
Rauf Mirqədirovun bəyanatında deyilir: “25 ilə yaxın jurnalist fəaliyyətimlə həmişə Azərbaycanın milli maraqlarına xidmət etmişəm. Daim hesab etmişəm ki, Qarabağ məsələsinə, Azərbaycan-Ermənistan münaqişəsinə yanaşmalarda iqtidar-müxalifət arasında münasibətlərdə, o cümlədən həmin münasibətlərin mətbuatdakı təzahürlərində heç bir qarşıdurma olmamalıdır. Ona görə də, mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağımı hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günah hesab edirəm”.
Fuad Ağayev “Azadlıq”a bildirib ki, Rauf Mirqədirova qarşı irəli sürülən ittiham tamamilə əsassızdır: “Onun emossional bəyanat verdiyini iddia edə bilərlər. Amma mən ittiham barədə onun fikirlərilə razıyam. Ona qarşı irəli sürülən ittihamlar əsassız, həbsi isə qanunsuzdur. Digər fikirlərinə gəlincə, Qarabağ mövzusunda yazan və Azərbaycanın milli maraqlarını müdafiə edən bir şəxsi mənəvi baxımdan başa düşmək olar”.
Vəkil əlavə edib ki, Rauf Mirqədirov barəsində çıxarılan həbs qərarından apelyasiya şikayəti verilib. “Sabah (bu gün-red) Bakı Apelyasiya Məhkəməsində Faiq Qasımovun sədrliyi ilə şikayətə baxılacaq”.
Fuad Ağayev jurnalistin səhhətində hər hansı problem olmadığını və müvəkkilinin saxlanma şəraitindən narazılıq etmədiyini deyib.
Rauf Mirqədirovun həbsi beynəlxalq aləmdə də narazılıq doğurub. Nüfuzlu Human Rights Watch təşkilatı dünən jurnalistin həbsilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rauf Mirqədirovun Türkiyədən zorla və tələsik çıxarılmasından sonra Azərbaycanda tutulması bu həbsin iki ölkə arasında kordinasiyalı bir əməliyyat şəklində həyata keçirildiyinin əlamətlərini göstərir və bu beynəlxalq hüquq normalarının pozulmasıdır.
Mirqədirovun vəkillə təmin olunmasına və zəruri hüquqi müdafiəsinə şərait yaratmadan zorla Azərbaycana göndərilməsinə görə Türkiyə tərəfi üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərini pozub.
“Heç bir zəruri hüquqi müdafiə təmin olunmadan jurnalistin Azərbaycana zorla göndərilməsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq ehtimalı dərhal və hərtərəfli araşdırılmalıdır. Mirqədirova qarşi sürülən ittihamların müstəqil şəkildə araşdırılma bitənə qədər o, həbsdən azad olunmalıdır”,- deyə bəyanatda bildirilir.
Azərbaycan Milli Istiqlal Partiyası (AMIP) da Rauf Mirqədirovun həbsini pisləyən bəyanat yayıb. Qeyd edək ki, Rauf Mirqədirov həm də AMIP-in Mərkəzi Şurasının üzvüdür. Modern.az-ın məlumatına görə, AMIP bəyan edib ki, əməkdar jurnalist, milli azadlıq hərəkatının fəal iştirakçısı, Qarabağla bağlı ekspert-araşdırmaçı olan Rauf Mirqədirovun vətənə xəyanətdə təqsirləndirilməsi cəmiyyət üçün ağır zərbədir.
AMIP Rauf Mirqədirova qarşı irəli sürələn ittihamlara inanmadığını bəyan edərək, istintaqın obyektiv aparılacağına və irəli sürülən ittihamların özünü doğrultmayacağına əminliyini bildirib. Onlar Rauf Mirqədirovun hüquqlarının müdafiəsində bütün hüquqi imkanlardan istifadə edəcəklərini də bəyan ediblər. AMIP partiyası Dövlət başçısı cənab Ilham Əliyevə müracət edərək ölkə prezidentinin bu məsələni şəxsi nəzarətinə götürəcəyinə və obyektiv araşdırılmasına xüsusi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Türkiyədən Azərbaycana deportasiya olunan Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə curnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları əməkdaşlıqda təqsirləndirilir.