Elxan Şahinoğlu: «Erməni lobbisini, onların havadarlarını tərkisilah etmək üçün baş nazir belə bir məktub yazıb»
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni “soyqırımı” ilə bağlı dünya ictimaiyyətinə müraciəti birmənalı qarşılanmayıb. Xatırladaq ki, baş nazirin Nazirlər Kabinetinin saytında dərc edilən və 9 dildə yayımlanan bəyanatında 24 aprel tarixinin ermənilər üçün özəl bir gün olduğunu qeyd edilir. Ərdoğan vurğulayır ki, 1915-ci il hadisələrinin Türkiyəyə qarşı istifadə olunmamalıdır və bu yolverilməzdir. «Birinci dünya müharibəsində yaşanan acı xatirələr hamımızın ortaq dərdidir. Biz arxivlərimizi tarixçilərin üzünə açmışıq. Həmin zamanlarda etnik və dini mənsubiyyətindən asılı olmayaraq həlak olan hər bir insanı rəhmətlə yad edirik». Jurnalistlərin “Ermənistanla diplomatik münasibətlərin qurulması sərhəd qapılarının açılması ola bilər?” sualına cavabında Ərdoğan bildirib ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz. “Bəzi şərtlər var. Dağlıq Qarabağ məsələsi bizim üçün prioritetdir. Qarabağ münaqişəsi həll olmadan iqtidarımız belə bir şeyə razı ola bilməz. Çünki orada ciddi haqsızlıq var. Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”, – deyə baş nazir qeyd edib.
Bu açıqlama Türkiyənin Ermənistanla münasibətlərdə əvvəlki mövqedə qaldığı göstərsə də, ermənilərə ünvanlanan müraciətin arxasında müəyyən mesajların dayandığını da deməyə əsas verir.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baş nazir Ərdoğanın ermənilərə müraciət etməklə doğru addım atdığını deyir. Eyni zamanda müxalifətin tənqidi də normal qəbul edilməlidir. Ekspertin sözlərinə görə, Ərdoğan qabaqlayıcı addım atıb. Çünki yaxın vaxtlarda erməni lobbisi yenidən fəallaşacaq, Avropada, Amerikadakı havadarlarını işə salacaq. Ona görə də erməni lobbisini, onların havadarlarını tərkisilah etmək üçün baş nazir Türkiyə tarixində ilk belə bir məktub yazıb: «Məktubda üzrxaxlıqdan söhbət belə getmir. Sadəcə qeyd olunur ki, 1915-ci ildə Birinci Dünya Müharibəsi çərçivəsində müəyyən toqquşmalar, hər iki tərəfdən itkilər olub. Bu itkiləri danmırlar. Burda anormal bir şey yoxdur. Amma orda soyqırımın tanınmasından söhbət getmirdi. Bu əslində Avropaya, Amerikaya ünvanlanmış jestdir ki, yəni belə bir hadisə olub və bundan imtina etmirəm. Bu, «soyqırımın» qeyd edildiyi bir ərəfədə qabaqlayıcı addımdır ki, erməni lobbisi öz havadarlarının vasitəsilə Türkiyəyə qarşı təzyiqləri gücləndirə bilməsinlər».
Fizzə


