Bəlli bir jurnalist “dövlətə xəyanət” suçlaması ilə tutulub. Bir sıra jurnalist dostlarımız bu tutqunu hansısa repressiv proseslərin başlanğıcı adlandırırlar. Ola bilsin onların bütün dediklərini düzgün saymaq olar, birindən başqa: repressiya başlanğıcı. Başlanğıc indi deyil, 1993-cü ildir; dərinə getsək, bu da deyil, başlanğıc 1969-cu ildir. Indi üzləşdiyimiz repressiyaların başlanğıcı 1969-cu ilə gedib çıxır. O çağlar Brejnev dönəminnin Sovet gerçəklərinə uyğun yürüdülən repressiya siyasəti o siyasətin başında duran adamın Moskvaya aparılmasından sonra, demək olar, bütünlüklə durdurulmuşdu. 1993 qayıdışından başlayaraq o siyasət bütün gücü ilə yenidən yürüdülməkdədir. Faktlardan göründüyü kimi, 2003-cü ildə atadan oğula yalnız hakimiyət ötürülməyib, eləcə də o hakimiyətin – əliyevçi hakimiyətin – özül prinsipləri ötürülüb. Bunlar isə başlıca olaraq ANTIMILLI, ANTIDEMOKRATIK xarakter daşıyan prinsiplərdir.
1969-1982; 1993-2014-cü illər arasındakı repressiya faktları xronoloji ardıcıllıqla göstərilsə, ortaya sistematik, prinsipial, eləcə də amansız… Xalqla savaş görsənişi çıxar. Gərəyincə araşdırıb-izləməklə biz bu savaşın bütün parametrlər üzrə aparıldığını görərik. Gərəyincə aparılan araşdırma-izləmələr savaşın çox geniş planda: istər kütlə, istərsə də elita düzəyində aparıldığını ortaya qoyar. Birincidə çoxluq, ikincidə azlıq görsənişi üzündən sonuncu ilə savaş daha çox gözəçarpandır. Azərbaycanda bir sıra istintaq işləri aparmış SSRI Prokurorluğunun önəmli işlər müstəntiqi V.I.Kaliniçenko birbaşa əldə etdiyi bilgilərlə bağlı yazmışdı: “Heydər Əliyev respublikadakı (Azərbaycandakı) vicdanlı, namuslu adamlardan öc (qisas) alırdı”.
1969-82-ci illərdə Azərbaycan xalqı Sovet respublikaları içərisində ən hüquqsuz durma gətirilməklə canlı ƏMƏK ALƏTINƏ çevrilmişdi. Gecə-gündüz qan-tər içində işlədilən xalq qazandığı pula mağazalarda istədiyini tapıb ala bilmirdi. SSRI büdcəsinə milyonlar-milyardlar qazandıran Azərbaycan xalqı ət, yağ dalınca dotasiya ilə yaşayan “Ermənistana”, eləcə də işləməkdən uzaq Gürcüstana üz tutmalı olurdu.
93-dən ölkədə hakimiyəti yenidən ələ keçirən Əliyevlər yeni konyunkturaya uyğun yeni siyasət yürütməkdədirlər: indi mağazalar ağzınacan doludur, ancaq ötənlərdə boş mağazalar xalqa göz dağı idisə, ağzınacan dolu mağazalar indi işsizlik, pulsuzluq üzündən xalqa göz dağıdır. Bu da əliyevçi repressiyaların bir formasıdır: indi xalq 70-ci illərdəkindən qat-qat artıq koloniya-müstəmləkə durumundadır – ölkənin bütün var-yatırına Əliyevlər təkbaşına yiyələniblər. Elə kriminal rejim qurmaqla ölkənin bütün var-yatırına təkbaşına yiyələnmə faktı da Əliyevləri daha sərt, daha geniş repressiyalara sürükləyir.
Bir gerçəklik başqa bir gerçəkliyə nədən olur: bir ailənin yaxın çevrəsi ilə birlikdə ölkənin var-yatırına təkbaşına yiyələnərək gündən-günə daha çox varlanması onu necə azğınlaşdırırsa, eləcə də getdikcə yoxsullaşan, yoxsullaşdıqca əzilən xalq ortaya yeni-yeni dirəniş görsənişləri çıxarmağa başlayır. Qanunsuzluq axarında getdicə azğınlaşan rejimsə xalq dirənişinin genişlənməsindən qorxaraq repressiyaları daha da sərtləşdirmək, daha da genişləndirmək yolu tutur. Beləliklə, rejimlə xalq arasındakı uçurum durmadan dərinləşir. Budur, indi yalnız OĞULLAR deyil, ANALAR da siyasi aclıq aksiyaslna qatılırlar. Bu, Azərbaycanın qanunauyğyn olaraq yeni sosial-siyasi çarpışma fazasına yüksəlməsi deməkdir.
Krediti “öz” xalqına 27 faizə verən I.Əliyev Belarusa 0,1 faizə verir. Belarusda dövlət yeni doğulan 1, 2, 3 uşağa görə 10, 20, 40 min dollar pul, sonuncuda, üstəlik, ev də verir. Doğal resursları aşıb-daşan Azərbaycanda “dövlət” uşaqdan-böyüyə hamını soyur. Ən böyük xəyanətkar bu “dövlət” özü deyilmi?!