“Ibtidai şüur” çatışmazlığı

Bu gün istər iqtidar, istərsə də müxalifət kəsiminin ortaq məxrəcə gələ biləcəkləri çox nadir mövzulardan biri, bəlkə də birincisi futbol üzrə milli komandamızın uğursuzluğudur. Hesabın stadiondakı iri tabloda əks olunması səbəbindən iqtidar rəsmiləri belə iradları qəbul edir və yalnız “futbol inkişaf edir” deməklə kifayətlənirlər.  

Azərbaycanda nəinki futbolda, demək olar, idmanın bütün kollektiv növlərində biabırçılıqdır. Tam tərkibdə xaricdən gətirilən qadın voleybol və qadın otüstü xokkey “komandamız” da yerli şəraitə uyğunlaşmadı. Milyonlar havaya sovrulsa da, uğur qazana bilmədik.

Kollektiv idman növlərindəki vəziyyət, həm də ölkədəki siyasi-ictimai vəziyyətin aynasıdır. Bu gün Azərbaycan bir ovuc məmurun şəxsi maraqlarının əsirinə çevrilib. Iqtisadiyyatda da belədir siyasətdə də…

“Əliyevlər rejimi 20 ildir ki, 9 milyonluq xalqı nəyin hesabına əsarətdə, qorxu içində saxlaya bilib”. 

Bu sualı kimə versən, əksəriyyət ilk növbədə polis rejimindən, amansız iqtisadi və siyasi repressiyadan, avtoritar rejimlərin himayədarı Rusiyadan söhbət açacaq. Çox az sayda insan isə, yuxarıdakı səbəblərə birini də əlavə edəcək – müxalifətin birliyinin olmaması. Mən bu gün, qısaca da olsa, “müxalifətin birliyi” məsələsi haqda subyektiv fikirlərimi bildirmək istəyirəm…

Ibtidai icma quruluşu dövründə insanların sürü halında yaşamasını yəqin ki, hamınız bilirsiniz. Bunu həmin dövrə aid arxeoloji qazıntılar, o dövrü əks etdirən daş abidələr, məişət əşyaları birmənalı şəkildə sübut edir. Qədim insanlar cəngəllik qanunlarına uyğun hərəkət edirdilər – şirləri, pələngləri, mamontları, bizonları heyrətamiz şəkildə ovlayırdılar və qidanı bərabər şəkildə bölüşdürürdülər. O dövrü əks etdirən müasir tabloları incələsəniz, heyrətamiz bir mənzərə ilə qarşı-qarşıya qalacaqsınız. Dəstə halında insanlar və onlardan on-on beş metr aralıda dolaşan vəhşi heyvanlar. Bir-birinin qanına susamış varlıqların bir-birinə bu qədər yaxın olması, onlar arasında gedən mübarizənin bir an belə səngiməməsindən xəbər verirdi. Sonda daha ağıllı və mütəşəkkil olan insanlar qalib gəldilər. Və getdikcə vəhşi heyvanların ayağı insan məskənlərindən çəkilməyə başladı.   

Nə gizlədək, XXI əsrdə qara bəxtimizə tuş gəlmiş avtoritar rejim də biz cəngəllik qanunu ilə idarə edir. Lakin biz insan və sivilizasiya olaraq, son 20 əsrdə xeyli dəyişmişik, çoxlu kəşflər olunub, ən başlıcası isə, ibtidai icma qüruluşundan fərqli olaraq, sürü halında meşədə gəzmirik, hərənin öz evi var və s. 

Yəni insan olaraq, cəngəllik qanunları ilə yaşamaq qabiliyyəti və təcrübəsi yüz illər ərzində şüurumuzdan silinib gedib. Yenidən bir yerə toplaşmaq və sürü halında yaşamağımız isə mümkün deyil. Biz yalnız bir araya gələ bilməklə, birləşmiş vahid müxalifətlə rejimin qarşısına çıxa bilərik. 

Ukraynada Maydan hərəkatından çəkilmiş görüntüləri yəqin ki, hamınız görmüsünüz. Yüz minlərlə insanın ətrafında “var-gəl” edən hökumət qüvvələri sona qədər dözməyərək təslim oldu. Halbuki, 20 gün əvvəl Yanukoviç Meydana toplaşmış beş-on müxalifətçiyə divan tuturdu. 

Ibtidai icma quruluşundakı sürü, XXI əsrdə kütləyə çevrildi və xilas oldu. Buna qədər bir-biri ilə ədavət aparan müxalifətin isə birləşməkdən başqa çarəsi qalmadı və birləşdi. Bu birləşmənin insanların kütləyə çevrilməsi ilə paralel getməsi Yanukoviç rejiminə son qoydu. Hadisələr elə inkişaf etdi ki, hakimiyyətə gəlməyə iddialı olan üç böyük siyasi qüvvə eyni gündə ambisiyasından əl çəkdi. 

Azərbaycandakı rejim müxalifətdə olan qüvvələrin üzərinə asanlıqla gedir. Bu gün həbs olunmuş Tofiq Yaqublunu Ilqar Məmmdovdan, NIDAçıları cəbhəçi və müsavatçı gənclərdən ayıran və özünü rejimə müxalif hesab edən şübhəli qüvvələr iş başındadır. Kimsə inciməsin, yuxarıdakıların əksəriyyəti də həbs olunana qədər digərlərinin müxalifətdə olmasına ironiya ilə yanaşanlar idi. Onların yalnız həbsxana şəraitində eyni yolun yolçusu olduqlarını dərk etməsi günümüzün acı reallığıdır. 

Rejimi ayaqda saxlayan səbəblərdən biri də siyasi arenaya yenicə qədəm qoyanların ağlasığmaz iddialarıdır. Heç kəs inciməsin, mən bu mənada yuxarıda bəhs etdiyim ibtidai şüurun həsrətindəyəm.

Kiçik qrup və təşkilatlara, partiyalara elə gəlir ki, onlar ayrı-ayrılıqda ölkədə ədaləti bərpa bilərlər. Və beləliklə, müxalifətdən olan opponentlərə və rejimə qarşı mübarizə başlayır. Məlum mətbu orqanları da “həvəslə” onların tribunası rolunu oynayırdı.

Onların vicdan məhbusu kimi fotolarının isə, nə üçün yalnız “Azadlıq” qəzetində getməsini isə özünüz düşünün…