Brayza hökumətin cavabını verdi

“Müxalifətlə görüşmək qəbahət deyil”

 

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza iqtidar nümayəndələrinin son günlər bu ölkəyə qarşı səsləndirdiyi ittiham və tənqidlərə münasibət bildirib.

 

Səfir rəsmi Vaşinqtonun iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduğunu deyib (ans press). O bildirib ki, ABŞ Azərbaycanın daxili işlərinə müdaxilə etmir. ABŞ-la Azərbaycan bir sıra mühüm öhdəlikləri bölüşür və Azərbaycan ABŞ üçün dost, tərəfdaş ölkədir: “Biz istərdik ki, Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ümumi enerjini ölkədə demokratik təsisatların güclənməsi və iqtisadi islahatlar istiqamətinə yönəltsinlər”.

M. Brayzanın sözlərinə görə, ABŞ dünyanın hər hansı bir yerində inqilab olmasını istəmir: “Bizim istəyimiz ondan ibarətdir ki, davamlı islahatlar günbəgün gücləndirilsin. Müxalifət liderləri ilə görüşə gəlincə, keçən cümə Əli Kərimli və İsa Qəmbərin iştirakı ilə görüş var idi. Amma mən o görüşdə iştirak etməmişəm. Hesab edirəm ki, ABŞ səfirliyinin hər hansı bir nümayəndəsinin müxalifət nümayəndələri ilə görüşməsi qeyri-adi və qəbahətli iş deyil. Bu demokratik sistemin bir hissəsidir və demokratik təkamülə bir adımdır”.