Müdafiə Nazirliyindəki həbslər generallara çatdı

Vitse-admiral Şahin Sultanov həbs edildi; general Məmməd Beydullayevin də istintaqa cəlb olunduğu deyilir

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Şahin Sultanovun vəkili Adəm Məmmədov “Azadlıq”a bildirib ki, vitse-admirala qarşı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsində Şahin Sultanov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Adəm Məmmədov deyib ki, müvəkkili ittihamları qəbul etmir. “Şahin Sultanov 1992-ci ildə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaradılmasında iştirak edib. Xidmətlərinə görə dəfələrlə mükafatlara layiq görülüb. Şahin Sultanov bu ittihamları qəbul etmir, bu ittihamların ona yaraşmadığını deyir”, – deyə vəkil vurğulayıb.
Qeyd edək ki, Şahin Sultanov ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə bu ilin martında vəzifəsindən azad edilib.

Şahin Sultanovdan əvvəl Hərbi Dəniz Qüvvələrinin bir neçə zabiti saxlanılmışdı. Həbslərə səbəb Respublika Prokurorluğu və Maliyyə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində apardığı yoxlamalarla izah edilir.

“Azadlıq”a daxil olan məlumatlara görə, həbslərin davamı olacaq. Bir çox yüksək rütbəli zabitlər də məsuliyyətə cəlb ediləcək. Hərbi ekspert Üzeyir Cəfərov da bizimlə söhbətində məlumatların əsassız olmadığını bildirib. Onun sözlərinə görə, artıq general Məmməd Beydullayev istintaqa cəlb olunub. Üzeyir Cəfərov əlavə edib ki, məsələ ilə bağlı bir neçə vəzifəli şəxs də dindirilib. Lakin Üzeyir Cəfərov yalnız Beydullayevin adını çəkib: “Bu məsələ ilə bağlı bir neçə vəzifəli şəxs dindirilib. Onların hərəkətlərinin hansı hüquqi məsuliyyət doğurduğu öz həllini tapacaq. Ancaq məndə olan səhih məlumat ondan ibarətdir ki, o vəzifəlilərdən biri – general Beydullayev artıq istintaqa cəlb olunub”.   
Əldə etdiyimiz məlumatlara görə, Şahin Sultanovun həbsi “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevə də təhlükə yaradıb. Bildirilir ki, onun da istintaqa cəlb olunması müzakirə mövzsudur. “Bayraq Meydanının ərazisində yaşayan Hərbi Dəniz Qüvvələrinin zabitləri üçün kompensasiyanın əhəmiyyətli hissəsinin qaranlıq məqsədlərə sərf edildiyi üzə çıxıb. Bayraq Meydanın inşasına Etibar Pirverdiyev məsul olub. Beləliklə də, bu məsələdə Şahin Sultanovla yanaşı Etibar Pirverdiyev üçün məsuliyyət yaranıb”, – deyə mənbə bildirib.