AXCP-nin şöbə sədri yol qəzasında vəfat etdi

AXCP Balakən rayon şöbəsinin sədri Məhərrəm Mehdili və şöbənin Məclis sədri Fikrət Alqayev aprelin 23-ü səhər saatlarında ağır avtomobil qəzası keçiriblər. Məhərrəm Mehdili aldığı xəsarətdən dünyasını dəyişib, Fikrət Alqayev isə Zaqatala Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Bakıdan toydan qayıdırmışlar.

Qəzaya düşən “Mercedes” markalı avtomobili 1985-ci il təvəllüdlü Balakən rayon sakini Ramin Musa oğlu Həsənov idarə edib. O, idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücünün özü və başqa bi sərnişin də yaralnıb.

***

AXCP sədri Əli Kərimli və partiyanın Ali Məclisi Məhərrəm Mehdilinin vəfatı ilə bağlı nekroloq verib:

“Azərbaycan Xalq Cəbhəsi Partiyasına çox ağır itki üz verib. Partiyanın Balakən rayon şöbəsinin sədri Məhərrəm Mehdili avtomobil qəzasında dünyasını dəyişib. Məhərrəm bəy Milli Azadlıq Hərəkatının öncüllərindən, AXC-nin Balakəndə təşkilatçılarından biri olub, bütövlükdə ölkənin şimal-qərb zonasında  azadlıq, demokratiya uğrunda ardıcıl mübarizə aparan, demokratik qüvvələrin tanınmış, layiqli təmsilçilərindən idi. Məhərrəm bəy haqqında keçmiş zamanda yazmaq nə qədər çətin olsa da, onun əqidəli cəbhəçi, sayılıb-seçilən, nüfuzlu ziyalı, savadlı müəllim, ədalətli insan, gözəl dost kimi ad qazanması partiyamızın hörmətini daha da artırırdı. Onun simasında prinsipial, qətiyyətli, ləyaqətli bir cəbhədaşımızı, işıqlı ziyalımızı, əvəzsiz dostumuzu itirdik. Təşkilatçılığı, xalqına, vətəninə, əqidəsinə, partiyasına sədaqəti ilə gənclərə misilsiz örnək idi. Çox ağır itkidir, təsəllimiz Məhərrəm bəyin müqəddəs amallarını gerçəkləşdirmək olacaq…  Allah qəni-qəni rəhmət eləsin, nur içində yatsın, məkanı cənnət olsun. Məhərrəm bəyin ailəsinə, yaxınlarına, dostlarına, şagirdlərinə, bütün cəbhədaşlarına dərin hüznlə başsağlığı diləyirik. Allah hamımıza səbir versin…”.