Jurnalistlə deputat arasında qalmaqal

Eynulla Fətullayevin yaydığı videoya qarşı ortaya «sübut» qoyan Elton Məmmədovun özü pis vəziyyətə düşdü

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovla jurnalist Eynulla Fətullayev arasında qalmaqal yaranıb. Eynulla Fətullayev rəhbəri olduğu xəbər portallarında Zığ-aeroport şossesində “Porsche Panamera” və “Nissan Skyline GT-R35″ markalı avtomobillərin sürət yarışına çıxmasını əks etdirən video yayıb. Jurnalist bildirib ki, dövlət nömrə nişanı 10 LZ 100 olan ”Nissan Skyline GT-R35″in sahibi Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsusdur. Deputat isə Eynulla Fətullayevin şantajda ittiham edib. “Bunlar hamısı yalandır, iftiradır, şantajdır”, – deyə o, bildirib.

Eynulla Fətullayev də öz növbəsində deputatdan avtomobilin oğluna məxsus olmamasına dair sübut istəyib: “DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların Elton Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz”.

Bundan sonra aznews.az-ın əməkdaşı Elton Məmmədovla əlaqə saxlayıb. O, açıqlamasında oğlu barədə yazılanları bir daha yalan, böhtan və şantaj adlandırıb. Bildirib ki, oğlu nəinki sürət yarışına çıxıb, hətta yayılan xəbərdə göstərilən 10 LZ 100 dövlət nömrə nişanlı markalı avtomobilə də sahib deyil.
Elton Məmmədov vurğulayıb ki, artıq həmin avtomobilin kimə məxsus olduğunu bilir: “Bu maşını idarə edən gəncin atası mənimlə əlaqə saxlayıb. O dedi ki, razı olmaram, bizim uşağımıza görə sizin övladınızın adı mətbuatda ”avtoş” kimi hallansın və sözü gedən maşının texniki pasportunu KIV-lərdə dərc etmək üçün mənə göndərdi. Mən də sizin vasitənizlə həmin avtomobilin dövlət sənədinin kimə məxsus olduğunu təsdiq edən texniki pasportu nümayiş etdirirəm. Buyurun baxın. Qoy bu yalan xəbərləri yayan o, Eynulla da bu sənədlə tanış olsun. Və əgər vicdanlı jurnalistdirsə, dediyi sözünə əməl edərək jurnalistikaya xələl gətirdiyi üçün bu sahədən getsin”.

Elton Məmmədovun təqdim etdiyi sənəddə maşının sahibi Zaur Mətləb oğlu Bağırov göstərilib. Bu isə avtomobilin etibarnamə əsasında Aynar Məmmədovun idarə etməsi ehtimalı yaradıb. Araşdırma nəticəsində məlum olub ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35″ markalı avtomobil etibarnamə ilə Əliyev Elxan Ibrahim oğluna verilib. Həmçinin bəlli olub ki, həmin avtomobil xeyli sayda qayda pozuntusu törətdiyi üçün yol polisləri tərəfindən cərimə meydançasına qoyulub və Əliyev Elxan Ibrahim oğlu sürücülük hüququndan məhrum edilib.

Eynulla Fətullayevin isə Elton Məmmədovun dediklərinə cavabı belə olub: “Bu şəxs (Zaur Bağırovu nəzərdə tutur) Elton Məmmədovun yaxın çevrəsində olan adamdır. Onun daima kortejindədir. Elton Məmmədovun oğlu Aynar da həmin avtomobili etibarnamə ilə sürür. Sual yaranır: Elton Məmmədov bu şəxsi iki saat içində haradan tapdı? Və tanımadığı adam ona öz avtomobilinin texniki pasportunu nə tez verdi? Digər tərəfdən, görəsən, Elton Məmmədovun adını həyatda bir mülk, ev maşın varmı? Varsa, təqdim etsin. Guya onun yaşadığı o villalar öz adınadır? Dükanları, mülkiyyəti öz adınadır? Bu adam kimi ələ salır? Amma ona qəti sözüm budur ki, oğlu daha bu maşına minməsin, yoxsa şəklini çəkib nümayiş etdirəcəm. Amma bu yazı ilə xalqa bir xidmətim oldu, xalqın əlindən alınmış bir əmlakı elə oliqarxların əlindən alıb xalqa qaytardıq. Elton Məmmədovun yalanını publika.az da ifşa etdi. Indi söz Elton Məmmədovundur. Mandatını qoyub çıxıb getsin”.

Bundan başqa sosial şəbəkələrdə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toy karvanının videosu yayımlanıb. Həmin videodan görünür ki, 10 LR 100 və 10 LZ 100 dövlət nömrə nişanlı markalı avtomobilləri Məmmədovlar idarə edir.

Həmçinin publika.az Zaur Bağırovla araşdırma aparıb və məlum olub ki, o, hazırda Nəqliyyat Nazirliyinin balansında olan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət Iqtisad Universitetinin məzunu olan Zaur Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır.
Hətta Zaur Bağırovla deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var. Sayt həmin fotoları da oxuculara təqdim edib.

“Azadlıq”ın Zaur Bağırov və atası Mətləb Bağırovla apardığı araşdırmalar zamanı maraqlı fakt üzə çıxıb. Elton Məmmədovun təqdim etdiyi sənəddə Zaur Bağırovun qeydiyyat ünvanı Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi ev 65, mənzil 54 göstərilib. Maraqlıdır ki, seçici siyahısında onların ev ünvanı göstərilməyib. Hər iki şəxsin adı 25 saylı Nizami 2-ci Seçki Dairəsinin 15 saylı məntəqəsinin ərazisində yaşayan seçicilərin siyahısında qeyd olunub. Lakin digər seçicilərdən fərqli olaraq onların adlarının qarşısında ev ünvanı yazılmayıb.