Qəzzafi YAP-çıdır

Ləyaqətsizin ləyaqətli gediş istəyi

Qənaətim əsassız deyil. Diktator xalqın və beynəlxalq güclərin qarşısında duruş gətirə bilməyib istefa verəcəyini bildirəndə bu qənaətə gəldim. Çünki bu tip gedişləri Azərbaycanda yalnız YAP-çılar sərgiləyir. 18 ildir…
Bilməyənləri xəbərdar edim ki, Qəzzafi şərtlə istefaya razılaşdığını bildirib. Bu şərtlərdən biri də odur ki, yerinə oğlunun hakimiyyətə gəlməsi, başqa biri isə onun özünün təmtəraqla yola salınmasıdır. Artıq hiss elədim ki, qənaətimdə yanılmadığımı siz də başa düşdünüz.
Maraq üçün Ilham Əliyevin korrupsiyaya qarşı mübarizəsini, inhisarçılara barmaq silkələməsini, lap istəyirsiniz “yumurta müşavirəsi”ni yada salın. Hətta təğyiri-libas olub Bakı kəndlərini gəzməsindən, 3-5 km-lik yolların qırmızı lentini kəsməsindən də danışa bilərsiniz. Qobustanda Ələt, Ələtdə Qobustan sakinləri ilə görüşünəsə, lütfən, lağ eləməyin. Mənə elə gəlir ki, burda bizim anlamaqda çətinlik çəkdiyimiz gedişlər var… Öyrənməyə tələsməyin. “Hər şeyin zamana ehtiyacı olduğunu” isə siz lap çoxdan bilirsiz. Zaman gələcək, amma tezmi-gecmi… bunu demək çətindir. YAP-ın indi zamana ehtiyacı olduğunu dəqiq bilirəm, amma zamanın nə vaxtsa YAP-a ehtiyac duyacağını heç ağlımın ucundan belə keçirmirəm…
Iki gəncin Bakı Dövlət Universitetindən qovulması təkcə Azərbaycanda yox, dünyanın çox yerində dartışılacaq. Bununla bağlı müzakirələr açılacaq. Gənclərin suçu nə? Gənclər özlərinin və yaşıdlarının hüquqları uğrunda mübarizə aparırlar. Qanun bunu onlara qadağan etmir. Ölkə vətəndaşlarının sərbəst toplaşmaq azadlığı konstitusiyada da təsbit olunub. Gənclər də konstitusion hüquqlarından yararlanmaq istəyiblər. Amma fərqinə də varmayıblar ki, onların təhsil aldıqları universitetin rektoru Abel Məhərrəmov YAP-çıdır. Qanunlara təpik atmaqda əvəzi yoxdur. Daha doğrusu partiyalarında belələri çoxdur. O, həm də deputatdır. Baxmayaraq ki, qanun onun ya deputat, ya da rektor olmasını tələb edir. Ikisi bir arada ancaq “Tviks” olur. Hə, bu Abel Məhərrəmov hər iki gənci universitetdən qovub. Səbəbi də sadədir; onların qaibləri var. Dərsə davamiyyətləri zəifdir. Jurnalistika fakültəsində Cahangir Məmmədlinin verdiyi dərslərinə quzu kəsim, ay Abel müəllim. Yeri gəlmişkən, Cahangir müəllimin qızının da AzTV-də gənclərin adından danışdığını deyirlər. Niyə ITV yox, AzTV? Xəyanət baş alıb gedir. O boyda Yayım Şurasının sədri rəhbərlik etdiyi kanalı qoyub hakimiyyətə AzTV-də yarınır. Gənc qismində…
Gənc demişkən, bu ərəfədə sərbəst toplaşmaq azadlığından YAP-çı gənclər də yararlanıb. Amma bir qədər fərqli. Onlar AXCP sədri Əli Kərimlinin evinin qarşısına toplaşıblar. Bu toplaşmaya, şüvən salmağa görə həmin tələbələrin qaibləri silinib. Hətta bəzilərinin kəsirlərinin aradan qaldırıldığı barədə də məlumatlar var. Yaxşı, bu necə olur, ay Abel, Misir müəllim, qanunda aksiyaçılara fərq qoyulması barədə bir kəlmə də yazılmayıb axı. Siz necə müəyyənləşdirirsiz bunu? Yoxsa YAP-ın özünün ayrı qanunları var?..
P.S. Azərbaycanın YAP-lı 18 ili çoxlarına əsrə bərabər görünür, zaman üçün bu illər an məsələsidir. Ağır anlar olsa da. YAP da gedəcək, YAP-çılar da. Tarixdə nə Misir, nə də Abel qalacaq. Amma onların gənclərlə bağlı qərarı həmişə lənətlə xatırlanacaq… Xaqani-33-də otağımın divarından Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlərinin şəkillərini asmışdım. Bizim nəslin nümayəndələri onların adlarını əzbərdən bilirdi. Günlərin birində 17-18 yaşlı gənc şəkillərə diqqətlə baxıb onların kimliyini soruşdu. Bu sual məni diksindirdi. O gənc – müstəqil Azərbaycanın vətəndaşı – Brejnev, Andropov, Çernenko, Kosıgin, Suslov, Qromıko… və başqalarını tanımırdı…