“Azərbaycan Avropada daha çox jurnalisti həbs edən ölkəyə çevrilir”
Beynəlxalq qurumlar jurnalist Rauf Mirqədirovun “casusluq” və “dövlət sirri təşkil edən məlumatı” ötürməkdə ittiham olunmasına və həbsinə münasibət bildiriblər.
Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muiznieks bu xəbəri “narahatlıqla” qarşıladığını, məsələnin “çox problemli” olduğunu “BBC Azərbaycanca”ya bildirib.
“Bu, oxşar həbslər silsiləsinin son nümunəsidir. İlk dəfə deyil ki, Azərbaycan-Ermənistan münaqişəsində vətəndaş diplomatiyasında iştirak etməyə çalışan adam casusluqda ittiham olunur”, – deyə Muiznieks bildirib.
Məsələyə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi də “narahatlığını” ifadə edib. “Biz Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”, – deyə “Azadlıq” radiosu səfirliyin mətbuat xidmətindən sitat verir.
Baş ofisi Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) də Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, jurnalist tez-tez öz şərhlərində Türkiyə və Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid edib: “Ayna-Zerkalo” qəzetində verilən məlumata görə, Raif Mirqədirov qeyri-hökumət layihələri çərçivəsində 1990-cı illərdən diplomatik əlaqələrin kəsildiyi Azərbaycan-Ermənistan arasındakı dialoqlarda iştirak edib”.
Rauf Mirqədirovun Azərbaycanda barmaqlıq arasına salınan 9-cu jurnalist olduğunu vurğulayn JMK onu da əlavə edir ki, Azərbaycan bu ilin may ayında rotasiya qaydasında Avropa Şurasına rəhbərlik edəcək.
JMK-nın Orta Asiya üzrə koordinator Nina Ognianova Azərbaycan hakimiyyətini jurnalistə qarşı təzyiqlərə son qoymağa çağırır: “Azərbaycan getdikcə Avropada jurnalistləri daha çox həbs edən ölkəyə çevrilir”, – deyə o bildirib.