Anar Məmmədlinin dəmir qəfəsdən çıxmasına qərar verildi

Zərərçəkmiş məhkəmədən Anar Məmmədlinin azadlığa buraxılmasını istədi

«Düz deyir, açılıb buraxılsın…»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin rəhbəri Elnur Məmmədov dünən məhkəmə qarşısına çıxarılıb. Xatırladaq ki, adları çəkilən şəxslərə qarşı CM-nin 179 (mənimsəmə), 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 20 nəfər də zərərçəkmiş qismində tanınıb ki, onlardan yalnız üçü məhkəmədə iştirak edib.

Anar Məmmədlinin vəkili Elçin Sadıqov müvəkkilinin dəmir barmaqlıqlar arasından çıxarılaraq, onunla yanaşı əyləşməsini istəyib. Vəkil bildirib ki, məhkəmənin gedişində müvəkkili ilə məsləhətləşmələrə ehtiyac var və bu üzdən onların yaxın əyləşməsi zəruridir.

Məhkəmə vəsatəti təmin edib, lakin dünən hazırlıq iclasının sonuna qədər Anar Məmmədli dəmir qəfəsdən çıxarılmayıb. Hakim bunu belə əsaslandırıb ki, indi hazırlıq iclasıdır, məhkəmə baxışında Anar Məmmədli vəkillərilə yanaşı əyləşəcək.

Elçin Sadıqovun növbəti vəsatəti cinayət işi üzrə icraata xitam verilməsi haqda olub. Vəkil ittihamların hər birinin əsassızlığı sübut edən konkret dəlillər ortaya qoyub: “Bu cinayət işi açıq-aşkar saxta və əsassız olduğundan icraata xitam verilməlidir. Anar Məmmədliyə 19 min 535 manat əlavə vergi, 9767 manat da maliyyə sanksiyası hesablanıb. Halbuki, belə bir vergi öhədliyi yarana bilməzdi. Çünki alınmış vəsaitlər qrant olub və layihələrin həyata keçirilməsinə sərf olunub. Layihənin həyata keçirilməsi üçün icraçılara ödənilmiş məbləğlərdən icraçılar özləri vergi ödəməyi öhdələrinə götürərək, müvafiq vergini ödəyib. Yəni, qrant alan təşkilat və şəxs kimi təqsirləndirilənlərdə heç bir vergi öhdəliyi yaranmayıb. Üstəlik, Azərbaycanla ABŞ arasında 18 iyul 2000-ci ildə bağlanmış Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Sazişə əsasən, Amerikanın yardım proqramları ilə əlaqədar əldə olunanlar vergidən azaddır. Bundan başqa, Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, xaricdən alınan əvəzsiz maliyyə yardımları – qrantlardan da heç bir halda vergi tutula bilməz”.

Mənimsəmə ittihamına gəlincə, Elçin Sadıqov bildirib ki, CM-nin 179-cu maddəsində təqsirkara etibar edilmiş pulun mənimsənilməsindən söhbət gedir. Amma bu işdə kimin pulunun mənimsənilməsindən söhbət getdiyi aydın deyil.

Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədova 308.2-ci maddə ilə elan olunan ittihamda göstərilib ki, onların fəaliyyəti seçkinin nəticələrinin saxtalaşdırılması ilə nəticələnib, ağır nəticələrə səbəb olub. Elçin Sadıqov bildirib ki, nə Anar Məmmədlinin, nə də digər iki nəfərin seçkinin nəticələrini saxtalaşdırmaq imkanı olmayıb. Ona görə də bu ittiham absurddur.

Elçin Sadıqovun vəsatətini digər vəkillər və təqsirləndirilən şəxslər də müdafiə edib. Hakim vəsatətlə bağlı zərərçəkmişlərin fikrini soruşanda maraqlı dialoq yaşanıb.

Zərərçəkmişlər bir ağızdan:

– Biz də müdafiə edirik.

Hakim:

– Nəyi müdafiə edirsiz?

Sahib Rüstəmli:

– Müdafiə tərəfinin dediklərini, düz deyir, açılıb buraxılsın…

Bəşir Süleymanlının vəkili Əlibaba Rzayev və Elnur Məmmədovun vəkili Cavad Cavadov da eyni məzmunlu vəsatətlər qaldırıblar.

Müdafiəçilərdən Fariz Namazlının vəsatəti isə müvəkkili Anar Məmmədlinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı və ya girov qətimkan tədbirilə əvəzlənməsi haqda olub.

Fariz Namazlının daha bir vəsatəti iş üzrə zərərçəkmiş şəxslərin statusuna xitam verilməsi və onların dindirmə protokollarının sübutlar siyahısından xaric edilməsi haqda olub: “Həsən Həsənov istisna olmaqla, digər zərərçəkmişlər ifadələrində Anar Məmmədlidən hər hansı şikayətlərinin olmadığını, gördükləri işlərin müqabilində pullarını aldıqlarını, bununla əlaqədar hər hansı narazılıq yaşanmadığını, bəziləri isə ümumiyyətlə, təqsirləndirilən şəxslərlə hər hansı xidmət və ya əmək münasibətlərində olmadıqlarını bildiriblər. Həsən Həsənova gəlincə, o, istintaqa yalan ifadə verib. Onun bu ifadəsi Nəsimi rayon Polis Idarəsinə verdiyi izahat və şikayət ərizəsilə təkzib olunur. O, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Vəkil Fariz Namazlının digər bir vəsatəti isə SMDTM-in həyata keçirdiyi layihələrdə iştirak etmiş şəxslərin əlavə şahid qismində dindirilməsi barədə olub.

Digər vəkil Əlibaba Rzayev isə vergi aktlarını imzalayan mütəxəssislərin və ekspertiza rəyi vermiş şəxslərin məhkəmədə dindirilməsini istəyib.

Prokuror bütün vəsatətlərə etiraz edib. Zərərçəkmişlər isə müdafiə tərəfi dəstəkləyib.

Müşavirədən sonra hakim hazırlıq iclasının qərarını elan edib. Qərara əsasən, yalnız ekspertlərin və əlavə şahidlərin dindirilməsinə dair vəsatətlər təmin olunub, digərləri isə rədd edilib.

Iş məhkəmə baxışına verilib. Məhkəmə iclası isə 28 aprelə təyin olunub.

Aytən Məmmədova