Nabatəli Qulamoğlu: “Mikayıl Cabbarov artıq başa düşüb ki, nə qədər bu sistem mövcuddur, təhsildə yenilik yaratmaq mümkün deyil”
Təhsil naziri Mikayıl Cabbarovun bu posta təyin edilməsindən bir il ötüb. Misir Mərdanov bu vəzifəni tutduğu illərdə təhsil ən çox tənqidə məruz qalan sahələrdən biri idi. Təhsilin keyfiyyəti, rüşvət, kitab çapında yol verilən korrupsiya əməlləri, həmçinin orta məktəblərdə fond pulu, süpürgə pulu və başqa bu kimi hallar daim geniş müzakirə mövzusu olub. Hazirin dəyişməsi ilə ötən bir ildə bu sahədə müsbətə doğru hansı dəyişikliklər olub?
Təhsil eksperti Etibar Əliyev Mikayıl Cabbarovun bir illik fəaliyyətinin 15 il nazir vəzifəsində çalışan Misir Mərdanovun fəaliyyətilə müqayisəsini aparmağın çətin olduğunu deyir.
Misir Mərdanov Mikayıl Cabbarova çox ciddi problemlər qoyub gedib. Təhsilin bütün pillələri böhran içərisindədir. Funksional savadsızlıq cəmiyyəti bürüyüb. Misir Mərdanov Mikayıl Cabbarovu onun işlərini təftiş etmədiyi üçün durmadan tərifləyir. Bütün bunlara baxmayaraq bir il ərzində görülən müsbət işlər cəmiyyətdə xeyli canlanma yaradıb:
“Ötən tədris ilində buraxılış imtahanlarında kəsirləri olan 9-11 sinif şagirdlərinə attestatlar verildi. O abituriyentlərin bir hissəsi ali məktəblərə daxil oldu. Əslində bu, orta təhsildə qiymətləndirmədə çox ciddi qüsurlarların olmasından xəbər verir. Bu faktdan istifadə edib qiymətləndirmə sisteminin təkmilləşməsinə çalışmaq lazımdır. Bir neçə ali məktəbin Gəncə və Sumqayıt Dövlət universitetlərinin, İqtisad universitetinin rektorunun, Müəllimlər institutunun Gəncə filialının direktorunun vəzifələrindən kənarlaşdırılmasını müsbət işlər sırasına aid etmək olar. İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev işdən kənarlaşdırılmasını müsbət hal hesab etdi və parlament fəaliyyətini rektorluqdan üstün tutdu. Əslində Şəmsəddin Hacıyevin vəzifədən uzaqlaşdırılması faktı başqa böyük ali məktəblərin də rektorlarına şamil edilməli idi. Xüsusilə Bakı Dövlət Universitetinə. Son tələbə etirazları göstərdi ki, bu ali məktəbdə təhsillə bağlı ciddi problemlər var. Müşahidələr göstərir ki, bu ali məktəbin yaxşıya doğru dəyişməsinə heç bir ümid yoxdur”.
Ekspertin sözlərinə görə, təhsilin inkişafı üçün mühüm addımlardan biri də Təhsilin İnkişafı Strategiyasının qəbul olunmasıdır. Artıq strategiya üzərində iş gedir. Təhsil Nazirliyinin rəhbərliyi də hesab edir ki, strategiya təhsilin inkişafına müəyyən təkan verəcək. Mövcud vəziyyətdən çıxış yolu üçün bunu müsbət dəyərləndirmək olar.
Ekspert hesab edir ki, aparılacaq kadr islahatları və keyfiyyətə təminat verən dəyişikliklərə fasilə vermək lazım deyil. Onsuz da cəmiyyətin təhsildən müsbət gözləntiləri çox azdır. Bu, problemlərin çoxluğu ilə bağlıdır. “Builki abituriyentlərin göstəriciləri ötən tədris ilindəki göstəricilərdən bir o qədər fərqlənməyəcək. Çünki məktəb təhsilinin yaxşılaşdırılması istiqamətində hələlik elə də ciddi addımlar atılmayıb. Məktəbəqədər təhsil, orta təhsil peşə təhsili sahələrində ciddi islahatlara ehtiyac var. Kolleclər tamamilə yenilənməlidir. Azərbaycanın ali təhsili 2005-ci ildən Boloniya sisteminə qoşulub. Burada imitasiyadan başqa heç nə yoxdur. Bu proses ali təhsilin inkişafına təsir göstərmədi”. Təhsil Hazirliyinin yeni rəhbərliyi cəmiyyətlə, qeyri-hökumət təşkilatları və təhsil ekspertləri ilə sıx şəkildə çalışmalıdır: “Azərbaycan təhsilinin bütün pillələr üzrə göstəricilərə görə rəqabət keyfiyyəti yoxdur. Dünyada təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri insan kapitalının inkişafına nail olmaqdır. Bizim təhsil sistemi insan kapitalının inkişafına hələlik öz töhfəsini verə bilmir. Məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili bərbad vəziyyətdədirsə, bu işi daha ciddi problemlər yaşayan ali məktəblər yerinə yetirə bilməzlər”.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu yalnız sözlərin dəyişdiyini deyir. Nazir səviyyəsində isə ciddi reaksiyalar yoxdur.
Ekspertin sözlərinə görə, Misir Mərdanov bu mübarizənin mənasız olduğunu və onun gücü daxilində olmadığını anlayırdı. Ona görə də tənqidlərə qısa cavablar verirdi. Mikayıl Cabbarovu vəzifəyə gətirməklə isə hakimiyyət cəmiyyətə mesaj vermək istəyirdi ki, artıq korrupsiyaya bulaşmamış adamlar vəzifəyə təyin edilir, yəni islahatlar aparılır.
Ekspertin fikrincə, Mikayıl Cabbarov bu vəzifəyə razılıq verməyinə peşmandır. Nazirlər Kabinetində son çıxışı daha çox prezidentdən kömək istəməyə bənzəyirdi: “Problemləri elə şəkildə sadalayırdı ki, sanki ondan kömək istəyir. Demək istəyir ki, bir az yuxarı çıxanda məni vururlar. Mikayıl Cabbarov artıq başa düşüb ki, nə qədər bu sistem mövcuddur, təhsildə yenilik yaratmaq mümkün deyil. 5-10 məktəb direktorunu dəyişməklə, kosmetik dəyişikliklər etməklə təhsili düzəltmək mümkün deyil. Mikayıl Cabbarov özü də bunun fərqindədir”.
Ekspert əslində Mikayıl Cabbarovun təhsil sahəsində problemləri aradan qaldıracağı ilə bağlı illüziyaların olmadığını qeyd edir. Bir müddət keçəndən sonra nazir vəzifədən getməyin yollarını axtaracaq.
Fizzə


