Hakimiyyət daxilində çat dərinləşir

«Antikorrupsiya şousu» çərçivəsində qruplaşmalar bir-birlərinin üzərinə gedir

Kəmaləddin Heydərovun çevrəsi Rövnəq Abdullayevlə Ziya Məmmədovu «vurdu»

“Antikorrupsiya şousu”na start veriləndən sonra hakimiyyət daxilində ziddiyyətlərin kəskinləşdiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, iqtidar daxili qruplar şoudan istifadə edərək bir-birlərini zərərsizləşdirmək istiqamətində aktiv fəaliyyətə başlayıblar. Bu sırada xüsusilə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qrupları göstərmək olar. Tərəflər “antikorrupsiya şousu” başlayandan bir-birlərinə qarşı açıq hücuma keçiblər.

Əldə etdiyimiz məlumatlara görə, son günlər hakimiyyət daxilində yaranmış çat daha da dərinləşib. Iqtidara yaxın mənbə bildirib ki, qruplar “antikorrupsiya şousu”nun xırda həbslər və işdən qovulmalarla yekunlaşmayacağının fərqindədirlər: “Düşünürlər ki, şounun daha da effektiv alınması üçün hansısa qrup qurban verilə bilər. Əslində belə bir gözlənti var. Hakimiyyətin yuxarı pilləsində belə qənaətə gəliblər ki, korrupsiyaya qarşı başlanılan ”mübarizə” istənilən effekti verməyib. Əhali bunun görüntü olmasının fərqindədir. Ona görə də şounu daha inandırıcı etmək üçün radikal addımlar atılmalıdır. Bu istiqamətdə isə ilk olaraq yüksək ranqlı məmurlardan bir neçəsi həbs olunmalıdır. Hakimiyyətdaxili qruplar da təhlükəni özlərindən dəf etmək üçün bir-birlərinə qarşı tələ qururlar”.

Bu arada Milli Məclisin deputatı Gülər Əhmədovanın “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədəki fikirlərini də qeyd etmək yerinə düşər. Gülər Əhmədova müsahibədə ad çəkmədən bəzi nazirləri hədəfə alıb. “Bəzi nazirlərin abır-həyası olsa, istefa verib, gedər”, – deyə deputat bildirib.
Nəzərə alsaq ki, Gülər Əhmədovanın Ramiz Mehdiyevin qruplaşmasına daxil olduğu bildirilir, o halda onun fikirlərinin PA rəhbərinə rəqib olan məmurlara ünvanladığını söyləmək olar.
Bundan başqa Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən politoloq Cümşüd Nuriyev və deputat Qüdrət Həsənquliyev də “fövqəlnazir”in rəqiblərinə hücuma keçib.  
Cümşüd Nuriyev “Şərq” qəzetində nəqliyyat naziri Ziya Məmmədovu hədəfə alıb. O, nazirin oğlu Anar Məmmədov üçün dəbdəbəli toy etməsini yolverilməz sayıb: “Ilk növbədə bunun mənbəyi ilə maraqlanmaq lazımdır ki, bu şəxs o qədər vəsaiti haradan qazanıb. Hamıya məlumdur ki, hazırda ən böyük investisiyalar yol çəkilişlərinə, şəhər nəqliyyatının yenilənməsinə qoyulur. Və bununla eyni vaxtda görünən budur ki, hazırda ölkədə dövlət məmurları ən varlı iş adamlarıdır. Bu qədər qaçqınımız, köçkünümüz var, sosial vəziyyəti həddən aşağı olan insanlarımız var, ölkəmizin həlli vacib problemləri var. Amma məmurlar pulları ”ulduz”lara sərf edirlər”.

Politoloq bunu korrupsiyaya qurşanmış məmurlara qarşı cəzasızlıq mühitinin hökm sürməsi ilə izah edib.
Qüdrət Həsənquliyev isə APA-ya müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi tənqid edib. O, ARDNŞ prezidentini Ilham Əliyevin fikirlərini öz istədiyi kimi yozmaqda və yaxud tapşırıqlara əməl etməməkdə suçlayıb: “Hesab edirik ki, ilk növbədə Prezidentin fikirlərini öz istədikləri kimi yozan və yaxud əməl etməyən məmurlar azad edilməlidir. Məsələn, neft pullarının 2 milyardının sahibkarlara aşağı faizlə kreditlərin verilməsi üçün Azərbaycan banklarında yerləşdirilməsi ilə bağlı tapşırıq yerinə yetirilmir. Həmçinin evlərin sənədləşdirilməsiylə bağlı tapşırıqdan sonra Neft Şirkətinin rəhbəri yalnız onların icazə verdiyi evlərin sənədləşdiriləcəyini deyir… Prokurorluq araşdırmalıdır ki, bu icazələr hansı əsaslarla verilib. Yaxud necə olur ki, insanların bir hissəsinə icazə verilir, başqa bir hissəsinə isə yox. Maraqlıdır ki, sənədsiz evlərin sənədləşdirilməsilə bağlı məsələ gündəliyə gələndən sonra Neft Şirkəti evlərin sökülməsini daha da sürətləndirib”.

İnformasiya şöbəsi