Əliyevin aclar və acgözlər dilemması

Aclar bir neçə gündür ki, aclıq edir, acgözlər isə onillərdir yeyirlər, amma doymurlar

O gecə hər şey qorxulu idi. 1995-ci ilin martı, bitməyən qışla gəlməyən yazın arasında üşüyürdü bütün məmləkət. Heydər Əliyev onu sevməyən hər kəsə “OMON-çu” deyib, dama basdırırdı. Gözümün qabağında nə çıraqlar söndürdü… Qonşumuzda bir Iltifat vardı. 24 yaşında. Toyu 94-cü ilin payızında olmuşdu. Milli Orduda qulluq edirdi. Iki günlük evə gəlmişdi. Onu da həbs elədilər. Küçədə bir “qulaq”ın yanında demişdi ki, “OMON-çulara güllə atanlar azərbaycanlı deyil”. Iltifat 6 il sonra vərəmlə çıxdı türmədən və qızını cəmi bir həftə görə bildi…

Bunu niyə yazıram, heç bilmirəm. Hər dəfə bu rejim qəlbimə toxunan bir addım atanda iliyimə işləyən, uşaq yaddaşımda qabarlayan başqa bir əzazilliyini xatırlayıram. Əliyevlər  kimisindən gəncliyini, kimisindən qocalığını, bizdən isə ömrümüzü çaldı, çalacaq.

Bizimkilər hansılardı?

Sovet dövründə bir sezon yaşayan hamı bilir bunu. Uşaq vaxtı müharibə filmlərinə baxanda böyüklərdən həmişə eyni şeyi soruşardıq: “Bizimkilər hansılardı?” Beləcə, bizə həmişə elə gəlirdi ki, tək düşmən faşizmdir, qalan hamı bizim  tərəfimizdədir. Sonradan sağ, sol, mərkəz ideyaları yarandı – Azərbaycana ayaq açdı. Amma nə yarandısa, nə öldüsə, faşizmin qarşısında yarandı, faşizmin qarşısında öldü.

Illər ötüncə, insan böyüyür, bəlkə də dəyişir, ya da başqa şeylərə ilişir nəzərləri. Lakin keçmişdə elə şeylər var ki, kötüklü kol kimidir, üstü quruyub yox olsa da, altı həmişə nəyəsə ilişir, mane olur. Və bir gün münbit şərait tapan kimi yenidən pöhrə verir. Əliyevlər xanədanı da Azərbaycan tarixində buna bənzədi – bir müddət üstü qurudu, yenidən fürsət tapanda ölüm sarmaşığı kimi məmləkəti sardı.

Faşizm də belədir. Daha doğrusu, bu da elə yozlaşmış faşizmdir. Özündən başqa heç kimə yaşamaq haqqı tanımayan, hər cür yarışın sonunu ölümlə bitirən ideya, düşüncə  faşizmdən başqa nə ola bilər ki?!

Faşizm təkcə ölkələri zəbt etmək, millətləri, irqləri yer üzündən silmək deyil. Faşizm, çiçəkləmiş ağacları kəsib,  yerində quru çubuq basdırmaq, işıqlı gəncləri zindana atıb,  aydın gələcəkdən danışmaqdır. Bir sözlə, faşizm özünə nifrət edənlərin, yarımçıqların, yarıtmazların, heç kimlə yanaşı durmağa, yarışmağa cəsarəti çatmayanların həyat və mübarizə fəlsəfəsidir – əliyevçilikdir.

Köksümzdə bir həyəcan!

Heydər Əliyev Fondu Strasburqda kilsə təmir etdirdiyi günlərdir. Biz Nərmin Hüseynli və Vüqar Feyzullanı itirdik. Hələ neçə-neçə, səsi bizə gəlib çatmayan gənclərimiz, ahıllarımız bir dərman ucbatından dünyalarını dəyişirlər.  Azərbaycan hökuməti isə hakimiyyətinin ömrünü bir az da uzatmaq üçün bu xalqın sərvətlərilə qoca Avropanın uçmuş divarlarına can verir. O Avropanın ki, qara kürü yemək üçün satdığı dəyərlərini bu gün zindanlarda aclıq edən Azərbaycan gəncliyi yaşadır. Yanlış anlaşılmasın, burada kontekstə görə, bəlkə də “Azadlıq” Avropa dəyəri kimi təqdim olundu. Amma o bəşəri dəyər ki, onun uğrunda dünyanın hər tərəfində savaş gedir. O, onun üçün ən çox savaşanın, onun üçün ən çox məhrumiyyət yaşayanın, onu satmayanın dəyəridir. Çünki bir dəyər mütləq və mütləq satılmadıqca dəyərdir. O dəyər Rəşadətin körpə balasınındır. Şahinin, Məhəmmədin dəyəridir, Zaurun haqqıdır, Rəşadın alın yazısıdır, Üzeyirin intellektinin süzdüyü zərurətdir, Ilkinin cəsurluğunun payıdır. Köksümüzdəki tək həyəcan bu gənc qardaşlarımızın  zindanlarda növbəti dəfə meydan oxumasıdır. Tarix həm də ona görə elmdən başqa, ayrıca bir sosioloji fenomendir ki, o, yazılmayan şeyləri də yaşada və ötürə bilir. Biz çox eşitmişik hökmə meydan oxuyanlar haqqında. Bu, tarixin bir dönəmində Avropanın qərbində, başqa dönəmində Uzaq Şərqdə, bir zamanlar Amerikada, indi isə Azərbaycanda yaşanan fenomendir. Indi Xeyirlə Şər bizim ölkəmizdə bir-birini mühakimə edir. Qaliblər isə fələyin hökmünə meydan oxuyanlardır.

Aclar və acgözlər dünyası

Dünya bir zamanlar qullar və quldarlar olmaqla, iki zümrəyə bölünürdü. Indi isə bölgü tamam başqa cürdür – aclar və acgözlər. Aclar bir neçə gündür ki, aclıq edirlər, acgözlər isə onillərdir yeyirlər, amma doymurlar. Aclar başqalarının qarnının doyması üçün savaşırlar, acgözlər isə başqalarının  sonuncu tikəsini də əlindən alıb qamarlamaq, tıxışdırmaq üçün.

Siz heç küçədə tumsatan görürsünüzmü? Düşünün, bir neçə il əvvəllə müqayisədə nə qədər tumsatan görsəniz, bilin ki, bu ölkədə sonuncu tikəsi əlindən alınmayan nə qədər məzlum var. Bu aclar həm də onlar üçün savaşırlar. Və bu gün aclıq eləməkləri də bir qarın yemək üçün deyil, bir dünya azadlıq  üçün, heç tanımadıqları insanların firavanlığı üçündür. Aclar insanları sadəcə, insan olduqları üçün sevənlərdir,  acgözlər isə insanlara onlara “şərik” olduqları üçün nifrət edənlərdir.

Bu bölgü təkcə yeddi gəncin məhkəməsindən sonra yaranan bölgü deyil. Bu, tarixin mühakiməsilə Xeyir və Şərin tərəfində olmaqla bağlı seçim edənlərin bölgüsüdür. Bu, “öz həyatımı yaşayım” deyə, bir şüşədən süzülüb qalan yağış damlası ilə okean yaratmaq üçün özünün üstündən xətt çəkən başqa cəsur damlaların bölgüsüdür. Bu, yaşamağı xoş anılmaqda, ölməyi körpələrin ahını qazanmaqda görənlərlə, dünyanı yalnız və yalnız yeməkdə görənlərin bölgüsüdür. Bu, həyatın sonuna inanmayanlarla dünyanın sonuna inanmayanlar arasında olan bölgüdür.

Yaşamaq çətin deyil

Yaşamaq çətin deyil, həm də bizim kimi yaşamaq. Doğruya inanmaq, ancaq onun arxasınca getmək. Düzü, heç nəyə güzəştə getməmək. Bilənlər bilir ki, bu necə gözəl bir duyğudur. Məsələn, sənə guya, ədalətli hökm oxuyan hakimin gözlərinə baxıb gülümsəmək və onun başını aşağı salması elə tarixin hökmü deyilmi?

Qəlbimiz zindan olmasın, biz zindanlarda olsaq da olar,  qardaşlarım!