Əliyev ərəb avtoritarlarının yolunu gedir

Hakimiyyət beynəlxalq strukturlarla açıq savaşa başlayıb

İctimai Palatanın 2 aprel aksiyasından sonra beynəlxalq strukturların Azərbaycan hakimiyyətinə yönəlik sərt bəyanatları iqtidar ideoloqlarının narahatlığına səbəb olub. Lakin hakimiyyətin başbilənləri nəticə çıxarmaq əvəzinə ərəb ölkələrində artıq tarixin arxivinə göndərilmiş avtoritar rejimlərin yolu ilə gedir. Misir “fironu” Hüsnü Mübarək, Tunis diktatoru Ben Əli də etiraz edən xalqa qarşı güc tətbiq etdiyinə görə beynəlxalq təşkilatların sərt tənqidinə tuş gəlmişdi. Onlara da xalqın iradəsilə hesablaşmaq, etiraz edən insanlara güc tətbiq etməmək tövsiyə olunmuşdu. Lakin nə Hüsnü Mübarək, nə Ben Əli bu tövsiyəyə əməl etdi. Əksinə, beynəlxalq aləmə meydan oxumağa başladılar. 
Azərbaycan hakimiyyəti də eyni addımları atır. YAP hakimiyyəti 2 aprel aksiyasındakı zorakılığı pislədiyinə görə, ATƏT, ABŞ Dövlət Departamenti və digər beynəlxaq quruluşlara müharibə elan edib. Hakimiyyət rəsmiləri bir-birinin ardınca beynəlxalq strukturların ünvanına sərt ittihamlar səsləndirirlər.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bir qədər də qabağa gedərək ATƏT-in mövqeyini çürümüş mövqe adlandırıb. O, jurnalistlərə açıqlamasında deyib: “ATƏT son parlament seçkilərini izləmək üçün Azərbaycana 500-dən artıq nümayəndə göndərdi. Demək istəyirəm ki, bunların mövqeyi çürümüş, ölmüş bir mövqedir, bu qurum qeyri-hökumət təşkilatı səviyyəsinə enmiş bir təşkilatdır və onun verdiyi bəyanatların heç bir əhəmiyyəti yoxdur”.
Siyavuş Novruzov əlavə edib ki, nə Qərbin, nə də ATƏT-in dəyəri qalıb: “Hansı ki, demokratiya, insan hüquqları ilə bağlı dəyərlər var, onlar ABŞ-dan tərəfindən tamamilə itirilib. Onların nə demokratiyadan, nə də insan hüquqlarından danışmaq haqqı var”.
Bundan başqa iqtidaryönlü deputat Fazil Mustafa da Dövlət Departamentinin hesabatına münasibət bildirərkən kəskin ifadələr işlədib. “Dövlət Departamentinin belə mövqeyi axmaqlıqdan başqa bir şey deyil”,- deyə o, bildirib.
Bu açıqlamalar hakimiyyətin beynəlxalq aləmlə açıq savaşa başladığını göstərir. Lakin burada bir maraqlı məqam var. Bir tərəfdən beynəlxalq strukturların ünvanına olmazın ittihamlar səsləndirən Azərbaycan hakimiyyəti, digər tərəfdən Qarabağ məsələsində həmin təşkilatlardan yardım istəyir. Məsələn, əgər ATƏT Siyavuş Novruzovun iddia etdiyi kimi qeyri-hökumət təşkilatı səviyyəsinə enmiş bir qurumdursa, o halda nədən hakimiyyət Qarabağ məsələsində bu təşkilatdan ikiəlli yapışıb? Bu ziddiyyət əlbəttə ki, ATƏT-in, yeni zamanda digər beynəlxalq strukturların  demokratiya məsələsində tutduğu mövqe ilə bağlıdır. Hakimiyyət geriyə yol olmadığını görüb, dünyaya meydan oxumaqla ömrünü bir qədər də uzatmağa çalışır.

İnformasiya şöbəsi