qenimetzahid-yeni

Siyasətin üzərində Maydanın zəhmi davam edir

Maydandan yorulmuşlar və yorulmamışlar arasında əsəb savaşı davam edir

Qənimət Zahid

Aprelin 17-də Rusiya-Ukrayna-ABŞ-AB arasında fasiləsiz olaraq davam edən 7 saatlıq dördtərəfli danışıqlardan sonra tərəflər, nəhayət razılığın əldə olunduğunu bildirdilər. Bu razılaşmanın əsas bəndi Ukraynanın şərqinə aid məsələləri əhatə edir. Bu normaya əsasən Ukrayna və Rusiya bu bölgədə silahlı qarşıdurma yarada biləcək bütün səbəblərin aradan qaldırılmasını öhdələrinə götürürlər. Yəni Rusiya Ukraynanın şərqinə yerləşdirdiyi silahlı və silahsız təxribatçıları oradan çıxarır, Ukrayna isə bu bölgədə antiterror əməliyyatlarını dayandırır, böhranın siyasi həlli üçün münbit zəmin yaradılır.

Cenevrə yalnız atəşkəs deməkdirmi?

Bu razılaşma birmənalı qarşılanmayıb. Problemlə ilgilənən bir çox tərəflər hesab ediblər ki, Rusiya bu anlaşma ilə vaxt udmaq və beynəlxalq təzyiqlərdən müvəqqəti də olsa yayınmaq üçün fasilə əldə etmək niyyəti güdüb. Məsələn, Gürcüstanın keçmiş prezidentui Mixail Saakaşvili elan edib ki, Rusiya bu anlaşmaya əməl etməyəcək. ABŞ prezidenti Barak Obama da bu anlaşmaya əməl olunacağına dolayısı ilə şübhə etdiyini bildirərək deyib ki, ABŞ prosesin gedişinə ciddi nəzarət edəcək.

Ukraynanın daxilindəki siyasi qüvvələr də bu anlaşmanı birmənalı qarşılamayıblar. Bir çox qüvvələr belə hesab ediblər ki, hökumət bu anlaşmaya imza atmaqla Rusiya qarşısında geri çəkilib, çünki antiterror əməliyyatlarının dayandırılması Şərqi Ukraynadakı Rusiyapərəst çevrələrə öz fəaliyyətlərini başqa müstəvidə də olsa davam etdirməyə imkan yaradacaq və bu fəaliyyət prezident seçkilərinin baş tutmamasına gətirib çıxa bilər.

Yanukoviçin qəlpələri

Ukraynanın taleyi isə bu prezident seçkilərindən çox asılıdır. Seçkilərin pozulması orada qanuni hakimiyyətin olmadığını bəhanə gətirərək rusdillilərin müdafiəsi kimi absurd devizlə ölkənin suverenliyinə müdaxilə edən Rusiyanın imkanlarını artırır.

Rusiya bu fəaliyyəti qovulmuş prezident Yanukoviçin Regionlar Partiyasının bəzi çevrələri, Şərqi Ukraynadakı agenturası və bu bölgəyə yeridə bildiyi təxribatçılar vasitəsilə aparmaqdadır.

Regionlar Partiyası Yanukoviçdən imtina etsə də, bu partiyanın salamat qalmış qəlpələrində müəyyən pozucu fəaliyyət davam etməkdədir. Doğrudur, partiya hətta Rusiyanın qanuni hesab etmədiyi bu prezident seçkilərinin legitimliyini də qəbul edib və öz namizədini irəli sürüb, amma bu partiyada hələ də Ukraynaya qarşı təxribatların episentrlərindən biri olaraq qalmaqdadır.

Şokoladlı seçki

Ukrayna prezident seçkilərinə hazırlaşır və buna görə də daxili siyasi rəqabətin qızışacağı mərhələ hələ qabaqdadır. Bu mərhələdə eyni zamanda, daxili siyasi düşmənçilik də tüğyan edəcək.

Ölkədə seçkilərin favoriti sayıla biləcək lider namizəd yoxdur və buna görə də seçkilərin ikinci turu qaçılmaz görünür. Bu o deməkdir ki, qeyri-müəyyən durum mayın 25-dən sonra da davam edə bilər.

Hələlik, rəqabətin əsasən iki namizəd arasında getdiyi barədə təsəvvürlər möhkəmdir. Bunlar Yanukoviçin həbsxanaya atdığı və o qovulandan sonra həbsxanadan çıxan Yuliya Timoşenko və bir zamanlar Timoşenko hökumətində, daha sonra isə bir müddət Yanukoviç hökumətində təmsil olunan deputat-biznesmen, şokolad istehsalçısı Pyotr Poroşenkodur.

Sosial sorğuların nəticələri göstərir ki, deyəsən, uzun müddətdir Ukrayna siyasətinin liderlərindən olan Yuliya Timoşenko özünün siyasi qürubunu yaşayır. Poroşenkonun seçkilərdə qalib gəlmək şansları isə daha böyükdür. Hazırda prezidentliyə namizədliyini irəli sürmüş başqa bir namizədin – Anatoli Qritsenkonun oğlu Aleksey də təqribən belə mənzərəni təsvir edir… “Poroşenko, Timoşenko və mənim atam”.

Son rəy sorğularına görə Poroşenko 24,9, Timoşenko isə 8,2 faiz seçici rəyinə iddia edə bilərlər. Amma Timoşenkonun liderlik etdiyi “Batkivşina” (Vətən) partiyasının səsləri daha çoxdur -15 faiz. Poroşenkonu dəstəkləyəcək “Solidarnost” patiyasının reytinqi isə onun özünün reytinqindən 10 faiz geridə qalır. Yəni Poroşenko daha populyardır və əlavə olaraq, namizədlərdən hansı iləsə blok yarada biləcəyi halda ikinci turu qeyd-şərtsiz qazana biləcək.

Inqilab nahar fasiləsindədir…

Indi Kiyev nahar fasiləsinə çıxmış iş yerini xatırladır. Özəlliklə də Maydan. Inqilab günlərini bütün atributları yerli-yerindədir. Heç nəyə toxunulmayıb. Barrikadalar, Berkut hissələrinin hücumunu əngəlləmək üçün yaradılan döngələr, çadırlar, divarlardakı güllə yerləri,.. hətta Maydanın mühafizləri də,.. hər şey inqilabın sanki müvəqqəti olaraq donub qaldğını andırır. Insanların inqilabdan yorulduğunu söyləmək isə hələ tezdir. Baxmayaraq ki, şəhərdə normal iş və həyat ritmi bərpa olunmaqdadır, Mərkəzi Xreşşatik küçəsində donub qalan Inqilab atributları siyasi qüvvələrə və liderlərə barmaq silkələyirmiş kimidir. Aprelin 17-də Cenevredə qəbul edilən anlaşma bu baxımdan narahatlıq doğurur. Cənub-Şərqi Ukraynada hökumət situasiyaya tam nəzarəti bərpa edə bilməyib. Hətta ehtimal etsək ki, Rusiya və ruspərəstlər bu regionda silahlı təxribatlara son qayacaqlar, mülki təxribatların davam etməyəcəyinə təminat yoxdur. Bu zamankı davranışlarında xüsusi qabiliyyət nümayiş etdirə bilməyən hökumətin də Cənub-Şərqi Ukraynada siyasi sabitliyi bərpa edə biləcəyi sual altındadır.

Separatizmin faizləri

Orada isə vəziyyət rəqəmlərlə belə ifadə olunur: Ukraynanın cənub vilayətlərində Avropa Birliyi tərəfdarları əhalinin 26 faizini, Gömrük Birliyi (Rusiya) tərəfdarları isə 53 faizi təşkil edir. Şərq vilayətlərində bu göstəricilər uyğun olaraq, 24 və 43 faizdir. Rus dilinə dövlət dili statusu verilməsini Cənubda 46 faiz, Şərqdə 38 faiz, ayrılıqda götürsək, Donbasda 60 faiz istəyir. Ukraynanın federallaşmasını Cənub vilayətlərində əhalinin 37 faizi, Şərq vilayətlərində 33 faizi, Donbasda isə 60 faizi tələb edir.

Bu göstəriciləri istənilən formada şərh etmək olar. Pozitiv və ya neqativ olaraq. Amma bunlar əhali arasında separatçılığın vüsət almasının göstəricisidir və bu situasiyanı dəyişmək üçün əhalinin Rusiya tərəfdarı olmayan hissəsini maksimum səfərbər etmək tələb olunur. Amma məsələ burasındadır ki, bu regionlarda qeyri-rus əhalinin siyasi aktivliyi olduqca aşağı səviyyədədir, Regionlar partiyası xaricində başqa partiyaların təmsilçiliyi də qənaətbəxş durumda deyil. Buna görə də Cenevrə sazişinin yaratdığı dinclik dövründə bu faiz göstəricilərini Rusiyanınmı, yoxsa Ukraynanınmı öz xeyrinə dəyişə biləcəyi aydın deyil. Ruspərəstlərin niyyətləri isə aydındır. Onlar Krım sindromunu təkrarlamaq istəyirlər. Bu zamana qədərki iğtişaşlar zamanı irəli sürdükləri tələblər də bunu göstərir. Bu tələblər Ukraynanın bütövlüyünə qəsd kimi dəyərləndirilir, vəssalam. “Ukrayna federallaşmalıdır”, “Şərq vilayətləri Rusiyaya birləşdirilməlidir”, “Qanuni prezident geri gətirilməlidir” kimi tələblərin Putinin siyasi mətbəxində hazırlandığı şübhə doğurmur.

Sadəcə olaraq, ümid etməyə dəyər ki, Ukrayna hökuməti bu regionda qeyri-rus əhalini fəallaşdırmaq üçün prezident seçkiləri kampaniyasından yararlana bilər.

Yerin altındakı Vətən

Məsələ burasındadır ki, buradakı passiv narazılığa baxmayaraq, hətta Rusiya da “AntiMaydan” ideyasını kütləvləşdirə bilməyib. Bu vilayətlərdəki etiraz aksiyalarında ən çoxu 10-12 min insan iştirak edib. Donetskidə taksi sürücüsü Vitaliy bildirir ki, “Antimaydan dələduzlar və dolandırıcılar üçün fürsət idi. Bir çoxları fikirləşdilər ki, orada Putinin pullarını paylayırlar və buna görə də qabağa düşmək istədilər”. Keçmiş hərbçi, milliyyətcə ukraynalı olan Aleksandr isə “Bu vilayətlərdə adamlar ömürlərinin az qala hamısını yerin altında keçiriblər və oradan kömür çıxarıblar. Vətən onlar üçün yerin altında başlayır və elə oralarda da bitmiş sayılır. Bu adamların patriotizm duyğularına təsir etmək mümkün deyil, çünki bu duyğular, sadəcə olaraq, yoxdur… ya da elə orada, yerin altındadır”.

Bəs pullar? Putinin pulları, yəni? Doğrudanmı, Rusiya orada əhalini qızışdırmaq üçün hansısa pulları paylayır?

Bəli, orada siyasi pul dövriyyəsi var. Amma bu pullar Putinin deyil. Ukraynada ümumi təsəvvür belədir ki, bu prosesləri Yanukoviçin pulları hesabına maliyyələşdirirlər. Onun Ukraynadan nə qədər pul və qızıl oğurlayıb apardığını dəqiq bilən yoxdur. Amma lap bu günlərdə elan edildi ki, keçmiş prezident Yanukoviçin və keçmiş baş nazir Azarovun ailəsinə dəxli olan 20-dən artıq Ukrayna bankı hələ də şıdırğı fəaliyyət göstərir və onların dövriyyəsinə nəzarət üçün qərarlar qəbul edilməyə başlayıb…

Kiyev-Donetsk