Pənah Hüseyn, Tahir Kərimli və İxtiyar Şirinov MTN-də nə edib?
1992-ci ilin oktyabrında Milli Məclisdə “KQB agenetləri” ilə bağlı müzakirələri qaldığımız yerdən təqib edirik.
Söhbətimiz o yerə çatıb ki, Milli Məclis üzvləri “KQB”nin arxivlərinə “əl gəzdirilməsi” barədə fikirlər səsləndirir, heç təhlükəsizlik naziri də bu faktı danmır.
“KQB” arxivi nə qədər məxfidir?
Aydın olur ki, “KQB” arxivləri heç də obrazı kimi topdağıtmaz deyilmiş. Yəni, bağlı hesab olunan arxiv əslində, heç də bağlı deyilmiş. Və ya o dövrdə DTK-KQB mövzusunda bir çox məqalələr yazmış vəkil Adil Ismayılovun (yeri gəlmişkən, ötən sayımızda Adil müəllimin adı səhvən Aslan kimi gedib. Yanlışlığa görə adıçəkilən şəxslərdən və oxuculardan üzr istəyirik) təbirincə desək, arxiv bağlı olub, amma kimə və nə qədər?
Nazir Fəxrəddin Təhməzovun sələfi, Ayaz Mütəllibovun zamanında DTK-ya rəhbərlik etmiş Ilhüseyn Hüseynov da həmin vaxtlar mətbuata açıqlamasında “KQB”nin bir sıra materiallarının arxivləşdirilmədiyini, yandırılaraq ləğv edildiyini deyib.
Fərq ondadır ki, cəbhənin çekistləri deyirdilər, DTK bunu öz çirkin işlərini ört-basdır etmək, 20 yanvar qırğınının baiskarlarını gizlətmək üçün edib, Ilhüseyn Hüseynov isə bu əməlin qanunun tələbindən irəli gəldiyini göstərirdi.
Qeyd edək ki, Ilhüseyn Hüseynov 1991-ci ilin sentyabrından 1992-ci ilin mayınadək “KQB”yə rəhbərlik edib. “KQB” arxivlərinə indi haqqında danışdığımız müdaxilə isə ondan əvvəlki nazir Vaqif Hüseynovun zamanına təsadüf edir.
Nazir: “Sənədləri yandırmışıq”
Indi isə Ilhüseyn Hüseynovun fikirlərinə yer ayıraq: “Mərkəzə (Moskvanı nəzərdə tutur – N.G.) göndərilən şifrteleqramların məzmunu barədə mənə heç nə məlum deyil. Həmin şifrteleqramların məhv edilməsində isə qanunsuz bir şey görmürəm. Başqa sənədlər kimi, şifrteleqramların da saxlanma müddəti xüsusi təlimatla müəyyən edilir. Təlimata əsasən, şifrteleqramın göndərildiyi ünvana çatması barədə məlumat daxil olduqdan sonra onun mətni məhv edilməlidir. Burada məqsəd şifrin ələ keçməsinin qarşısını almaqdır”.
Bu fikirlər nazirin 1992-ci ilin yanvarında “Azadlıq” və “Müxalifət” qəzetlərinə verdiyi müsahibədə əksini tapıb. Göründüyü kimi, o, çox güman ki, bilərəkdən “KQB”nin arxiv sənədlərinin məhvini qanuni saymaqla bərabər, miqyasını da şifrteleqramlara qədər məhdudlaşdırır. Yəni, bizə məlum olan sənədlərdə Mütəllibovun naziri “agent” məlumatlarının məhv edilməsi barədə təkzib söyləməyib. Bu mövqe əslində, dolayısıyla təsdiq də sayıla bilər.
Deputat ol, agentlikdən canın qurtarsın…
Sülhəddin Əkbərov isə Milli Məclisdəki çıxışında məhv edilən sənədlərin daha geniş və maraqlı spektrini verib. O bildirib ki, 20 yanvar hadisələrindən sonra SSRI DTK-sı ilə əməkdaşlıq edən agentlərin şəxsi işləri yandırılıb: “1988-ci ildə hərəkatın başçıları arasında da agentlik edənlər olub və onlar ancaq şifahi məlumatlar veriblər. Keçmiş SSRI-DTK-nın əmrinə əsasən, deputat seçilən, yüksək vəzifələrə keçən agentlərin də şəxsi işləri dərhal uçotdan çıxarılaraq yandırılıb”.
Vaqif Hüseynov müəmması
Yeri gəlmişkən, Milli Məclisin 22 oktyabr tarixli sessiyasında keçmiş DTK şefi Vaqif Hüseynovun bir çox agentura şəbəkəsi barədə məlumatlı olduğu və bundan fitnəkar məqsədlər üçün istifadə etdiyi qeyd olunur. Nazir müavini Sülhəddin Əkbər isə arxayınçılıq yaradır ki, belə hallar təsdiqlənsə, Vaqif Hüseynov məsuliyyətə cəlb olunacaq. Sonradan AXC hakimiyyəti Vaqif Hüseynovu məsuliyyətə cəlb edir – o, həbs olunur. Amma Hüseynov Heydər Əliyevin hakimiyyətə gəlişi ilə azadlığa çıxır və bu gün çoxlarının xəbəri yoxdur ki, o hətta 3-4 gün müdafiə naziri də olur. Sonra Heydər Əliyevlə aralarında nə baş verirsə, ikinci Moskvaya qaçır və onun mühacirəti bu günə qədər də davam edir.
Pənah Hüseynov MTN-də
Çox uzaqlara getdik, bizi Milli Məclisdə deputatlar gözləyir. Deputatlar nazir Təhməzovdan xəbər alırlar ki, bəs indi heç olmasa, agentura məlumatlarının məxfiliyi barədə əminliklə danışmaq olarmı? Nazir deyir ki, o, iş başına keçəndə – mayın 16-da arxivlər möhürlənibmiş. Bəs “KQB” arxivinin möhürlənməsi kimi məsul bir işi kim görüb?
Nazirin cavabı: “Sizin göndərdiyiniz adamlar – Ixtiyar Şirinov, Tahir Kərimli, Pənah Hüseynov”. Dövri mətbuatda bu şəxslərin adını arxivlərin açılmasına mane olanlar sırasında sıx-sıx görmək olar. O dövrün müxaliflərinin, tənqidçilərinin rəylərinə görə, məhz bu adamların arxivdə tanış olduğu mənzərə arxivlərin açılmasıyla bağlı qətiyyətli addımlar atılmasını ləngidir. Hətta belə iddialar da var ki, onlar özlərinə sərf etməyən sənədləri DTK-dan rədd ediblər.
Bunların hamısı ehtimallardır. Lakin razılaşmamaq çətin olan bir vacib tənqid var. Onu məşhur vəkil Adil Ismayılov elə həmin vaxt (18 iyul 1992-ci il, “Müxalifət” qəzeti) “DTK-MTN-də islahat aparmaq mümkündürmü?” adlı məqaləsində yazıb: “Nazirliyin bəzi əməkdaşlarının dediyinə görə, MTN-nin arxivləri və şöbələrini möhürləyənlərin naşılığına qibtə etmək olardı. Çünki əməliyyatı həyata keçirənlərin heç birinin nazirlik və onun işi barədə ümumi də olsa, anlayışları olmamışdı. Elə buna görə də Ilhüseyn Hüseynovun tərəfdarları bir sıra mühüm sənədləri məhv etməyə imkan tapmışdılar”.
***
Bütün yazılanları ümumiləşdirsək, onların üzərində Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkənin və MTN-nin başına hansı oyunları gətirdiyini təsəvvür etsək, onu da nəzərə alsaq ki, Əliyevin bir çekist naziri – Nəriman Imranov bir müddət Rusiyaya qaçıb gizlənib, onda “vay bizim arxivlərin halına” deməkdən başqa çarəmiz qalmır. Lakin bunu da unutmaq olmaz, geniş səma altında heç nə gizli qalmır və ya “əlyazmalar yanmır”. Biz növbəti yazımızda sübut eləməyə çalışacağıq ki, arxivlərə ən barbar müdaxilə olsa belə, zəhmət və gərgin araşdırma xərcləməklə tarixin cizgilərini bərpa etmək mümkündür.
(Ardı var)
Natiq Güləhmədoğlu