Möhtəşəm dönüş

Təzəlikcə Ilham Əliyev hökumətin iclasında Bakı küçələrində “stoyanşiklərin” yığdığı pulların hara ötürüldüyünün məlum olmadığını dedi. Möhtərəm doğrudan da, taleyüklü bir məsələyə toxunmuşdur, bu, hazırda xalqımızın ən yaralı yerlərindən biridir, “stoyanşik-oliqarxlar” lap ağ eləyiblər, hərəsi Bakının bir küçəsində offşor zona yaradıb, camaatın cibini soyurlar. Həmin “stoyanşiklərin”, daha doğrusu, Əliyevin təbirincə desək, “əli çubuqlu” vətəndaşların xaricdəki villalarının, bank hesablarının sayı-hesabı isə yoxdur. Onlara qarşı daha da amansız olmaq, yığdıqları pulları hara ötürdüklərini öyrənmək lazımdır. Bəlkə, həmin pullardan müxalifətə də ötürürlər, nə bilmək olar. Araşdırılmalıdır.

Ümumiyyətlə, artıq ölkəmizdə rüşvət və korrupsiyaya yer qalmayıb, xalqın pulunu yeyib-dağıdan meşəbəyilərə, qatar bələdçilərinə, tibb bacılarına, “stoyanşiklər”ə qarşı mübarizə günbəgün güclənməkdədir. Bu bir daha göstərir ki, partiya və hökumətimizin ölkədə korrupsiyanın kökünün kəsilməsi üçün siyasi iradəsi vardır. Axı heç insafdandırmı ki, Ziya Məmmədov acından günorta dursun, Kəmaləddin Heydərovun cibində siçan oynaşsın, Nazim Ibrahimov özünə ev almaq üçün ipotekaya girsin, Kərəm Həsənov qəpiyə güllə atsın, amma hansısa “provodnik” yeni ili qarşılamaq üçün Havay adalarına getsin, hansısa meşəbəyi 1 milyona ayı kababı yesin?

Budur, dünən oxuyuruq ki, Bakının icra başçısı Hacıbala  müəllim artıq neçə gündür çadırda gecələyir. Niyə? Çünki “stoyanşiklər” onun evini uçurub yerində göydələn tikiblər, heç kompensasiya da ödəmirlər. Hacıbala müəllim qalıb küçələrdə çar-naçar. Belə də qanunsuzluq, allahsızlıq olar? 

Əlbəttə, bu bir zarafatdır, Hacıbala müəllimin çadırda gecələməsinin səbəbi tamam başqadır, ulu öndərin doğum günündə keçiriləcək Gül bayramıdır. Deyilənə görə, Abutalıbov qardaş hazırlıq işlərinə şəxsən rəhbərlik etmək üçün heç evə də getmir. 

Dəhşətli dərəcədə ciddi, dünya şöhrətli politoloq Mübariz Əhmədoğlunun sözü olmasın, mən belə hesab edirəm ki, digər nazirlər də Hacıbala müəllimə baxıb dərs götürməlidirlər. Məsələn, “AZAL” prezidenti Cahangir Əsgərov niyə buludların üstündə gecələməməli, Ayın ortasına “budka” qoyub bütün gününü orada keçirməməli, təyyarələrin uçuşuna şəxsən göz-qulaq olmamalıdır?

Yaxud, Hüseynqulu Bağırovun Bakıda nə işi var? Yaxşı olmazmı ki, o, Ismayıllı meşələrindəki hansısa ağacın koğuşunda gecələsin, ağaclardan, yaşıllıqlardan şəxsən muğayat olsun? 

Həmçinin Heydər Əsədov. Siz allah, özünüz fikirləşin, axı kənd təsərrüfatı hara, Bakı hara? Nazir gedib rayonlarda taxıl zəmilərinin, üzüm bağlarının, pambıq çöllərinin böyrünə vaqon qoyaraq orada oturub işləmək əvəzinə Bakıda qışı isti, yayı sərin, işıqlı, geniş kabinetdə gününü keçirirsə, hansı bol məhsul əldə etmək olar?

Hacıbala müəllimin çadırda gecələməsi həm də onun soy-kökümüzə, türklüyümüzə bağlılığından irəli gəlir. Bəyəm ulu babalarımız – Atilla, Çingiz Xan, Teymurləng gündoğandan günbatanacan dünyanın hər tərəfinə zəfər bayraqlarını sancmaq planını elə çadırlarda hazırlamırdılarmı? Gül bayramı da bir növ bizim dövlətçiliyimizin dünyadakı təntənəsi deyilmi? Ona çadırda hazırlaşmaq qədim türk ruhunun yenidən parlaması, dünəndən bu günə möhtəşəm dönüşü, əzəmətli inikası deyilsə, bəs nədir?  

***

Elə yenicə yazımızın nöqtəsini qoymağa hazırlaşırdım ki, bir də baxıb görəm nə? Hacıbala müəllim ərinməz-ərinməz açıqlama verib, deyib ki, onun çadırda gecələməsi söhbəti yalandır.

Inanıram. Abutalıbov nəinki çadırda, ümumiyyətlə, heç vaxt gecələmir. Hacıbala müəllim üçün həmişə gündüzdür.