Gülər Əhmədova: «Ya Elşadı gətirin, ya da buraxın gedim oturum evimdə, Elşad gələndə gələrəm»
Ötən ilin fevralın həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın mühakiməsi Bakı Apelyasiya Məhkəməsində davam edir. Hakim Əflatun Qasımovun sədrlilə keçirilən dünənki məhkəmə iclasında Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bir neçə vəsatətlə çıxış edib.
Vəkil videomateriallarla bağlı ekspertiza keçirən ekspertlərin, həmçinin bu iş üzrə istintaqı aparmış müstəntiq Emzar Qocayevin məhkəmədə dindirilməsi, Sevinc Babayevanın keçmiş deputata, Tavat Şirvanova adlı tanışına yazdığı mesajların tədqiq edilməsi, Gülər Əhmədovanın yenidən ifadə verməsi, Elşad Abdullayevin dindirilməsi, Sevinc Babayevanın Bakı şəhər Prokurorluğuna ünvanladığı müraciətin araşdırılmasına dair vəsatətlər verib.
“Elşad Abdullayev hamını dolayır”
Gülər Əhmədova da vəkilinin qaldırdığı vəsatətlərin hər birini müdafiə edib. Bildirib ki, ilk növbədə isə Elşad Abdullayevin dindirilməsini tələb edir: “Adam ”facebook” profilində iltizam verir. Deyir ki, “Gülər Əhmədova məni yalandan məhkəməyə dəvət edir”. Necə yəni, yalandan dəvət edir? Bu adam 1 il 7 aydır danışır. Gebbels deyirdi ki, yalanı böyük və təkrar-təkrar danışın, bu zaman ona inanacaqlar. Bu adam birinci sözdən axırıncı sözə qədər yalan danışır. Elşad Abdullayev mənimlə üzləşməlidir. Nə qədər ki o adam məhkəmə qarşısında dayanmayıb, ağzına gələni danışıb, hamını ələ salacaq. Mənim ona çoxlu sualım var. Mən bu sualları kimə verim? Mən bu akvariumda özüm-özümlə mübarizə aparım?
Üç dəfə millət vəkili seçilən adam tutula bilər, amma bu adam gətirilə bilməz? Deyirlər, Elşad Abdullayev beynəlxalq axtarışa verilib. Harda? Biz araşdırmışıq. 160 nəfər azərbaycanlı Interpolda axtarışa verilib. Onların siyahısı da var, lazımdırsa, məhkəməyə təqdim edə bilərəm. O siyahıda Elşad Abdullayevin adı yoxdur. Onu MDB ölkələrində axtarırlar. Niyə MDB ölkələrində? Verin beynəlxalq axtarışa, qoluna qandal vurub gətirsinlər.
Hamını dolayır bu adam. Bir il iki aydır həbsdəyəm. Sizin də ananız, bacınız var. Mənim də körpə uşağım var, qapılarda qalıb.
“Elşadın qardaşı hələ də Respublika Prokurorluğunda oturub”
Mənə elə gəlir ki, Elşad Abdullayev burada ciddi müdafiə olunur. Bu işin istintaqı ilk gündən qərəzli aparılıb. Niyə Sevinc Babayevanın yazdığı SMS-lərlə bağlı məni dindirmirlər? Çünki bu SMS-lərdə işin mahiyyəti açılır. Çünki Sevinclə Elşad arasındakı münasibətlər bu SMS-lərdən bəlli olur. Gülərin həbsi kimə lazımdır? Sübutlar niyə tədqiq olunmur? Elşadı kim qoruyur?
Elşad deyir ki, qohumlarım işdən çıxarılıb. Ağ yalandır. Hansı qohumu çıxarılıb? Bu necə işdən çıxarılmadır ki, qardaşı Respublika Prokurorluğunda oturub hələ də. O biri qohumları da eləcə… Sevinc Babayevanın yerini prokurorluq bilirdi. Lakin müstəntiqlərin hərəkətsizliyi nəticəsində Sevinc Babayeva dindirilmədi. Oturub gözləyirəm ki, Elşad Abdullayev həzrətləri nə vaxt Azərbaycana gələcək.
“Qadının paltarlarını kənd kişilərinin gözü qarşısında küçəyə tökərlər?”
Qazaxa gedəndə 30 saat yolda olmuşam. Xəstə, əsəbi, 3 dəfə deputat olmuş adamın üzərində küçədə axtarış aparıblar. Qadının paltarlarını kəndin kişilərinin gözü qabağında küçəyə tökərlər? Təzyiq, təsir necə olur? Əvvəl ifadə verəndə də demişəm ki, Elşad Abdullayevdən pul almamışam. Lakin nüfuzuma xələl gəlməməsi, bu söz-söhbətdən bezdiyim üçün ümummilli liderimiz Heydər Əliyevin bağışladığı evimi satıb pulunu ödəyərəm Elşada. Lakin o da gəlib sübut etsin ki, mənə pul verib. Amma istintaqda ifadəmdəki “pul almamışam” hissəsini çıxarıb, “Elşadın pulunu ödəyərəm” hissəsini saxlayıblar. Müstəntiqi bura çağırın. Qoy gəlib izah etsin ki, necə olur, əvvəldə mən “Elşaddan pul almamışam”, axırda isə “pulu qaytararam” deyirəm? Xahiş edirəm ki, Apellyasiya Məhkəməsi bu məsələləri açsın. Yenə də deyirəm, ya Elşadı gətirin, ya da buraxın gedim oturum evimdə, Elşad gələndə gələrəm”.
Daha sonra vəkil Türkiyədə Sevinc Babayevanı himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayanın məhkəmədə dindirilməsi barədə vəsatət verib. Prokuror vəkilin qaldırdığı vəsatətlərin heç birinin təmin olunmamasını istəyib. Məhkəmə isə vəsatətlərlə bağlı qərarını bu gün elan edəcək.
Aytən Məmmədova