Nə üçün İlham Əliyev?

Dövlət başçısının BMT qətnamələri barədə suallarının kökü barədə

 

İlham Əliyev “Rossiya 24″ telekanalına müsahibə verib. Rusiya rəsmi media strukturlarına daxil olan televiziyanın əməkdaşının ilk sualı belə olub: ”Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər haqqında soruşmaq istərdim. Bu münasibətlər kifayət qədər uğurla inkişaf edir. Siz özünüz üçün nəyi qeyd etmək istərdiz?..”. Sualın birinci cümləsi ikinci cümlə ilə polemikaya girir. Müxbir həmsöhbətinə deyir ki, mən necə məsləhət bilirəmsə, sən elə danışmalısan. Ilham Əliyevin cavabı da müxbirin cızdığı trayektoriyanı keçməyib. Elə buna görə də bu müsahibənin bütün mətni barədə danışmağa dəyməz. Ilham Əliyev Moskvanın istəklərini deyib. Görünür, hazırkı şəraitdə Kreml Ilham Əliyevin vəziyyətini elə də ürəkaçan saymır. Ona görə də onunla bu cür sifarişli dialoq tərzinə üstünlük verir. Belə vəziyyətdə rəsmi Bakının özünü üzüyola aparmaqdan başqa çıxış yolunun olmadığı da ortadadır. Ilham Əliyevin komandası ilə hakim elita Qərbə yeni hücum təşkil edir və buna görə də Rusiya xeyli revanş imkanları əldə edib.

 

BMT qətnamələri niyə işləmir?

Əslində siyasətlə əlaqəli şəxslərə bu izahatın yersiz olduğu aydındır. Söhbət Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin işləyib işləməməsində subyektivizmin rolundan gedir. Azərbaycan torpaqlarını Ermənistanın işğalına dair də eyni cür və daha sərt qətnamələr qəbul olundu. Amma onların icrası, demək olar, baş vermədi. Bu istiqamətdə hər hansı cəhdlər belə olmadı. Əksinə, 1993-cü ildə Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipini əsas tutan beynəlxalq birlik təmsilçilərinin sırası ildən-ilə seyrəldi. Burada obyektiv səbəblər əlbəttə, var. Birincisi, Azərbaycanda 1993-cü ildə baş vermiş qiyamdan sonra Qarabağ müharibəsində fəal döyüşmüş yüksək rütbəlilər ya sürgün olundular, ya da güllələndilər. Bunun nəticəsində isə dünyada belə bir rəy formalaşdı ki, Azərbaycanın özündə bu müharibəyə və onun iştirakçılarına qarşı rəsmi mövqe mənfidir. Başqa tərəfdən, bu qətnamələrin həyata keçirilməsi üçün rəsmi Bakı hər hansı ciddi addımlar atmadı və beynəlxalq birliyin mövqeyini ancaq sözlə dəstəklədi. Bu isə üçüncü dövlətin və ya subyektin edəcəyi iş idi.

Nə üçün Liviya?

Liviya ilə bağlı qətnamənin bir neçə saat sonra işləməyə başlamasına gəlincə, bu qətnamədən öncə də, sonra da Liviya xalqı öz mübarizəsində ardıcıldır. BMT-nin qətnamələri isə sadəcə bu prosesə dəstək verib. Ona görə də belə bir şəraitdə “Nə üçün Liviya?” sualı tamam başqa cür anlaşılır və buna da hakimiyyətin son günlər gücləndirdiyi antiQərb siyasəti aydınlıq gətirir. Amma tamam başqa bir sual da maraqlıdır. Məsələn, bu qətnamələrdən və icrasından niyə məhz Rusiya XIN başçısı Lavrov və Azərbaycan rəhbəri Ilham Əliyev narahatdırlar? Nə üçün? Görünür, Liviyanı niyə müdafiə etmək barədə çox düşünmək gərək deyil. Çünki, gözümüzün önündə bir nümunə yaranır və özünü yox edir. Zorakılıq artıq dünya siyasətindən silinir. Bunu hər kəs qəbul etsə, xalqlar üçün daha uğurlu olar…

Seymur Həzi