Iqtidarın “Ilham Mirzəyev” etirafı

Təsəvvür edin ki, uzun müddət JEK müdiri işləmisiniz və təxminən bir neçə yüz min manat pulunuz var. Və artıq səs-küylü kabinetdən, zibil qutularından, sadə xalq ilə gündəlik təmasdan, yenicə nənə olmuş katibədən bezmisiniz. Bir arzunuz var – rüşvət verib daha sakit, geniş kabinetli, cavan katibəli, gəlirli bir vəzifə sahibi olmaq… Prezident Fparatındakı tanışınıza, uşaqlıq dostunuz olan nazirə, saxta yolla seçilməsində böyük rol oynadığınız deputata müraciət etməyə hazırlaşdığınız məqamda həyat yoldaşınız sizə bir hekayə danışır. Deyir ki, mən bir falçı tanıyıram ki, “padruqa”mın əri ona 30 min manat verdi və üstündən 3 ay keçməmiş icra başçısı təyin etdilər… 

Bəli, əziz oxucu, avam insanların pənah gətirdikləri falçılar işlərini böyüdüblər – vəzifəyə adam “gətirilər”, vəzifədən adam “aparırlar”, nazirin dilini “bağlayırlar” və s. Bir sözlə, iqtidar bir də onda ayrıldı ki, müəyyən məbləğdə pul əlinə gəlmir. Falçılar onlara məxsus meydançada “futbol oynayırlar”. Və hərəkətə keçdi…

Hakimiyyətin geniş meydan verdiyi, səxavətlə efir vaxtı ayırdığı “falçı” və “cadugər” zümrəsi bu gün təlaş içərisindədir. Bu kəsimin ən uğurlu, eyni zamanda ən sanballı nümayəndələrindən birinin əsrarəngiz şəkildə həbs edilməsi onları sözün əsl mənasanda çaş-baş salıb. Çünki  ölkədəki bütün cadugər və ekstrasensləri, falçı və cinqovanları (yeni və gəlirli sahədir – X.Ə.) çox sadə motivlərlə həbs və ardınca müflis etmək mümkündür. Bu kəsimin hər bir nümayəndəsinin arxasında yüzlərlə aldadılmış avam insanlar olduğundan yuxarıdan gələn bir işarə kifayətdir ki, ölkədə şarlatan qıtlığı yaransın. Lakin hər şeydən pul çıxarmağı bacaran rejimin buna getməsi inandırıcı görünmür. Şəxsən mənim fikrim belədir ki, rejim onların ən imkanlı və “bərkgedənlərini”, yəni öz bazarına girənləri müflis edəcək. Bir sözlə, bu sahədə monopoliyaya son qoyacaq və falçılıqda “azad rəqabət” dövrü başlayacaq. Bəlkə də bu əməliyyat regonlarda xırda cadugərliyin inkişafına böyük təkan verəcək, kim bilir?..

Ilham Mirzəyev, obrazlı desək, bu sahənin Kamaləddin Heydərovu, Ziya Məmmədovu idi. Digər falçıların əl-qolunu bağlamışdı, imkanlı-imkansız ona üz tuturdu. Gəlin qısaca olaraq, onun kimliyinə nəzər salaq… 

Ilham Mirzəyevin əsas işi falçılıq olsa da, o özünü cəmiyyətə jurnalist, alim-psixoloq kimi qələmə verməyə çalışırdı. Bitirdiyi Azərbaycan Dovlət Mədəniyyət və Incəsənət Universitetində bu ixtisaslar üzrə təhsil verilməməsinə baxmayaraq, o özünə kütləni və rejimi “razı sala” bilmişdi. Azərbaycan Milli Elmlər Akademiyasının  fəlsəfə, Sosialogiya və Hüquq institutunun “dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri” şöbəsinin böyük elmi işçisi idi.  

Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ilham Mirzəyev “Vətən”, “Qızıl qələm”, “Humay”, Hacı Zeynalabdin Tağıyev adına yaradıcılıq mükafatına, Milli Elmlər Akademiyasının fəxri fərmanına(!) layiq görülmüşdü. Beş kitab müəllifi(!) idi. Mükafat və adların satıldığı bir ölkədə yaşadığımızın fərqindəsiniz, yəqin. 

Bəli, əziz oxucu, gözlərimiz önündə ölməz Cəlil Məmmədquluzədinin ölməz əsərinin baş mənfi qəhrəmanı – Şeyx Nəsrullah yetişirdi. Alim, psixoloq, aparıcı kimi titullar onun falçılığını ört-basdır etmək üçün bir vasitə idi. 

Yəqin ki, məminlə razılaşarsınız, Azərbaycanda alim, jurnalist, müəllim qazancı ilə kafe, restoran, nəhayət klinika açmaq qeyri-mümkündür. Əksinə, Azərbaycan elə bir ölkədir ki, yalnız burada kafe, restoran, klinika sahibləri sonradan alim ola bilirlər. 

Fikir vermisinizsə, onun həbsi ilə bağlı mətbuatda gedən yazılarda bir “müxalifətə yaxınlıq” ritorikası hiss olunur. Bu, falçının yaxınlarının düşündüyü bir gedişdir. Nəyə görə belə edildiyi də, güman edirəm, hamıya aydındır. Bu həbsə siyasi çalar qatmaqla, elmi işini… bütövlükdə Heydər Əliyev irsinə və onun davamçılarına həsr etmiş falçının yaxınları gələcəkdə beynəlxalq dəstəyə ümid edirlər. Bəli, bu o deməkdir ki, Ilham Mirzəyevin qələmi qırılıb. Və eyni zamanda başqa falçılara da ciddi xəbərdarlıqdır. Rejim bu həbslə digərlərinə “başlarından böyük” işlərə girməməyi tövsiyyə edir. Yəni “vəzifəyə qoymaq”, iqtidar rəsmilərinin “ağzını bağlamaq” və s. kimi müdaxilələr xaricində “yaşayıb-yaratmağa” imkan verilir.  

Bu biznesin illik dövriyyəsi isə, nə az, nə çox, bir neçə yüz milyonla ölçülür. Yenidən insanları sağlam düşüncəyə qaytarmağa isə, onilliklər belə yetməz… Hələlik bu qədər.