Aparıcının vəkili ilginc faktlar açıqladı

Tanınmış teleaparıcı, hazırda dələduzluq (CM 178-c maddə) ittihamı ilə saxlanılan İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə AzNews.az-ın suallarını cavablandırıb: 

-Xanlar müəllim, İlham Mirzəyev hazırda harada saxlanılır? 

– Məndə olan məlumata görə bu günə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı. İndi hara apardıqlarından xəbərim yoxdur. 

– Mətbuatın yazdığına görə aprelin 12-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə İlham Mirzəyevin ürəyi gedib. Yazılanlar nə dərəcədə doğrudur? 

– Xeyr, mətbuat onu tamamilə səhv yazır. Guya ürəyi gedib, ay nə bilim nə. Heç kimin ürəyi getməyib. Orda əməliyyat qrupu olub, orda məhkəmə olub, prokuror və mən olmuşam. Tamamilə əsassız məlumatlardır.

– Hazırda onun ailəsi ilə əlaqəniz var? 

– Tam şəkildə yox. Amma yəqin ki, gələcəkdə olacaq. Ayın 10-da ailəsi ilə müqavilə bağlamışam. 

– Bildiyimə görə ailəsi hazırda Şirvan şəhərindədir. 

– Ayın 10-da onlarla müqavilə bağlamışam. Ondan sonra hardadılar, dəqiq məlumatım yoxdur. 

– İlham Mirzəyevlə son dəfə nə vaxt görüşmüsünüz? 

– Son dəfə srağagün görüşmüşük. 

– İttihamlarla bağlı nə deyir? 

-Təqsirini boynuna almır, deyir ki, bu, şər və böhtandır, mən dövlətimə sadiqəm. Ölkənin prezidenti başda olmaqla bütün məmurlara, hüquq-mühafizə orqanlarının rəhbərlərinə böyük hörməti var. Görüşümüzdə mənə bildirdi ki, vətənimə də sadiq insanam. Dedi ki, mətbuatdan kim səndən soruşsa, bu sözləri mənim adımdan de. İndi sizə dediyim sözləri o məhkəmədə də söylədi. 

– Xanlar müəllim, onu idarəyə çağırıb saxlamışdılar, yoxsa..? 

– Yox, bildiyimə görə gəlib klinikadan aparmışdılar. Xahiş edirəm, bunu bir daha qeyd edin ki, o, ölkə rəhbərliyi haqda hər zaman yüksək fikirdə olub.