“Yaxşı halda ölkənin ərazi bütövlüyü xeyli itki bahasına təmin olunacaq, pis halda isə qüvvə tətbiqi də uğursuz olacaq, çünki…”
AXCP sədri Əli Kərimli Ukraynanın şərqində güclənən bölücülük hərəkətləri və ölkə hakimiyyətinin buna reaksiyası ilə bağlı növbəti dəfə fikirlərini paylaşıb. AXCP sədri Facebook səhifəsində bir həftə əvvəl bu mövzuya toxunduğunu xatırladaraq yazır:
“Ukrayna inqilabını, Ukraynanın Avropa Birliyinə inteqrasiyasını dəstəklədiyim ictimaiyyətə məlumdur. Amma hər hansı siyasi qüvvəyə verilən dəstək həmin qüvvənin bütün hərəkətlərinin kor-koranə dəstəklənməsi demək deyil. Ona görə də bir həftə qabaq Rusiyadan istiqamətləndirilən separatçılar heç bir müqavimətə rast gəlmədən ölkənin 10 milyondan artıq əhalisinin yaşadığı cənub-şərq vilayətlərində hakimiyyəti devirib, dövlət binaları üstünə başqa dövlətin bayrağını asıb, çox böyük əraziləri Ukraynadan de-fakto qoparanda dərhal Ukrayna hökumətinin qətiyyətsizliyini tənqid etdim. Bir həftədən sonrakı reaksiyaların bir qismini təqdim edirəm:
– Hazırda Ukraynada ən yüksək reytinqi olan prezidentliyə namizəd Pyotr Poroşenko hökuməti qətiyyətli addımlar atmağa səsləyib. O, Təhlükəsizlik Şurasının dərhal toplanmasına və konkret qərarlar qəbul olunmasına çağırıb.
– Bu gün bir neçə min adam Maydana toplaşıb. Maydan fəalları hakimiyyətdən ölkənin cənub-şərqində separatizmin qarşısını almağı, separatçılara qarşı sərt tədbirlər görməyi tələb edir və bildirirlər ki, əks halda hakimiyyətdə olanları Yanukoviçin aqibəti gözləyir. Aksiyada həmçinin, daxili işlər naziri Avakovun istefası tələb olunub.
– Polşa hökumətinin başçısı Donald Tusk Ukraynanın şərqində administrasiya binalarını tutan insanlara terrorçu kimi münasibət göstərilməsini haqlı sayır və hesab edir ki, Ukrayna hakimiyyəti onlara qarşı qətiyyətli olmalıdır. Baş nazir qeyd edib ki, Ukrayna hakimiyyəti ilk növbədə öz gücünə arxayın olmalıdır. Heç bir üçüncü güc ölkənin özü qədər onu müdafiə etməyəcək. ABŞ, yaxud Fransadan Ukraynanın müdafiəsində fəal iştirak edəcəklərini gözləmək mənasızdır.
– UDAR partiyasının lideri Vitali Kliçko aprelin 14-də Radanın növbədənkənar iclasını çağırmağı tələb edir: “Dərhal parlamentin növbədənkənar iclasını çağırmalıyıq. Ölkəyə nəzarəti əlimizdə saxlamaq üçün qəti tədbirlər görməliyik”.
– “Svoboda” partiyasının sədri Oleq Tyaqnibok isə öləknin şərqində terrorçulara qarşı müqavimətin təşkilində ləngimənin Krım ssenarisinin təkrarlanmasına gətirib çıxaracağını söyləyib.
– Sağ sektorun rəhbəri Yaroş Ukrayna hakimiyyətini fəaliyyətsizlikdə ittiham edib. O, bildirib ki, Ukraynanın şərqində indi Krım ssenarisi təkrar olur.
– Nəhayət, Putinin keçmiş müşaviri, Rusiyanın tanınmış iqtisadçısı Andrey İllarionov: “Əgər yaxın 3 gündə Ukrayna hökuməti ölkənin şərqindəki problemi həll edə bilməsə, hakimiyyətdə qala bilməyəcək. İndi problemi ancaq güc yolu ilə həll etmək olar”.
Son məlumatlara görə, Ukrayna hökuməti də bu qədər tənqid və çağırışlardan sonra qəti addımlar atmağı planlaşdırır. Ancaq xeyli gecikib. İki variantı müqayisə edin.
Birinci variantda dövlət əvvəlcədən ölkənin separatçılıq gözlənilən rayonlarında təhlükəsizlik tədbirləri görür, dövlət binalarının mühafizəsini gücləndirir, Rusiya ilə sərhəddi möhkəmləndirir, separatçıların vahid mərkəzdə toplaşmasını, silahlanmasını maksimum çətinləşdirir və belə cəhdlərin qarşısını qətiyyətlə alır.
İkinci variant isə indi Ukraynada baş verir: Ölkənin böyük bir hissəsi müqavimətsiz separatçılara təhvil verilir, separatçılar orada möhkəmlənir və elə bir vəziyyət yaranır ki, qüvvə tətbiq olunmasa, ölkənin üçdə biri itiriləcək. Qüvvə tətbiq olunsa isə nəticəni əvvəlcədən söyləmək artıq çətindir. Yaxşı halda ölkənin ərazi bütövlüyü xeyli itki bahasına təmin olunacaq. Pis halda isə Ukrayna hakimiyyəti hətta qüvvə tətbiqində də başarılı olmaya bilər. Çünki çox qiymətli olan vaxtı itirib.
7 apreldə yazdığım yazıda qeyd etmişdim ki, siyasət ilk növbədə lazım olan vaxtda, lazım olan qərarları vermək peşəsidir. Bu yazıda isə əlavə etmək istəyirəm ki, bütün digər peşələr kimi siyasət də peşəkarlığı sevir, həvəskarların yeri deyil”.



