«Çağ Öyrətim Işlətmələri»nin rəhbəri Ənvər Özərənin sözçüsündən ilginc iddia
“Çağ Öyrətim Işlətmələri”nin rəhbəri Ənvər Özərən nurçuların lideri Fətullah Gülənə onun tərəfindən yazıldığı iddia edilən məktubu təkzib edib. Xatırladaq ki, Ərdoğanın səfərindən sonra Ənvər Özərənin Gülənə məktub yazdığı barədə məlumat yayılmışdı. Ənvər Özərənin yazdığı iddia edilən məktubun mətni də dərc olunmuşdu.
Məktubda Özərən Güləndən dəstək istəyir. Azərbaycanda vəziyyətlərinin yaxşı olmadığını deyir. Azərbaycan hakimiyyətinin başının qatmaq üçün erməniləri Qarabağda hərbi əməliyyatlara təhrik edilməsinin vacibliyini vurğulayır. Eyni zamanda Bakıda da qan tökməyə hazır olduqlarını bildirir.
Ənvər Özərənin sözçüsü Emil Qurbanov bu məlumatlarla bağlı vətəninfo.az-a cavab məktubu göndərib. Məktubda bildirilir ki, yayımlanan xəbər və xəbərə əlavə olaraq təqdim edilən məktub saxtadır, cəfəngiyatdır, içərisində yazılan bütün məsələlər həqiqətdən uzaqdır və böhtandır. “Bu 3-4 aydır başladılan qaralama kampaniyasının növbəti məhsuludur. Bütün ictimaiyyətin nəzərinə çatdırırıq ki, iddia edilən məsələlər olmayıb və orada qeyd edilənlər ciddi psixiatrik problemləri olan şəxslərin təxəyyülünün təzahürüdür…
…Azərbaycan cəngəllik ölkəsi deyil ki, kimlərinsə sifarişi əsasında qanuni əsaslarla fəaliyyət göstərən və təhsilə xidmət edən müəssisələri bağlasın. Bu müəssisələr Ümummilli lider Heydər Əliyevin xeyir duası ilə açılıb və hər zaman da Azərbaycan xalqının və dövlətinin dəstəyini yaxından görmüşdür”.


