Gördüklərim, eşitdiklərim

Allahın altında adamın vaxtı, imkanı ola bütün günü Azərbaycan televiziyalarını izləyə, gündə bir qəzetlik yazı yazmaq olar. Hətta televiziyada göstərilənlərin əsasında “ləzzətli Çeşmə” də hazırlamaq olar. Televiziyalar yaradıcı insanlar üçün münbit mənbədir. Fikir vermisinzsə, yumoristlərin bir konserti belə televiziya verilişlərinə, aparıcılara parodiyasız ötüşmür. Baxmalı, görməli, gülməli çox şey var. 

Məsələn, bütün telekanalların verdiyi bir xəbərə baxaq. Xəbərin mətni bir mərkəzdən yayıldığından hamısında eyni cür səsləndi: “Prezident Ilham Əliyevin ”Inkişaf məqsədimizdir” silsiləsindən növbəti XV cild çapdan çıxıb”. Belə çıxır, I.Əliyev bu silsilə ilə cildini 15-ci dəfə təzələyir. Cümlə isə belə qurulmalıydı: “Prezident I.Əliyevin ”Inkişaf məqsədimizdir” kitablar silsiləsindən XV cild çapdan çıxıb”.

Daha bir misal. Internet mediasında “Sovetski” sakinlərinin mülkiyyət hüquqlarının pozulması üzündən narazılıqları, şikayətləri artdıqca AzTV evi söküldüyünə görə “xoşbəxtliyə qovuşan” insanlardan təkər-təkər müsahibələr alır. Onlardan Kamil Məmmədov adında biri yaltaqlanmağın tapdanmamış yolunu tapıb belə deyir: “Heç bir şəraitimiz yox idi. Nə su var idi, nə tualet var idi. Nə duş var idi. Heç bir şey biz orda görməmişik. Sağ olsun hökumətimiz, indi hər şeyimiz var”. Belə çıxır, bu adamlar “Sovetski”də yaşayanda nə su işlədiblər, nə tualetə gediblər, nə də çimiblər. 60 ildən sonra hakimiyyət (40 il sovet hökuməti, 20 il YAP) bu kişiyə tualetə getmək imkanı yaradıb deyə “sağ olmalıdır”. Vətəndaş nə danışdığını, ağılla yaltaqlanmağı bilmir, AzTV-nin müxbiri ki yaxşı bilir. Onlar ki bu kimi işlərdə professionaldırlar. Hər axşam AzTV-nin, ITV-nin xəbər proqramlarına baxın, lütfən. Rayonlarda, kəndlərdə guya kütləvi tibbi müayinələr keçirilir, onlardan sıralanan xəbərlər hazırlanır. Hər xəbərdə rayon icra hakimiyyətinin nümayəndəsi, ya da səhiyyə müəssisəninin rəhbərliyi dövlətin qayğısından danışır. Insanlar sıraya düzülüb “yaradılan şəraitə görə” I.Əliyevə yaltaqlanırlar. Və bunu çox xoşbəxtcəsinə edirlər. Mart ayından başlayan bu yaltaqlıq mayın birinəcən sürəcək. Əlbəttə, indən belə yazdıqlarımızı gözlərinizlə görüb televiziyalardan bir daha iyrənmək imkanınız olacaq.

ITV-də axşam saat 18.30-da rus dilində “Carçı” proqramına baxmağı da qaçırmayın lütfən. Gün kimi aydındır ki, bu proqram rusdilli insanlar üçündür. Onlar üçün ayrıca veriliş hazırlamağın mənasız iş olduğuna toxunmadan əsas məsləyə keçirəm. Hamı bilir ki, ITV yaranandan “Carçı”nın başlancığında Qarabağın işğalı ilə bağlı tanıtım informasiya gedir. Bu informasiya Azərbaycan və ingilis dilində səslənir. Rusdilli izləyici Qarabağ savaşı barədə məlumatı Azərbaycan, ya da ingilis dilində almağa məcburdur. ITV belə istəyir, ona görə.

Yuxarıda “Bu şəhərdə”nin, “KVN teatrı”nın televiziya ilə bağlı parodiyalarını yada salmışdım, sözüm yarımçıq qalmasın. Elə bilirəm maraqlı parodiyalardan birini – “Qənirə Paşayeva, Tofiq ANS”-i “Ləman Əliəşrəfqızı, Tofiqsiz ANS”lə əvəz etməyin vaxtıdır. Əslən qarabağlı olan KVN-şiklər, “Bu şəhərdə”lilər bu məsələyə diqqət yetirməlidirlər. AzTV və onun töküntüləri ilə dolanan telekanallar indilikdə hakimiyyətin xeyrinə ön sıralarda, ANS arxa cəbhədə vuruşur. Bu günlər ANS-in üstün istinad mənbəyi APA və Virtual Azərbaycandır. Hakimiyyətə sıxdan-sıx bağlı saytlar. Özlərinin əli yetməyəndə tək onlara inanırlar. ANS hər zamankı kimi “ən güclü müdafiə hücumdur” taktikası yeridir. Kəlbəcərin işğalı günü hazırlanan süjetdə yerli sakinlərin ünvanına səslənən ifadələri təhqir kimi qəbul edən kəlbəcərlilərin üzrxahlıq tələbinə hədə, şantajla cavab vermək heç bir əxlaqa sığmır. Qafiyə olduğuna görə “dana və ana” sözlərini siyasi yükü olan cümləyə yerləşdirmək olmaz. Torpağı əli-ayağı yalın kənd adamı qorumalı deyil, əli silahlı ordu qorumalıdır. Ordunu da qınamaq olar, kənd adamını da, amma təhqir etmək olmaz. Heç tənqidin də yeri yoxdur. Hakimiyyət tənqid olunmalıdır, Müdafiə Nazirliyi tənqid olunmalıdır. Deməli, hakimiyyəti “döyməyə-söyməyə” cəsarət çatmayanda danasına güvənən ayağı çarıqlılara “sürü” deyilməlidir? Kimsə özündə olmayan cəsarəti özgələrdən tələb etməsin, Milli Məclisin eyvanında əyləşib kəlbəcərlilərə ağız büzməsin, kimlərinsə sifarişiylə Isgəndər bəyi hədəf seçməsin, “açarıq sandığı” deyib göz qorxutmasın. Kəlbəcər işğal olunanda Heydər Əliyev 10 ay idi hakimiyyətdəydi. On ay 10 gün demək deyil. Heç Çingiz Mustafayev də ANS demək deyil. Çingiz Mustafayevin kölgəsinə sığınmaq olar, gizlənmək, əsla.

Sənubər