Kənd Təsərrüfatı Nazirliyinin “üçüncü şəxsi” də işdən çıxarıldı
Kənd təsərrüfati naziri Heydər Əsədov keçmiş nazir Ismət Abbasovun daha bir kadrını işdən çıxarıb. Nazirin əmrinə əsasən Iqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidov vəzifəsindən kənarlaşdırılıb. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Virtualaz.org-un məlumatına görə, qurumda “nazirliyin üçüncü adamı” sayılan Məcidovun işdən çıxarılması təqaüd yaşına çatması ilə əlaqələndirilir. Şöbə müdiri yola salınarkən ona bir aylıq əməkhaqqı məbləğində mükafat təqdim edilib.
Onu da bildirək ki, Heydər Əsədov nazir təyin ediləndən sonra bir neçə aparıcı köhnə kadrı işdən çıxarıb. Məsələn, martın 17-də Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev də vəzifədən azad ediliblər. Ismət Abbasovun kadrlarının vurulması nəyin görsənişidir?

Iqtisadçı-ekspert Vahid Məhərrəmovun fikrincə işdən çıxarılan işçilərin bəziləri artıq öz dövrünü yaşayıb: “Bəziləri 65 yaşdan yuxarı kadrlar idi ki, uzun müddət Kənd Təsərrüfatı Nazirliyində işləyirlər. Işlədikləri sahədə hər hansı bir fəaliyyətləri nəzərəçarpacaq dərəcədə deyildi. Bu, müavinlərə də aiddir. Nazirlikdə işlədikləri müddətdə onların fəaliyyəti haqqında nəsə demək mümkün deyil. Heydər Əsədov Hesablama Palatasının rəhbəri olduğu zaman Kənd Təsərrüfatı Nazirliyində bir neçə səbəbdən yoxlamalar aparıb. Həmin dövrdə çox ciddi mənimsəmə faktları aşkar etmişdilər. Texnikanın, gübrələrin, xaricdən gətirilən cins mal-qaranın verilməsi, toxumçuluqla məşğul olan fermerlərə subsidiyaların ayrılması, ümumiyyətlə, əkin sahələrinə görə subsidiyaların verilməsi və s. O sahəyə ayrılan vəsaitlərin bölüşüdürülməsində bu kadrların da müəyyən rolu olub. Bu baxımdan o kadrları yeniləməyə ehtiyac var”.
Vahid Məhərrəmov nazirlikdə dəyişikliklərin olacağını istisna etmir: “Nazirlikdə agentlik var ki, dövlət büdcəsi hesabına kənd təsərrüfatına kredit verir. Ola bilsin orada da hər hansı dəyişikliklər olsun. Kimin kadrı olub-olmasından asılı olmayaraq üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlərsə, dəyişdirilməlidirlər. Kimə qarşı qərəzli mövqe tuturlarsa, Ismət Abbasovun, ya da əvvəlki nazirin kadrı olduğuna görə, bu, ədalətsizlikdir. Ancaq düşünürəm ki, belə faktlar yoxdur”.
Ramin DEKO


