Ilham Ismayıl: «Azərbaycanda müxtəlif ölkələrin casus şəbəkəsi fəaliyyət göstərir və bu işdə xüsusi təlim görmüş adamlardan istifadə olunur»
Bir qayda olaraq dünyada və regionda vəziyyət gərginləşəndə, ölkə daxilində də təhlükəsizlik məsələləri qabardılır və bu, bütün dünyada belədir. Azərbaycanda isə bu sahədə vəziyyət daha acınacaqlıdır və bunun birbaşa məsuliyyəti də hökumətin üzərinə düşür. Ümumiyyətlə, vətəndaşların sosial vəziyyətinin aşağı olması, ölkənin təhlükəsizliyi baxımından mənfi faktordu.
Belə ki, Azərbaycan reallığında vətəndaşların əksər hissəsi səhiyyə xidmətlərinə görə Irana, dolanışıq üçün Rusiyaya və digər ölkələrə pənah aparır. Insanların kütləvi surətdə ölkə xaricinə axını ciddi təhlükəsizlik problemi yarada bilər və vətəndaşların xarici xəfiyyə sisteminin təsiri altına düşmək ehtimalı böyükdür. Zaman-zaman hakimiyyət ölkə xaricində “agent” axtarışına çıxıb və bu istiqamətdə müxtəlif təbəqədən olan insanlar şübhəli şəxs qismində dindirilib. Məsələn, ölkə xaricində dini təhsil alanların ölkəyə qayıtdıqdan sonra məscidlərdə rəhbər vəzifə tutmasına qadağa qoyulur. Ehtimal olunur ki, bu adam həmin ölkənin agenti ola bilər. Ancaq ölkədən xaricə yalnız bir təbəqənin nümayəndələri getmir. Xaricə müalicə olunmaq, işləmək adıyla sıravi vətəndaşdan tutmuş, strateji sahələrdə çalışanlara qədər hər kəs gedir və bu adamların xarici dairələrin agenti olmadığının zəmanəti yoxdur.
Yəni on minlərlə insan mütəmadi olaraq ölkə xaricinə gedir və bu adamların xaricdə hansı fəaliyyətlə məşğul olduğu bəlli deyil. Yaranmış tendensiyada təhlükəsizlik baxımından nə qədər risk var?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, xarici kəşfiyyat əsasən perspektivli adamlar üzərində işləyir və fəaliyyətin ifşası çətin məsələdir: “Xaricə gedib-gələnlərin hamısı xarici kəşfiyyat üçün cəlbedici deyil. O adamlar diqqət çəkir ki, onun informasiya yaymaq, hadisələrə təsir etmək imkanı var və onların maraqlarını təmin edə bilər. Tutalım hansısa rayonun sakini xaricə müalicəyə gedirsə, ondan bu istiqamətdə istifadə etməyə ehtiyac yoxdur və o adam heç kimin diqqətini cəlb etmir. Yəni adətən perspektivli adamlardan istifadə edilir. Ümumiyyətlə, bu məsələdə hər bir ölkənin öz yanaşması var. Məsələn, Iranda istəyirlər ki, Azərbaycan vətəndaşlarını ”verbovka” etsinlər və cənub bölgəsində seperatizm meyllərini artırsınlar. Məsələn, əvvəllər belə hal müşahidə olunub ki, Irana gedən vətəndaşlara imza atdırıblar ki, guya cənub bölgəsində yaşayanlar Irana birləşməyin tərəfdarıdı. Yəni Irana meylliliyi artırmaq üçün savadsız adamlardan istifadə olunur. Ancaq Rusiya və Avropa ölkələri üçün bu istiqamət keçərli deyil. Bu ölkələrdə yalnız xüsusi təlim görmüş, hazırlıqlı insanlardan istifadə edirlər. Bu artıq sirr deyil ki, uzun müddətdir Azərbaycanda Rusiya və Qərbin agentura şəbəkəsi fəaliyyət göstərir”.
Ekspert onu da əlavə etdi ki, bu halların qarşısını almaq üçün MTN-nin müvafiq strukturları fəaliyyət göstərir: “Ümumiyyətlə, adamlardan total şəkildə istifadə edərək agentura şəbəkəsi yaratmaq mümkün deyil və bu, xarici kəşfiyyat üçün də maraqlı deyil. Məxfiliyi qorunmayan adamdan istifadə etmək məqsədəuyğun deyil. Ancaq müəyyən risklər həmişə var və buna qarşı iş aparılır. MTN-nin ən böyük idarəsi Əks-Kəşfiyyat Idarəsidir və bu idarənin müxtəlif strukturları var. Strukturlardan biri də xarici kəşfiyyatı aşkar etməklə məşğuldur. Ancaq bu asan məsələ deyil və casus ifşası çox əziyyətli işdir. Çünki bu fəaliyyətlə xüsusi hazırlıqlı, təlim görmüş adamlar məşğul olur. Casuslarla bağlı xəbərləri diplomatik qalmaqal yaranmaması üçün çox vaxt mətbuata çıxarmırlar”.
Akif


