NİDA-çıların məhkəməsində butulka vəsatəti

Aprelin 10-u Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatı üzvlərinin işi üzrə növbəti proses keçirilib.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə 2013-cü il mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

“Azadlıq” radiosunun məlumatına görə, 10 aprel prosesi Bəxtiyar Quliyev və Rəşad Həsənovun üzləşmə protokolu ilə tanışlıqla başlayıb. Bəxtiyar Quliyev üzləşmədə bildirib ki, Rəşad Həsənov iğtişaş törətməyi vacib sayırmış: “Rəşad Həsənov Vətəndaş Həmrəyliyi Partiyasında keçirilən konfransda liderlik, fəallıq və inqilab üçün iğtişaş törədilməsini, partlayıcılardan, “Molotov kokteyli”ndən, tüstü şaşkalarından istifadəni önə çəkib. Biz butulkaları Rəşad Həsənovun tapşırığı ilə hazırlamışıq”.

Prokurorun suallarına cavablayan Bəxtiyar Quliyev üzləşmədə deyilənləri təsdiqləməyib: “MTN-də mənə dedilər ki, Rəşad yan otaqdadır. Onlar əvvəlcədən yazılmış vərəqdəkiləri üzləşmədə deyəcəyimi bildirdilər və məni ailəmlə hədələdilər”. Bu sözlərindən sonra Bəxtiyar Quliyev nitqinə davam edə bilməyib.

Üzləşmə protokolundan söz açan Rəşad Həsənov deyilənlərin bir qismini təsdiqləyib, amma zorakılığın əleyhinə olduğunu vurğulayıb: “Fəallığın gərəkli olduğunu demişəm. Ancaq zorakılıq, “Molotov kokteyli”ndən, partlayıcılardan istifadənin vacibliyi barəsində heç vaxt danışmamışam. Həbs olunanda tüstü şaşkalarının nə olduğunu isə ümumiyyətlə bilmirdim. Bəxtiyar mənim üzümə belə ifadələr deməyib. İndi eşitdiklərimiz əvvəlcədən yazılmış vərəqdən oxunub və Bəxtiyar, sadəcə, başını tərpədərək təsdiqləyib. Buna görə onu qınamıram. Məmməd Əzizov mənim üzümə durmaqdan imtina edəndən sonra çox pis döyülüb. Bəxtiyara da təzyiqlər olub. Oradakı vəziyyəti, psixoloji durumu orada olmayan bilməz”.

Daha sonra hakim Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun şəxsi “Facebook” yazışmalarını (yazışmaları MTN əldə edib) açıqlayıb. Yazışmaların elanından sonra vəkillər iki vəsatətlə çıxış ediblər. Vəkil Elton Quliyev bildirib ki, şəxsi yazışmalar ictimaiyyət üçün deyil: “Bu yazışmaları kim götürüb? Necə götürüb? Hansı şəkildə cinayət işinə əlavə edilib? Bunlar protokol şəklində qeyd edilməli idi. Bu, birbaşa şəxsi həyata müdaxilədir və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsini pozur”.

Məmməd Əzizovun, Bəxtiyar Quliyevin və Şahin Novruzlunun evində axtarış zamanı götürülən butulka və bağlamalar haqqında ekspert rəyi yazan Ceyhun Bayramovun məhkəmədə dindirilməsi və məhkəmə ekspertizasında həmin butulkalardan birinin partladılması barədə də vəsatət olub. Hakim Ceyhun Bayramovun dindirilməsi ilə bağlı vəsatəti təmin etsə də, vəsatətin qalan hissəsini rədd edib.