Elçibəyi söyən oğrular

Laçın Məmişov

Əbu Nəsr Məhəmməd əl-Fərabiyə görə, insanların xoşbəxtliyi yalnız dövlət çərçivəsində mümkündür. Insanlar müxtəlif qabiliyyətlərə malikdir. Cəmiyyətə və dövlətə xidmətdə müxtəlif vəzifələri yerinə yetirirlər. Ona görə də dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər. Cəmiyyətin başında tam hakimiyyətə malik olan peyğəmbər durur və ilahi müdrikliyə uyğun olaraq, cəmiyyəti idarə edir. Ideal dövlət təbiətin təbii qanunlarına uyğun qurulduğundan onun vətəndaşları tamamilə xoşbəxt olmalı idi.
Dövlət nədir? Hərənin dövlət anlayışına öz anlayışı qədər yanaşması var. Kimisi üçün dövlət ən ülvi, ən müqəddəs, toxunulmazdır. Kimisi üçün hakimiyyət, var-dövlətdir…
Dövlətimizi qan bahasına qurduq. Daha doğrusu, böyük Məhəmməd Əmin Rəsulzadədən bizə miras qalan Azərbaycan Demokratik Respublikasını yenidən bərpa etdik. Lakin bərpa zamanı demokratiyasını deformasiyaya uğratdıq.
Dövlətimizin yenidən qurulmasında böyük rolu olmuş dəyərli ziyalımız, böyük dostum Firudin Cəlilovla bir söhbətimizi xatırladım. Elçibəy hakimiyyəti dönəmində Firudin müəllim Təhsil naziri vəzifəsində işləyirdi. Bir dəfə istirahət günlərini bağ evində keçirmək üçün xanımı ilə Xızıya gedirlər. Geri – Bakıya qayıdanda görürlər ki, evlərinə oğru girib. Təsəvvür edirsinizmi bu nə deməkdir? Nazirin evinə oğru girib!
Yəqin, yeni nəsil bu sətirləri oxuyanda qeyri-ixtiyari olaraq düşünəcək: nazirin evinə girən oğru o qədər pul və zinət əşyaları apara bilər ki, ömrünün sonuna kimi ona yağ-bal içində yaşamağa bəs edər.
Xeyr, əzizlərim, belə deyil. Çünki həmin ərəfədə təhsil müəssisələrində süpürgə, fond, “zaçot”, imtahan, bayram pulları yığılmırdı. Bu həmin dövr idi ki, test üsulunun tətbiqinə başlanmışdı, varlının da, kasıbın da balası imtahanını verib, topladığı bala uyğun ali təhsil ocağına qəbul olunurdu. Nə isə, keçək əsas məsələyə…
Firudin müəllim və xanımı evdəki əşyalara baxdıqdan sonra bəlli olur ki, oğrular evdən bir sırğa və bir üzük aparıblar. Elə də böyük dəyəri olmayan, loru dildə desək, bir “komplekt” qızıl. Sonradan qonşuları həmin gün binalarının girişindən çıxan bir neçə nəfər naməlum şəxsi gördüyünü bildirir. Və əlavə olaraq, deyir ki, həmin adamlar çox qəzəbli görünürdülər. Pilləkənləri düşə-düşə uca səslə, emosional bir tərzdə Elçibəyi söyürdülər. Və birinin dediklərini təxmini xatırlayır. Belə bir ifadə işlədib ki, “Buna bax… bu da adını prezident qoyub. Nazirinin evindən heç nə çıxmır”.
Bir anlıq gəlin, belə təsəvvür edək ki, həmin oğrular bizim indiki nazirlərin evinə oğurluğa girib və mənzildən çıxıb pilləkənləri düşür. Sizcə, həmin oğrular nə deyərdi? Ölkə başçısını söyərdilərmi? Yoxsa canına doyunca dua edərdilər? Ümumiyyətlə, neçə nəfər oğru olmalı idi ki, bizim nazirlərin mənzilində olan qızıl və pulları daşımağa gücləri çatsın…
Sizi bilmirəm, amma mən çox istəyərdim ki, bizim ölkə başçısını da nazir evinə girən oğrular həmin pilləkənlərdən söyə-söyə düşsünlər.