“Ağacların arxasını görən”

Səadət Cahangir

Son ağac kəsildiyində, son çay quruduğunda, son balıq ovlandığında…
Bax, o zaman pulun yeyilmədiyini anlayacaqsınız … (Qızıldərili atalar sözü)

Bir qızıldərili qəbiləsində yetkinlik yaşına çatanların sınaq mərasimi keçiriləcəkdi. Amma adı qəbilə başçısı tərəfindən qoyuluncaya qədər Ceviz deyə çağırılan kiçik uşağın anası narahatdır. Çünki uşağın bu sınaq üçün ən əhəmiyyətli olan duyğularından biri, görməsi qüsurludur. Uşaq uzağı çətinliklə görür. Anası illərdir oğlunun bu sınaqda xəyal qırıqlığı yaşamaması üçün onu hazırlamaqda, eşitmə, toxunma və qoxu hissetmə bacarıqlarını gücləndirməkdədir. Qızıldərili ənənəsinə görə, bu sınağa girən yetkinlik çağındakı uşaqlar silahlandırılıb, təkbaşına gecə meşənin ən qaranlıq, ən sıx yerinə buraxılır.
Cevizin həyəcandan titrəyən anası onu xeyir-dua ilə meşəyə yola salır. Uşaq ilk gecə qulaqlarını bir çaqqal, əl və ayaqlarını bir köstəbək, burnunu bir leopard kimi istifadə edərək, hər təhlükəyə hazır vəziyyətdə meşədə gözləyir. Gözləri ilə görə bilmədiklərini burnu və qulaqlarıyla hiss edir. Ağacların arxasında saxlanmış heyvanları belə tutub ovlayır bacarıqlı Ceviz…
Yetkinliyə keçid mərasimində qəbilə başçısı onun başını oxşayır. “Sən çox ağıllı və güclü bir savaşçısan. Hər kəsin gördüyündən çoxunu görürsən. Sənə ”ağacların arxasını görən” adını verdim”- deyir.
Doğrudan da, Tanrının bizə verdiyi bir çox duyğu orqanları var ki, onlarla gözümüz baxmadan belə ağacların arxasını görə bilərik. Təbii, görmək istəsək. Bütün bəlaların kökündə, heç şübhəsiz, görməzdən gəlmək dayanır. Illərdir paytaxtın yaşıllığına divan tutanlar, onun memarlıq ənənələrini, qədim dəyərlərini, tarix adına yaşayan hər şeyi silib atanların əlləri bir gün buralara da uzanacaqdı. Bəli, artıq hədəf şəhərin mərkəzində yaşıl ada kimi qalan Botanika bağıdır…
Əvvəlcə bir azacıq yaddaşınıza, bu ağacların arxasına boylanın. Şəhərin o böyük yaşıl ağaclarla dolu parkları hara getdi? Indi oralarda kimlərin mülkləri, obyektləri, zövqsüz fantaziyalarının məhsulu olan komplekslər ucalır? Indi yayılmış fotolardan görünür ki, 80 illik bu yaşıl vadinin də kökünü qurutmaq planı hazırlanıb. Kəsmək, doğramaq, dağıtmaq nə qədər asandır, deyilmi? On illərin zəhməti sayəsində ərsəyə gələn nadir ağaclar, çiçəklər, otlar… 2000-dən artıq ağac, kol, çiçək və ot bitkisi… Qafqaz florasından 125 növ nadir və nəsli kəsilməkdə olan, adları “Qırmızı Kitab”a daxil edilmiş bitki kolleksiyası… Deyildiyinə görə, burada yetişdirilən bitkilərin bir çoxu müalicəvi əhəmiyyətlidir, neçə dərdin dərmanıdır. Indi onları bir anın içində kürüyüb kimlərinsə nəfsinə dərman etmək istəyirlər. Tamah, acgözlük, görməmişlik və harınlığın hüdudu olmazmış! Bir paytaxt üçün toxunulmaz dərəcədə qiymətli sayılan bu yaşıl xəzinəni də qurudub, yerində özlərinə xaraba tikmək istəyirlərsə, daha deyiləcək söz qalmır…
Onsuz da, Bakı çoxdan səhralaşmış şəhərə bənzəyir. Yaxınlarda, ümumiyyətlə, yaşıllıq adına heç nə qalmayacaq. Deyəsən, heç bu yerli ağac və bitkilər də kiməsə lazım deyil. “Qırmızı Kitab” və “nəsli kəsilməkdə olan növlər” kimin vecinədir axı? Adamlar dünyanın ən ekzotik ölkələrindən bahalı palmalar, kaktuslar və başqa əcnəbi ağaclar gətirib əkəcəklər buralarda. Indi paytaxtın modern tikililərinin Dubay bənzətməsi ilə öyünənlərin, bir azdan həmin matah kol və ağacların Afrika bənzətməsi ilə öyünəcəklərinə də heç təəccüblənməyin…