Ukrayna separatçılara sabaha qədər vaxt verdi

Avropa Birliyi Rusiyanın bütün siyasi rəhbərliyinə sanksiya tətbiq edir

Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. Donetsk, Xarkov və Luqanskda davam edən etiraz aksiyalarının iştirakçıları yeni qubernatorları tanımadıqlarını deyirlər. Onlar regionlar üçün geniş səlahiyyət istəyirlər, regionların statusuna dair referendumların keçirilməsini tələb edirlər.

Lvovda prokurorluq ələ keçirildi

Lvov şəhərində etirazçılar vilayət prokurorluğunun binasını ələ keçiriblər. Onlarla etirazçı prokurorluğun qapısını qıraraq binanın içərisinə daxil olub. Girişdə dayanan polis hücumun qarşısını ala bilməyib. Etirazçılar vilayət prokuroru Vladimir Quralla görüşmək niyyətində olublar, lakin onun ezamiyyətdə olduğu məlum olub. Bir gün əvvəl isə “Sağ sektor” və “Əfqan yüzlüyü” hərəkatlarının üzvləri vilayətə yeni prokuror təyin olunmuş Vladimir Quralı rüşvətxorluqda ittiham edərək onun rəsmi təqdimat mərasimini pozublar.ÿ

Luqanskda inzibati bina boşaldıldı  

Luqanskda isə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binasını ələ keçirmiş şəxslərlə aparılmış danışıqlardan sonra 50-dən çox insan binanı silahsız tərk edib. UTX bəyan edib ki, danışıqların nəticəsi olaraq, Ukrayna Təhlükəsizlik Xidmətinin Luqansk idarəsinin zəbt olunmuş binasını 51 nəfər şəxs silahsız tərk edib. Qurumun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, radikal təşkilat üzvləri Ukrayna Təhlükəsizlik Xidmətinin Luqansk idarəsinin inzibati binasında partladıcı qurğu quraşdıraraq 60 nəfəri girov götürmüşdülər.ÿ

“Separatçılara Rusiya xüsusi xidmət orqanları rəhbərlik edir”

Ukrayna ölkənin cənub-şərqində separatçıların fəaliyyətinin Rusiya Federal Təhlükəsizlik Xidməti və kəşfiyyatı tərəfindən koordinasiya olunduğunu sübut etməyə hazırdır. Bunu Ukrayna Xarici Işlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynis bəyan edib. O qeyd edib ki, Ukrayna təhlükəsizlik orqanları tərəfindən hər gün rusiyalı casusların və diversiya qrupları üzvlərinin saxlanılması buna sübutdur. Perebeynis həmçinin bildirib ki, Rusiya vətəndaşlarının Donetsk, Luqansk və Xarkov vilayətlərində dövlət obyektlərinin ələ keçirilməsi planlarının reallaşmasında bilavasitə iştirak etmələrinə dair sübut və dəlillər var.
Ukrayna Daxili Işlər Nazirliyi isə bəyan edib ki, ölkənin şərq vilayətlərindəki separatçı aksiyalar 48 saat ərzində dayandırılacaq. Daxili işlər naziri Arsen Avakov qeyd edib ki, problem ya danışıqlar, ya da güc yolu ilə həll olunacaq. Hüquq mühafizə orqanları aksiya iştirakçılarına aprelin 11-nə qədər vaxt veriblər. Avakov bildirib ki,  Donetsk, Xarkov və Luqanskda “antiterror əməliyyatı” rejimi hələ aradan qaldırılmayıb.

Rusiya: “ABŞ və Ukraynanın narahatlığına heç bir əsas yoxdur”

Rusiya Xarici Işlər Nazirliyi isə bəyanat yayıb ki, bu ölkə Ukrayna ilə sərhəddə hər hansı qeyri-adi və planlaşdırılmamış hərbi fəaliyyətlə məşğul olmur. Bəyanatda bildirilir ki, ABŞ və Ukraynanın narahatlığına heç bir əsas yoxdur: “Rusiya Ukrayna ilə sərhəddə yerləşən ərazisində hər hansı qeyri-adi və planlaşdırılmamış hərbi fəaliyyətlə məşğul olmadığını dəfələrlə bəyan edib. Bundan başqa, Rusiya XIN əmin edir ki, Rusiya qoşunlarının ölkə ərazisində fəaliyyəti ABŞ və digər ATƏT ölkələrinin təhlükəsizliyini təhdid etmir. Rusiyanı ittiham etmək cəhdləri əsassızdır”.

Eşton, Kerri və Lavrov Ukraynanı müzakirə edəcək

Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Ketron Eşton ABŞ, Avropa Birliyi, Ukrayna və Rusiyanın görüşünün hansı formatda baş tutacağına aydınlıq gətirib. Görüşdə məqsəd Ukraynadakı böhranı çözməkdir. Bu məlumatı Eştonun köməkçisi yayıb: “Eşton Ukraynadakı vəziyyəti çözmək üçün diplomatik səylərini davam etdirir. Dördlərin görüşündə Avropa Birliyini təmsil edəcək Eştonla yanaşı ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər nazirinin vəzifələrini icra edən Andrey Deşitsa iştuirak edəcək”. Görüşün Avropa ölkələrinin birində baş tutacağı deyilir.

Avropalı spikerlər Rusiyanı yeni sanksiyalarla təhdid ediblər

Avropa Birliyi parlamentlərinin spikerləri Vilnüsdə keçirilmiş konfransın yekun bəyanatında Rusiyanı yeni sanksiyalarla təhdid ediblər. Yekun sənəddə deyilir: “Spikerlər Rusiyanın Ukraynada böhranın nizamlanması istiqamətində real addımlar atmasını tələb ediblər və Rusiyanın Ukraynadakı vəziyyətin gərginləşməsi üçün gələcəkdə hər hansı addım atacağı təqdirdə bu ölkəyə qarşı, sanksiyalar da daxil olmaqla, əlavə tədbirlərin həyata keçirilməsiniÿ dəstəkləyirlər”. Konfrans iştirakçıları həmçinin AB-nin rusiyalı rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməsini dəstəkləyiblər.

Rusiyanın bütün siyasi rəhbərliyinə sanksiya tətbiq olunacaq

Avropa Birliyi Rusiyaya qarşı maliyyə və viza sanksiyalarının əhatə dairəsini genişləndirib. Ukrayna KİV xəbər verir ki, “Kommersant” qəzetinin əldə etdiyi sənədə görə, AB-nin yeni sanksiya siyahısında 107 nəfərin adı var. Siyahıya Rusiyanın demək olar ki, bütün rəhbərliyi – başda Federasiya Şurasının sədr müavinləri olmaqla, qanunverici orqanların əməkdaşları, hökumət rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının bütün üzvləri (Putin, Medvedev və lavrov istisna olmaqla), güc strukturlarının yüksək vəzifəli nümayəndələri daxil edilib.
Bundan başqa iş adamları (adları açıqlanmır), media qurumları – “Qazprom media” şirkəti, “Rossiya”, “Russia today”, “Birinci kanal”, NTV telekanalları və 3 jurnalist – Mixail Leontyev, İradə Zeynalova və Mixail Qusman yeni sanksiyalar sıyahısına salınıb. Məlumata görə, adları çəkilən telekanalların Avropada yayımına yasaq qoyulacaq.
Nəhayət, sanksiyalar siyahısına Krım rəhbərliyi və məmurları da daxil edilib.

Rompey: “Rusiya qazdan siyasi alət kimi istifadə edir”

Avropa Birliyi Şurasının sədri Herman Van Rompey bildirib ki, Krımda baş verənlərdən sonra təmsil etdiyi qurum Rusiya Federasiyası ilə münasibətləri barədə tam yenidən düşünməlidir. Rompey qeyd edib ki, Avropa Rusiyadan qaz asılılığını azaltmalı, ABŞ-la azad ticarət və investisiyalara dair transatlantik müqavilə imzalamalıdır: “Rusiya qazdan siyasi alət kimi istifadə edir. Son onillikdə biz Rusiya ilə münasibətlərin inkişafına çoxlu sərmayə qoymuşuq. Biz onunla yeni müqavilə imzalamağa hazır idik. Təəssüf ki, Rusiyanın başqa məqsədləri var imiş və o, köhnə dünyanı bərpa etməyə çalışır. Lakin keçmiş heç vaxt qayıtmır”.

ABŞ Avropada hərbi mövcudluğun gücləndirəcək

Rusiyanın Krımdakı addımları ABŞ-ı Avropadakı hərbi mövcudluğuna yenidən baxmasına, onu daha da gücləndirməsinə məcbur edə bilər. Bunu ABŞ müdafiə nazirinin köməkçisi Derek Çollet bəyan edib. Konqresin Nümayəndələr Palatasının Hərbi Qüvvələrlə bağlı Komitəsində çıxışı zamanı Çollet vurğulayıb ki, ABŞ Rusiya ilə qarşıdurmada maraqlı deyil. Amma Krımın qeyri-qanuni ilhaqı və Rusiyanın Ukraynaya qarşı təzyiqi ABŞ-ı bir sıra addımlar atmağa məcbur edir. Çollet qeyd edib ki, ABŞ “Truxtun” esminetsinin Qara dənizdə missiyasının müddətini uzatmaqla yanaşı, regiona yeni hərbi gəmilər göndərməyi düşünür.

Kanada rus diplomatını ölkədən çıxarır

Kanada hökuməti rusiyalı diplomat Yuri Bezleri ölkədə “arzuolunmaz şəxs” elan edib, və ondan 2 həftə ərzində Kanadadan çıxmağı tələb edib. Adıçəkilən şəxs Rusiyanın Kanadadakı səfirliyində hərbi məsləhətçi vəzifəsində çalışır. Kanadanın daha 9 rusiyalı diplomata qarşı da oxşar addım atacağı gözlənilir.

Rusiya ATƏT-i “boykot” edir

Rusiya ATƏT-in Forumunda və Daimi Şurasının iclasında iştirakdan imtina edib. Bu barədə Rusiya Xarici Işlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Rəsmi Moskva hesab edir ki, Ukrayna ilə sərhəddəki vəziyyətə görə ATƏT Forumunun və Daimi Şurasının iclasının keçirilməsi məqsədəuyğun deyil: “Bu şərtlər altında Rusiya tərəfi ABŞ və Ukrayna nümayəndə heyətlərinə güzəştə getməyin mənasını görmür və ATƏT-in Forumunda və Daimi Şurasının birgə iclasında iştirakdan imtina edir.ÿQərb ölkələri Ukraynadakı vəziyyəti yaxşılaşdırmaq üçün ATƏT-dən istifadə etmir. Əksinə, daha da gərginliyi artırırlar. ABŞ və digər ölkələri ATƏT tribunasından Ukraynadakı vəziyyəti gərginləşdirmək üçün istifadə etməyi dayandırmağa çağırırıq”. ATƏT-in Forumu və Daimi Şurasının iclası aprelin 7-də ABŞ və Ukraynanın tələbi ilə çağırılıb. Vaşinqton və Kiyev Rusiya qoşunlarının Ukrayna ilə sərhəd rayonlarındakı fəallığından narahat olduqlarını bildiriblər.

Putin: “Ukrayna hakimiyyətini tanımasaq da…”

“Rusiya Ukrayna hakimiyyətini tanımasa da, bu ölkənin iqtisadiyyatını subsidiyalaşdırmaqda davam edir. Lakin belə vəziyyət çox davam edə bilməz”. Belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin iclasında çıxış edib: “Bəlli olduğu kimi avropalı tərəfdaşlarımız Ukraynanın hazırkı hakimiyyətinin legitimliyini tanıyır, lakin bu ölkəni dəstəkləmək üçün heç nə etmirlər. Biz isə Ukraynanı iqtisadi cəhətdən dəstəkləyirik, onun iqtisadiyyatına milyardlarla dollarlıq subsidiya ayırırıq. Bu cür çox davam edə bilməz. Bir daha qeyd etmək istəyirəm ki, olan-qalanı dağıtmamaq üçün çox diqqətlə hərəkət etməliyik”.

Poroşenkonun reytinqi yüksəlir

Bu arada, Ukraynada prezident seçkilərində iştirak edəcək namizədlər arasında tanınmış iş adamı Pyotr Poroşenko liderliyi ələ alıb. Hazırda 3 namizədin reytinqi xüsusilə yüksəkdir. Bunlar Poroşenko, “Batkivşina”nın lideri Yuliya Timoşenko, namizədliyini özü irəli sürmüş Sergey Tiqipkodur. Rəy sorğularına görə, respondentlərin 28 faizi (seçkidə iştirak edəcəklərin 42 faizi) səslərini Poroşenkoya verəcəklərini deyiblər. Timoşenko 13, Tqipko isə 6 faiz səs toplayıb.

Britaniyada “Yanukoviçin pulları” tapıldı

Böyük Britaniyada Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin komandasının qanunsuz yolla ölkədən çıxardığı pullar aşkarlanıb. Bu pulların Ukraynaya qaytarılması prosesində müəyyən irəliləyiş əldə edilib. Aprelin sonunda Londonda aktivlərin qaytarılmasına dair beynəlxalq konfrans keçiriləcək. Tədbirə Ukrayna hakimiyyəti nüayəndələri də dəvət edilib. Bu barədə Kiyevdə keçirdiyi brifinqdə Böyük Britaniyanın Ukraynadakı səfiri Saymon Smit məlumat verib.