Azərbaycan hakimiyyəti Gülənlə münasibətləri korlamayacaq

Məmur-oliqarxlarla bu hərəkata dəxli olan iş adamları arasında çox böyük həcmli kommersiya layihələri var

Fuad Əliyev (Azərbaycan Diplomatiya Akademiyasının professoru)

Gülən hərəkatı Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra ölkədə özünü göstərməyə başlayıb. 1992-ci ildə bu hərəkat Türkiyə xaricində ilk məktəblərini Azərbaycanda açmağa başladı. Ilk addım olaraq, “Zaman” qəzetinin baş meneceri Ilhan Işbilənin Bakıya gəlişi və burada fəaliyyət imkanları yaratmaq üçün təmaslara başlaması hesab olunur.

(Əvvəli ötən sayımızda)

Bundan azacıq sonra Bakıda “Zaman” qəzeti dərc edildi, ilk məktəb açıldı, STV və digər şirkətlər fəaliyyətə başladı. Eyni zamanda, şəbəkənin Güney-Doğu regional bölməsinin rəhbəri Əli Bayram Naxçıvana gələrək, burada bir müddət sonra Azərbaycan prezidenti olan Heydər Əliyevlə görüşdü. O zaman Ermənistanın blokadasında olan Naxçıvana yardımlar təşkil edərək, Heydər Əliyevin simpatiyasını qazana bildi. 1993-cü ildə Heydər Əliyevin siyasi qələbəsindən sonra Gülən hərəkatı bu qələbənin dadını çıxararaq, Azərbaycanda məktəblər və başqa müəssisələr tikməyə başladı. Azərbaycanlı alim Arif Yunusun dediyi kimi, Azərbaycanda özünü “sığortalayan” şəbəkə burada kommersiya strukturları qurmaqla əldə etdiyi gəlirləri Nursi ideyalarının təbliğinə yönəltməyə başladı. Bu kommersiya strukturlarının şəbəkəsinə “Istiqbal”, “Romanson”, “Ülker” kimi saat, mebel və konditer istehsalı sexləri daxildir. Bu gün bu şəbəkəyə “Çağ” Öyrətim Təhsil A.Ş., “Nil” stasionar kitab dükanları, TUSIAB biznes assosiasiyası, “Zaman” nəşriyyatı, “Burc FM”, Xəzər TV kimi media quruluşları daxildir.

Qeyd etmək lazımdır ki, şəbəkənin kütləvi informasiya vasitələri aşkar dini təbliğat aparmır və həqiqən də onlarla başqa KIV arasında fərqi ayırd etmək asan deyil. Amma məsələn, “Gəncliyə Dəstək Fondu”nun proqramları daha çox “dini” sayıla bilər. Burada ibadət otaqları var, xeyriyyəçilik və kompüter, dil kursları ilə yanaşı, Quran qiraətini və ərəb dilini də öyrənmək təşkil edilir. Bu kurslara bağlı kitabxanalarda Səid Nursinin və Fətullah Gülənin bütün əsərləri təklif olunur.

Türkiyə hökumətindən Azərbaycana Gülən etirazı

Azərbaycanda hərəkatın sürətli inkişafı həmişə qonşu Türkiyədə əsəbi qısqanclıqla qarşılanıb. 1998-99-cu illərdə Bakıdakı təmasları zamanı Türkiyənin yüksək rütbəli şəxsləri bu hərəkatın dini mahiyyətinə işarə edərək, rəsmi Bakıya açıq şəkildə narazılıqlarını bildirmişdilər. O zaman Əliyev bunu qətiyyətlə təkzib etmişdi, amma aşkarda olanı gizlətmək də mümkün deyildi. Indi Azərbaycanda Gülən hərəkatının 14 təhsil müəssisəsi var. Bunlar, Qafqaz Universiteti də daxil olmaqla, bir özəl məktəb və 12 litseydir. Hərəkatın bu və ya digər ölkədə başqanı həmin ölkədəki təhsil şəbəkəsinin rəhbəri olan şəxsdir. Azərbaycanda da bu şəxs “Çağ” Öyrətim A.Ş.-nin başqanı Ənvər Özerendir. TUSIAB (Türk Sənayeçi və Iş Adamları Birliyi) biznes-assosiasiyası da hərəkata daxil olan firma və müəssisələrin koordinasiya mərkəzidir. Amma TUSIAB eyni zamanda, ümumiyyətlə, Türk iş adamlarının birliyidir və buna görə də hesab etmək olmaz ki, bu assosiasiyaya daxil olan bütün iş adamları hərəkatın üzvləridir. 2002-ci ildə Bakıda alternativ olaraq, ATIB (Azərbaycan-Türk Iş adamları Birliyi) yaradıldı. Bunun əsas səbəbi də bu idi ki, TUSIAB-da Gülənçi olmayan iş adamları orada özlərini rahat hiss etmirdilər və buna görə də öz təşkilatlarını qurdular.

Hərəkatın azərbaycandakı bütün müəssisə və təşkilatları qarşılıqlı dəstək şəraitində çalışırlar. Məsələn, böyük qardaşlar və bacılar hərəkatın tələbə evlərində (Işıq evləri) yaşayanlara dəstək verməyə borcludular. Hərəkat üzvləri hərəkata məxsus olan dükanlarda alış-veriş etməli, onlara məxsus olan restoranlarda yeməli, “Zaman” qəzetini oxumalı, “STV”yə və ya “Xəzər TV”yə baxmalı, “Burc FM”i dinləməlidilər. Bu şəbəkənin Azərbaycandakı uğurlarının ən parlaq göstəricilərindən biri onların telekanal sahibi olmalarıdır. Azərbaycanda, hətta hakim elitanın üzvlərinə belə, televiziya kanalı sahibi olmaq hüququ tanınmır.

Azərbaycandakı problemlərlə üzləşən bir çox Islami dirçəliş mərkəzlərindən fərqli olaraq, Gülən hərəkatı özünü israrla dünyəvi cəmiyyətə inteqrasiyaya meylli göstərməkdədir. Buna baxmayaraq, Azərbaycanda çoxları belə hesab edir ki, hərəkatın bu xüsusiyyəti də aldadıcıdır. Onlar özlərini zahirən dünyəvi göstərməklə, daha çox maliyyə və daha çox təsir imkanları qazanmaq, sonra isə bunu hakimiyyət mexanizminə çevirməklə dünyəvi qaydaları ləğv etmək məqsədi daşıyırlar.

Azərbaycan hökumətilə Gülən hərəkatının yaxın münasibətləri

Eyni zamanda, nəzərə alınmalıdır ki, Gülən hərəkatı Azərbaycan hakimiyyətilə çox yaxşı münasibətlərdədir və bu əlaqələri ört-basdır etmək də mümkün deyil. Bir sıra səbəblər var ki, onlar Azərbaycan hakimiyyətinin Fətullah Gülənlə münasibətləri heç bir halda korlamayacağını proqnozlaşdırmağa əsas verir. Birincisi, belə hesab olunur ki, hərəkata bağlı adamlar Türkiyənin hakim partiyası olan Ədalət və Inkişaf Partiyası daxilində də hələ çox güclüdülər və onların rolu artmaqdadır. Ikincisi, hərəkat ABŞ-da, Avropada və başqa ölkələrdə ciddi diaspora qüvvəsinə çevrilib. Azərbaycan hakimiyyəti dünyəvi baxışlı Gülən hərəkatını Iran təsiri altında olan radikal şiəlikdən daha məqsədəuyğun hesab edir. Nəhayət, Azərbaycandakı dövlət məmurları və oliqarxları ilə Gülən hərəkatına dəxli olan iş adamları arasında olduqca ciddi və böyük həcmli ortaq kommersiya layihələri var.

Azərbaycandakı müxalif düşərgə də Gülən hərəkatına isti münasibətlər bəsləmir. Bir sıra liberallar onların Azərbaycandakı rejimlə və anti-demokratik proseslərlə isti münasibətlərini pisləyirlər. Məsələn, sosioloq Eldar Məmmədov bildirir ki, Gülən hərəkatının ikiüzlülüyü Azərbaycandakı repressiyaların fonunda onların bu hökumətlə iş birliyində, hətta “Zaman” qəzetində hökumətin tərifinin göylərə qaldırılmasında aşkar müşahidə olunur.

P.S. Bu araşdırma ABŞ-ın məşhur Hudson Araşdırma Mərkəzinin saytında dərc olunub.