Məhkəmədə ekspert rəyləri elan olunarkən istintaqın saxtakarlığı üzə çıxdı
“NIDA” Vətəndaş Hərəkatının 8 üzvü – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Üzeyir Məmmədli və Ilkin Rüstəmzadənin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir.
Dünən məhkəmədə iş materiallarında olan videogörüntülərə baxmaq istəsələr də, məlum oldu ki, bunun üçün lazım olan texniki vasitələr yoxdur və onlar növbəti iclasda təmin ediləcək. Bu səbəbdən də dünənki məhkəmə iclasında ancaq yazılı sənədlər tədqiq olundu.
Hakim Cavid Hüseynov ilk növbədə şüşə butulkalarda olan maddə ilə bağlı MTN-nin Əməliyyat-texniki idarəsinin analizlərə əsasən verdiyi mütəxəssis rəyinin elan olunacağını deyib.
Vəkil Elton Quliyev isə buna etiraz edərək bildirib ki, bu rəy birbaşa videoçəkilişlərlə bağlıdır: “Ona görə də bu rəyin əməliyyat çəkilişlərinə baxış keçirildikdən sonra tədqiq olunması daha məqsədəuyğundur. ”Molotov kokteyli” ilə bağlı ziddiyyətlər var. Mütəxəssis rəyində butulkaya əlavə olunmuş şprisdən söhbət gedir, videoçəkilişlərdə isə yoxdur. Ona görə də bu sənəndlərin tədqiqi videolara baxış keçirilməsindən sonra olmalıdır. Görüntüyə baxmamış sənədə necə baxacaqsınız? Təzədən bu videolara qayıdacaqsız?”
Hakim bildirib ki, bu sənədlər araşdırlacaq və videolara baxış keçirildikdən sonra zərurət yaranarsa, müqayisəli tədqiqat aparıla bilər.
Rəydə Şahin Novruzlu və Bəxtiyar Quliyevin evindən tapılmış (müvafiq olaraq 3 ədəd və 19 ədəd) butılkalardakı mayenin benzin olması, butılkaların ağzının pambıq parça ilə bağlandıqdan sonra oyuncaq şar keçirildiyi və sapla bərkidildiyi qeyd olunub. Bildirilib ki, tıxacın içərisində olan 10 qramlıq şprisdə sokol barıt maddəsi olub. Qeyd olunub ki, maddələr “Böyük Vətən Müharibəsi” (?) illərində istifadə olunmuş “Molotov kokteyli”nə uyğun gəlir. Daha sonra Molotov kokteylinin hazırlanma və istifadə olunma üsulları qeyd olunub, maddənin yandırıcı və partlayıcı xassələrə malik olduğu vurğulanıb.
Daha sonra hakim “Molotov kokteyli” olan butılkalarla bağlı təyin edilmiş kimyəvi və trassoloji məhkəmə ekspertizasının rəyini elan edib. Rəydə yazılıb ki, ekspertizaya 22 ədəd butılka təqdim olunub. Onlardan 2-nin üzərinə şpris bərkidilib. Butulkadakı maye benzin və mineral yağlardan ibarətdir və “Molotov kokteyli”nin xassələrinə uyğun gəlir. 20 ədəd butulka yandırıcı, 2 ədəd şpris əlavə olunmuş butulkalar isə partladıcı xarakterə malikdir.
Vəkil Əsabəli Mustafayev məhkəmənin nəzərinə çatdırıb ki, “Molotov kokteyli” olduğu iddia edilən butulkalar gənclərin həbsindən bir neçə ay sonra istintaqa təqdim olunub: “Həmin vaxta qədər istintaqın nəzərinə çatdırdıq ki, ”Molotov kokteyli” partlayıcı yox, yandırıcı maddədir. Buna görə də, sonradan həmin iki butulkaya başqa maddələr qoyulmuş şprislər əlavə ediblər ki, guya, bunlar partlayıcı qurğudur. Ekspertiza rəyində butulkaların partlama mexanizmi, partlayışın hansı nəticələrə səbəb olması barədə heç nə yazılmayıb. Bu, məhkəmə eksprementi yolu ilə aydınlaşdırılsa yaxşı olar”.
Sonda təsirləndirilən şəxslərlə bağlı narkoloji ekspertizanın rəyi elan olunub. Rəydə göstərilib ki, gənclərin heç birində narkotik aludəçiliyi olmayıb, müalicəyə ehtiyacları yoxdur.
Məhkəmə prosesi aprelin 10-da davam edəcək.
Aytən