Novruz Məmmədov Kəmaləddin Heydərova yaxın medianın yaydığı xəbəri niyə təkzib etdi?
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 8-də partiyasının parlament fraksiyasının toplantısında çıxışı zamanı Azərbaycana səfərinə də toxunub.
Ərdoğan Bakıda Ilham Əliyevlə “Gülən camaatı” (“nurçular”) ilə bağlı məsələnin müzakirə edildiyini açıqlayıb.
“Paralel yapının beynəlxalq arenadakı əlaqələrini ortaya çıxaracağıq. Ilk ziyarətimizi qardaş Azərbaycana etdik. Gündəmin mövzuları ilə yanaşı, paralel yapını da müzakirə etdik. Beynəlxalq səviyyədə bu məsələ gündəliyimizdə olacaq. Qanunsuz iqtisadi fəaliyyətlərini də araşdıracağıq. Məmurlardan, işçilərdən, iş adamlarından, ticarətçilərdən sədəqə, zəkat, himmət adı altında qeydsiz-qeydiyyatsız toplanan və xərclənən pulların da, müxtəlif vaxtlarda təhdid və şantajla toplanan xərclərin də hesabı tək-tək sorulacaq”, – deyə Ərdoğan bildirib.
Türkiyədə dövlət orqanlarında “Gülən camaatına” bağlı strukturlaşma və şəbəkələşmə “paralel yapı” adını alıb.
Ərdoğanın Azərbaycana səfəri zamanı belə məlumatlar yayılmışdı ki, onunla Ilham Əliyevin arasında keçirilən görüşdə əsas müzakirə mövzusu nurçularla bağlı məsələ olub. Hətta bəzi iddialara görə, Ərdoğan görüş zamanı Əliyevə Azərbaycanın dövlət aparatında təmsil olunan nurçuların siyahısını da təqdim edib. Onun bu çıxış məlumatların əsassız olmadığını göstərir. Doğrudur, Ərdoğan Əliyevə siyahı təqdim etməsi barədə heç nə deməyib. Amma bu məlumatı təkzib də etməyib. Lakin maraqlıdır ki, Prezident Administrasiyası rəhbərinin müavini, həmçinin xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ərdoğanın Əliyevə siyahı verməsi barədə xəbəri təkzib edib. O, ANS-ə verdiyi müsahibəsində deyib ki, bu barədə hər hansı sənədin verilməsi, yaxud xahişin olunmasına dair deyilənlər həqiqətdən uzaqdır.
Ərdoğanın Əliyevə siyahı təqdim etməsi barədə xəbər müstəqil və müxalifyönlü KIV-də deyil, hakimiyyətə, konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın mediada yayılıb. Kəmaləddin Heydərova yaxın medianın belə bir xəbər yayması özfəaliyyət ola bilməz. Ümumiyyətlə hökumətin nəzarətində olan mətbuatda bu cür əhəmiyyətli məsələlərdə qərarı həmin media orqanının rəhbəri vermir. Deməli, xəbəri yayan media quruluşuna bu barədə tapşırıq gəlib. Əgər Novruz Məmmədovun dedikləri həqiqətdirsə, o zaman düşünmək olar ki, həmin xəbər sadəcə hakimiyyətdəki ziddiyyətlərin təzaühürüdür. Yəni, nurçu ittihamı ilə üz-üzə qalan məmurlar rəqibləri tərəfindən şantaj olunub. Sözsüz belə bir siyahının olması barədə xəbərdən sonra hansı məmurların həmin siyahıda yer aldığı barədə mülahizələr irəli sürüləcək və indiyə qədər adı nurçularla əlaqədə hallanan məmurlar yenidən gündəmə gələcəkdi. Belə də oldu.
Yox əgər siyahı məsələsi həqiqətdirsə, deməli, hakimiyyət onu ictimailəşdiyinə təkzib etmək zorunda qalıb. Niyə? Mümkündür ki, Ilham Əliyev nurçularla əlaqədə ittiham olunan məmurlardan ehtiyat edir və bu təkziblə onlara toxunmayacağı mesajını verir.
Azad