Hakimiyyət üçün Qarabağ yad məfhumdur

Zərdüşt Əlizadə: «Iqtidar Qarabağ məsələsini hakimiyyət uğrunda mübarizədə siyasi vasitəyə, alətə çevirib»

Beynəlxalq qurumlar Azərbaycanda demokratiya və insan haqları ilə bağlı tələb irəli sürən kimi YAP iqtidarının yadına Qarabağ düşür. ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanın müxalifətin 2 aprel aksiyasının qəddarlıqla dağıdılmasını pisləməsi iqtidar mənsublarının onu “ermənipərsət” adlandırması ilə nəticələndi. Eyni zamanda son aksiyanın Kəlbəcərin işğalı günündə keçirilməsini də iqtidar önə çəkir. Baxmayaraq ki, məhz Kəlbəcərin işğalı günü bu rayonun deputatı Cavid Qurbanov prezidenti olduğu voleybol komandasının qələbəsini qeyd edirdi və sevincindən az qalırdı qol götürüb oynaya.

Müxalifətdən Qarabağ probleminin önə çəkilməsini tələb edən hakimiyyətin müharibə veteranlarına münasibəti də bəllidir. Bir neçə il əvvəl Qarabağ qazilərinin keçirdiyi aksiyanın hansı qəddarlıqla dağıdılması yaddan çıxmayıb. 2 aprel aksiyası zamanı isə həbs edilən 10 nəfərdən 3-ü Qarabağ müharibəsi veteranıdır. Onlardan biri – Məhəmməd Məcidli polis şöbəsində 30 saat susuz saxlanılıb. Heç bir şübhə yoxdur ki, müharibə veteranları hər hansı tələblə aksiya keçirsə, yenidən qəddarlıqla üzləşəcək. Bəlli məsələdir ki, iqtidar daxili siyasətdə də Qarabağ məsələsindən özünə sərf edən formada istifadə edir. Bəs bunu nə ilə izah etmək olar?

Zahid Oruc: «Hansısa məqamlarda ölkədə Qarabağ əlillərinə laqeyd, mənfi münasibət olub»

İqtidara yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc da müxalifətin 2 aprel aksiyasını Qarabağla əlaqələndirənlərdən biridir. Onun fikrincə, müxalifət Kəlbəcərin işğalı günü diqqəti məhz bu hadisəyə yönəltməli idi. Lakin deputat fundamental azadlıqların bir-birinə qarşı qoyulmasının da əleyhinədir. Onun fikrincə, vətənin bütövlüyü ilə sərbəst toplaşmaq azadlığı ziddiyyət təşkil edən anlayış deyil. Əksinə, bu iki məsələ bir-birini tamamlayır. Z.Oruc Qarabağ veteranının 30 saat susuz saxlanılması faktını da pislədi. Buna bəraət qazandırmayan deputat hansısa məqamlarda ölkədə Qarabağ əlillərinə laqeyd, mənfi münasibətin olduğunu da etiraf etdi.
Politoloq Zərdüşt Əlizadə iqtidarın Qarabağ məsələsini hakimiyyət uğrunda mübarizədə siyasi vasitəyə, alətə çevirdiyini deyir. Onun fikrincə, YAP iqtidarı üçün Qarabağ, bütövlükdə Azərbaycan yad bir məfhumdur. Heydər Əliyevin prezidentliyi dövründə Qarabağ qazilərinin aksiyasının amansızlıqla dağıdıldığını yada salan ekspert bunun Əliyevlər rejiminin Qarabağ qazilərinə və Qarabağa münasibətinin parlaq təzahürü olduğunu vurğuladı.

Fizzə