Ukrayna hökuməti separatçılara qarşı əməliyyata başladı FOTO/VİDEO

ABŞ Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi; NATO Ukraynanı silahlandırmağa hazır olduğunu açıqladı

AŞ PA Rusiyanı 2015-dək səsvermə hüququndan məhrum etdi

Donetsk, Xarkov və Luqanskın ardınca Ukraynanın daha bir vilayətində separatçılar baş qaldırıb. Rusiyameylli radikallar Nikolayev vilayət administrasiyasının önünə gəliblər. Onların məqsədi binanı ələ keçirmək olub. Əllərində Rusiyanın bayrağını tutan dəstənin əksər üzvləri üzü maskalı yeniyetmələr olub. Onlar “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!”, “Milis xalqladır” şüarlarını səsləndiriblər. Milis dəstələri binanın mühafizəsini gücləndirib.
Bundan sonra binanın yaxınlığındakı meydanda təxminən 300 nəfərdən ibarət separatçının iştirakı ilə mitinq keçirilib. Binaya hücum çəkən dəstə iki dəfə içəri girməyə cəhd göstərib. Lakin milis onların qarşısını alıb. Yerli medianın verdiyi məlumata görə, separatçıların daha radikal hissəsi 20 nəfər olub. Onların arxasında duran qadınlar isə radikal hərəkətlərə təhrik ediblər. Vilayət sakinləri administrasiya binasının yaxınlığında durub, prosesin necə nəticələnəcəyini müşahidə ediblər.

Separatçıları döyüb qovdular

Az sonra vilayət administrasiyasının qarşısına toplaşan separatçılarla Ukraynanın bütövlüyünə çağıran fəallar arasında dava düşüb. Davanın nəticəsində separatçılar məğlub olub və ərazini tərk ediblər. Belə ki, “Avromaydan” fəalları və Nikolayevin milli müdafiə dəstəsi “Ukraynaya eşq olsun!” şüarı ilə administrasiyanın önünə yürüş ediblər. Onlar separatçıları sıxışdırıb yaxınlıqdakı meydanda fevralın 25-dən bəri qurduqları “çadır şəhərciyinə” çəkilməyə məcbur ediblər. Sonra isə separatçıları oradan da qovublar və çadırları dağıdıblar. Milis iki tərəf arasında canlı sədd yaradaraq qarşıdurmanın böyüməsinə imkan verməyib. Bununla belə, qarşıdurma nəticəsində bir neçə nəfər xəsarət alıb. Çadırlar dağıdılanda hadisə yerindən tapança, bıçaq və başqa soyuq silahlar tapılıb.

Donetskdə antiterror əməliyyatı

Donetskdə isə Ukrayna hökumətinin göstərişi ilə antiterror əməliyyatı həyata keçirilib. Nəticədə Təhlükəsizlik Xidməti Idarəsinin binası separatçılardan azad edilib. Bu barədə yerli mətbuata Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinskiy məlumat verib: “Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Donetskdə Idarənin binasını rusiyapərəst silahlılardan azad ediblər. Ali Baş Komandan Turçinovun əmrinə uyğun olaraq, şərq vilayətlərində antiterror əməliyyatları davam edəcək”. Məlumatda deyilir ki, binanın azad edilməsi zamanı insan tələfatı olmayıb.

Xarkov da “geri qaytarıldı”

Ukrayna milisi Xarkovda da vilayət administrasiyasını tutan separatçıları zərərsizləşdirib. Radikallar binadan çıxarılıb. Onlar da binanın qarşısında topladıqları təkərlərə od vurublar, pəncərələri daşlayıblar, travmatik tapançalardan atəş açıblar və “Molotov kokteyli” atmağa başlayıblar. Milis isə binanın sındırılmış pəncərələrindən təzyiqli su vuraraq separatçıları kənarlaşdırmağa çalışıb. Binanın separatçılardan azad edildiyini Ukrayna Daxili Işlər Nazirliyinin Xarkov idarəsindən də təsdiqləyiblər.
“Batkivşina” Partiyasının deputatı Nikolay Knyajitski bildirib ki, Xarkovda separatçıları vilayət administrasiyasının binasından “Yaquar” xüsusi təyinatlıları çıxarıb: “Daxili işlər naziri Avakovla danışdım. Xarkovda antiterror əməliyyatı keçirilib. 70 hüquq pozucusu saxlanılıb. Onlar Poltava və Kiyevdəki təcridxanalara aparılıblar. Mərkəzi vilayətlərdən gətirilmiş ”Yaquar” xüsusi təyinatlı dəstəsinin əməkdaşları atəş açmadan, peşəkarlıqla fəaliyyət göstəriblər. Onlar şərqdəki digər cinayətkarları da neytrallaşdırmağa hazırdırlar”.

“Ukraynanın materik hissəsinə qoşun yeridilsə, müharibə qaçılmazdı”

Rusiya Ukraynanın materik hissəsinə qoşun yeritdiyi halda regionda irimiqyaslı müharibə başlayacaq. Bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası katibinin müavini Viktoriya Syumar bəyan edib. Öz növbəsində Ukrayna sərhəd xidməti Rusiya-Ukrayna sərhədinin mühafizəsini gücləndirilməsi üzrə mühüm tədbirlər həyata keçirib. Idarənin mətbuat xidmətinin açıqlamasında hər gün minə yaxın sərhəd dəstəsindən istifadə olunduğu bildirilir: “Xüsusi diqqət və gücləndirilmiş nəzarət zonaları müəyyən edilib, sərhədin mühafizəsinə ölkənin Daxili Işlər Nazirliyi və Təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub”. Sərhəd xidməti ötən sutka ərzində 200-ə yaxınÿ Rusiya vətəndaşını Ukrayna ərazisinə buraxmayıb.
NATO baş katibi Anders Foq Rasmussen isə bildirib ki, alyans Ukraynanın müdafiə strukturları və silahlı qüvvələrində islahatların keçirilməsinə yardım etməyə hazırdır: “Avropa Birliyi milis və sərhəd qoşunlarında islahatlara yardım edə bilər. NATO isə öz növbəsində müdafiə strukturları və silahlı qüvvələrdə islahatlara kömək etməyə hazırdır”. Rasmussen hesab edir ki, bu həm Avropa, həm də Amerika üçün faydalı olar.

AŞ PA qərar verdi

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib. Iclasda Komitə Ukraynada demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə layihəsini qəbul edib və sənəd bu gün AŞ PA-nın plenar iclasında müzakirəyə çıxarılacaq. Sənəddə Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiya tərəfinin təklif etdiyi əlavə və dəyişikliklər isə qəbul olunmayıb. Monitorinq Komitəsinin günün ikinci yarısında keçirilmiş toplantısında isə Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin hüquqlarının alınması, 2015-ci ilədək səsvermə hüquqlarının dondurulması və ya əlavə sanksiyalarla bağlı müzakirələr keçirilib. Bu məsələ ilə bağlı xüsusi qətnamə layihəsi də qəbul olunub. Komitə Rusiya nümayəndə heyətinin qurum daxilindəki hüquqları və AŞ PA-dakı iştirakı ilə bağlı müsbət qərar versə də, gələn ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququnun əlindən alınması haqda qərar qəbul edib. Rusiya tərəfi belə bir qərarın veriləcəyi təqdirdə AŞ PA-nı tərk edəcəklərini bildirmişdi.

Ağ ev: “Rusiyanın addımları cavabsız qalmayacaq”

ABŞ administrasiyası Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Bunu Ağ evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib: “Biz vəziyyətin gərginləşməsindən narahatıq və bunu Rusiyanın Ukraynaya qarşı təzyiqi artırmasının nəticəsi kimi qiymətləndiririk. Donetskdə referendumun keçirilməsini tələb edənlərin buna hüququ yoxdur. Əgər Rusiya Ukraynanın ərazi bütövlüyünə yönələn yeni addımlar atsa, bu nəticəsiz qalmayacaq”. Karni ABŞ prezidenti Barak Obamanın sərəncamına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsinə hazır olduqlarını da bəyan edib.

Dövlət Departamenti: “Ukraynanın şərqindəki aksiyaları Rusiya təşkil edib”

“Ukraynanın şərqindəki kütləvi aksiyalar Rusiya tərəfindən təşkil olunub”. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki deyib. “Yaxşı məlumdur ki, bu rayonlarda etirazlara çıxanlar rusiyayönümlü separatçılardır. Təsdiqlənmiş məlumatlar var ki, bu şəxslərdən bəzilərinə pul verilir və onlar yerli sakin deyil. Bütün bunlar bizdə ciddi narahatlıq doğurur”.

Kerri: “Yeni iqtisadi sanksiyalar hazırlanır”

ABŞ Rusiya iqtisadiyyatının əsas sahələrinə yönəlik yeni sanksiyalar paketi hazırlayır. Bunu Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edən dövlət katibi Con Kerri bildirib. Kerrinin sözlərinə görə, Ukraynanın şərq regionlarında etirazlar Rusiyanın iştirakı ilə təşkil olunub: “Bu, Ukraynadakı stabilliyi pozmaq üçün legitim və qeyri-legitim cəhdlərdir”. Dövlət katibi hesab edir ki, etirazlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üçün istifadə oluna bilər: “Biz bu hərəkətləri təşkil edən adamlara, həmçinin Rusiya iqtisadiyyatının əsas sahələrinə qarşı sərt sanksiyalar tətbiq etməyə hazırıq. Bura energetika, bank, təbii sərvətlər də daxildir”.

Ukraynada yaranmış vəziyyət növbəti dəfə ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığında müzakirə olunub. Kerri Rusiyanı Ukraynadakı separatçıların və təxribatçıların əməllərini açıq şəkildə qınamağa çağırıb. O, artıq tətbiq olunmuş sanksiyaların genişləndirilə biləcəyinə işarə vuraraq Rusiyanın Ukraynada qeyri-sabitlik yaratmaq cəhdlərini davam etdirməsinin əlavə sanksiyalara səbəb olacağı barədə xəbərdarlıq edib.  
Kerri həmçinin Ukrayna məsələsi ilə bağlı 10 gün ərzində Rusiya, Ukrayna, ABŞ və Avropa Birliyi arasında danışıqların başlanmasını təklif edib.

Moskva danışıqlara hazırdır

Lavrov Moskvanın bu danışıqlara hazır olduğunu bəyan edib. Lakin Lavrov qeyd edib ki, hələlik danışıqların tarixi və gündəliyi müəyyənləşdirilməyib: “Con Kerri ilə konkret tarixi müzakirə etmədik. Çünki anlaşmamıza əsasən, öncə danışıqların formatını müəyyənləşdirməliyik”. Lavrov həmçinin qeyd edib ki, beynəlxalq danışıqlarda Ukraynanın cənub və şərqi təmsil olunmalıdır.

Nemtsov Rusiyanı gözləyən təhlükələrdən yazdı

Rusiyanın müxalifət liderlərindən olan Boris Nemtsov sosial şəbəkədə Ukraynada baş verənlərdən və bu hadisələrin Rusiyada təkrarlanması ehtimalından yazıb: “Donetsk dövlət administrasiyasının və Ukraynanın şərqində digər binaların zəbt olunması ilə bağlı məndə sual yaranıb. Təsəvvür edək ki, tatar millətçiləri (separatçılar, Tatarıstan vətənpərvərləri, necə xoşunuza gəlirsə) respublikanın hökumət binasını zəbt ediblər, Rusiyanın tərkibindən çıxmağa dair referendum tələb edirlər və müstəqil Tatarıstan dövləti yaradırlar. Kremlin, onun əlaltıları olan Züqanov, Jirinovski, Mironovun təbliğatçıları olan Kiselyovun, Solovyovun və Leontyevlə Proxanovun, FTX və prokurorluğun reaksiyası necə olardı? Deyərdilər ki, üsyançılar – tarixi ədalət istəyən qəhrəman və vətənpərvərdir, yoxsa Rusiyanı parçalayan terrorçular, separatçılar və cinayətkarlardır?”.