Putin Ukraynada niyə tarana gedir?

Vəfa Quluzadə: “Onun geri çəkilmək imkanı yoxdur. Putin geri çəkilsə, ölkədəki vəziyyət onu çıxılmaz duruma salacaq”

“Putin Hitlerin aqibətini yaşayacaq”

Rusiya beynəlxalq aləmin təpkilərinə baxmayaraq yenidən Ukraynada fəallaşıb. Son günlər ölkənin şərq regionlarında separatçılar ayağa qalxıb. Vilayət administrasiyalarını ələ keçirən Rusiyameylli qüvvələr referendum keçirilməsini tələb edir. Bütün bunların Moskvanın Ukrayna ilə bağlı yeni planının təkrib hissəsinin olduğuna heç bir şübhə yoxdur. Baxmayaraq ki, istər prezident Putin, istərsə də xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna ərazisində hər hansı əməliyyat aparmayacağını vəd etmişdilər. Ancaq hadisələrin gedişi bunun əksini göstərir. Proseslərin bu istiqamətdə davamı Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi ilə nəticələnə bilər. 

Bu isə artıq Kremlin Ukraynaya qarşı təcavüzün dayandırılmasını tələb edən Qərbə meydan oxuması anlamına gəlir. Belə olan halda proseslərin gedişi nə vəd edir?

Politoloq Vəfa Quluzadə Rusiyanın Qərbi şantaj etdiyini deyir. Moskva istəyir ki, Qərb Krımın Rusiya ərazisi olduğunu tanısın və əməkdaşlığını davam etdirsin. Həmçinin sanksiyalar götürülsün. Eyni zamanda Rusiyanın Ukraynada iddialarının bununla bitmədiyini də demək olar: “Rusiya tələb edir ki, Ukraynanın konstitusiyası dəyişsin, federal dövlət yaradılsın. Bu, Rusiyanın bir tərəfdən Ukraynanın daxili işlərinə qarışmasıdır, digər tərəfdən Ukraynanı parçalamaq istəyir. Bu da Qərbə, NATO-ya təzyiqdir ki, əgər siz Rusiyaya təzyiqlərdən əl çəkməsəniz, onda mən də Ukraynaya təzyiqləri davam etdirəcəyəm. Ona görə də həm Qərb, həm də Rusiya tərəfindən təzyiqlər artır”. 

Ekspertin sözlərinə görə, Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyaları tətbiq etməkdə israrlıdır. Artıq Almaniya kansleri Merkel də bəyan edib ki, Rusiya sanksiyaların tətbiq ediləcəyinə şübhə etməsin. Çünki Qərb Rusiyanın Krımda atdığı addımı da qəbul etmir. Belə olan halda Putinin çıxış yolu qalmır. Putin düşünür ki, Ukraynanı parçalamaqla Qərbi hədələyib nəyəsə nail ola bilər: “Putinin Obamaya zəng vurması, Lavrovun Kerri ilə görüşməsi Putinin şərtlərini masa üzərinə qoymasıdır. Putin tələb edir ki, Krımla işiniz olmasın və Ukraynada Putinin istədiyi dəyişikliklər reallaşsın. Rusiya şərqi və cənubi Ukraynaya nəzarət etsin.  Qərb isə bunu heç cür qəbul etmək istəmir. 

Ekspert hesab edir ki, Qərb axıra qədər Rusiya ilə müharibə aparmağa hazırdır. Sanksiyalar, iqtisadi müharibə, lazım gəlsə, lap qaynar müharibə də ola bilər. Putin isə atdığı addımlarla özünü çıxılmaz vəziyyətə qoyur: “Necə ki, Hitler öz təcavüzlərinə başlayandan sonra çıxılmaz vəziyyətə düşdü. Artıq ona qarşı koalisiya yaranmışdı. Ona görə də Hitler 1945-ci ilin mayın 8-ə qədər yer altında bunkerdə gizləndi. Sonra başına bir güllə vurub öldü. Putin də bu vəziyyətdədir. Putin də axıra qədər gedəcək və o cür qurtaracaq. Onun bu dəqiqə geri çəkilmək imkanı yoxdur. Putin geri çəkilsə, ölkədəki vəziyyət onu çıxılmaz duruma salır. Ona görə vəziyyət pisdir. Bu, ciddi qarşıdurmadır və qarşıdurmada hər şey ola bilər. İstər iqtisadi, istərsə də qaynar müharibənin nəticəsi kimi rus imperiyasının darmadağın olması labüddür”.

Fizzə