
BMT-də Ukraynanı dəstəkləyən Azərbaycan Bakıda MDB-nin tədbirinə evsahibliyi edir
Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordugeneralı Valeri Gerasimov Azərbaycana rəsmi səfər edib. Bir günlük səfərin məqsədi aprelin 8-də Bakıda MDB üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasına qatılmaqdır. Maraqlıdır ki, Bakıda təşkil olunan tədbir Azərbaycanın yerləşdiyi regionda ciddi proseslərin getdiyi ərəfəyə təsadüf edir. BMT-də Ukraynanın ərazi bütövlüyünün lehinə səs verərək, Qərbin Rusiyaya qarşı apardığı siyasəti dəstəkləyən Azərbaycan, amma eyni zamanda Kremlin proyektlərində fəal iştirak edir. Artıq MDB-nin lüzumsuz bir quruma çevrilməsi və üzv dövlətlərin maraqlarına xidmət etməməsi üzündən Gürcüstan, Ukrayna kimi dövlətlər onun sıralarını tərk ediblər. Digər üzv dövlətlər isə təşkilatdakı mövcudluqlarını sinvolik olaraq saxlayıblar.
Məsələnin başqa bir maraqlı tərəfi isə odur ki, Rusiyanın təhlükəsizlik proyekti olan Kollektiv Təhlükəsizlik Müqaviləsində (KTM) yer almayan Azərbaycan MDB-dəki fəaliyyətini hələ də davam etdirməkdədir. Düzdür KTM postsovet məkanındakı ölkələrin hərbi birliyidir və bu birlikdə sırf Rusiyapərəst qüvvələr cəlb olunublar. Digər bir tərəfdən Azərbaycan KTM-də məhz Ermənistanın üzv olduğunu əsas gətirərək təşkilata qoşulmaqdan imtina edib. Amma məsələ burasındadır ki, artıq MDB də Rusiyanın tam aslılığında olan dövlətlərin birliyinə çevrilməkdədir.
Belə olan halda regionda Qərbin siyasətini dəstəklədiyini bəyan edən Azərbaycan digər bir tərəfdən MDB-yə bu cür münasibətini necə başa düşmək olar?

Hikmət Hacızadə: «Elçibəy MDB-ni qəbul etmirdi, Heydər Əliyev isə MDB-yə üzvlük vəd etmişdi»
Tarixə ekskurs edən politoloq Hikmət Hacızadə Elçibəy hakimiyyətinin MDB-yə üzvlüyün əleyhinə olduğunu söylədi: «Tarixə nəzər salsaq, Elçibəy hökumətinin MDB-yə birləşməkdən imtina etməsini görərik. O zaman Azərbaycan hakimiyyəti Rusiya ilə ikitərəfli sazişlər bağlamağa üstünlük verirdi. Amma bu siyasətin yürüdülməsindən sonra Azərbaycanda Rusiya tərəfindən dəstəklənən bir çevriliş baş verdi. Bu zaman hamıya aydın oldu ki, Rusiya Azərbaycanın xarici siyasətinə görə rəsmi Bakıdan qisas alır. O zaman Azərbaycan Türkiyə və Qərblə daha sıx əlaqələr qurmağa can atırdı. Ona görə Heydər Əliyev hakimiyyətə gəlmək ərəfəsində belə vədlər vermişdi ki, o iqtidara gəldikdən sonra MDB-yə və digər Rusiya proyektlərinə qoşulacaq. Bu siyasət belə təqdim olunurdu ki, Azərbaycan bunun müqabilində Rusiyadan Qarabağ məsələsiylə bağlı dəstək istəyir. Azərbaycan MDB-yə daxil olsa da, Rusiya Qarabağla bağlı ölkəmizə dəstək vermədi. Ona görə də Azərbaycan daha Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmadı, bu təşkilata üzvlükdən imtina etdi».
H.Hacızadə vurğuladı ki, hazırda da Azərbaycanın MDB-də qalması ona xidmət edir ki, Kreml rəsmi Bakını özünə düşmən deyil, dost kimi qəbul etsin. Bu əməkdaşlığın Azərbaycana bir sıra xeyirlər verdiyini deyən H.Hacızadə vurğuladı ki, Rusiya ilə vizasız gediş-gəlişin olması, humanitar sahələrdəki bir sıra güzəştlər buna misaldır. Amma Azərbaycanın MDB-də olması ölkəmizdən daha çox Rusiyanın maraqlarına uyğundur.
Cəsur Sümərinli: «MDB-nin bir təşkilat kimi saxlanılması hər bir tərəfdən Rusiyanın maraqlarına uyğundur»
Hərbi ekspert Cəsur Sümərinli ilə isə MDB-dəki üzvlüyün Azərbaycana hərbi baxımdan hansı üstünlüklər verməsinə aydınlıq gətirdik. C.Sümərinli vurğuladı ki, Azərbaycanın MDB-dəki üzvlüyü daha çox siyasi əhəmiyyət daşıyır. Azərbaycanın MDB-dəki təmsilçiliyinin milli və dövlətçilik maraqları maraqları baxımından ölkəmimzə ciddi perspektiv vəd etmədiyini deyən C.Sümərinli bildirdi ki, MDB üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsində indiyə qədər o qədər də ciddi məsələlər müzakirəyə çıxarılmayıb: «Bu təşkilatda daha çox ümumi məsələlər, Böyük Vətən Müharibəsi veteranlarının problemləri ilə bağlı çözüm yolları müzakirəyə çıxarılıb. Ən ciddi məsələ MDB dövlətlərindəki silah sursatlarının qarşılıqlı təmiri olub. Sonra da bu məsələ həyata keçirilməyib. Ümumiyyətlə MDB-nin bir təşkilat kimi saxlanılması hər bir tərəfdən Rusiyanın maraqlarına uyğundur. Azərbaycan da MDB-də olduğu üçün onun proyektlərində iştirak etmək məcburiyyətindədir. Bu layihələrdə iştirak isə Azərbaycana xeyirdən daha çox ziyan verir. Bu əməkdaşlıq Azərbaycanın Avropa məkanına inteqrasiyasını əngəlləyən prosesdir».
Xəyal


