Azərbaycanda Putinpərəstlər fəallaşır

Parlamentin komitə sədrindən Kremlə ilginc müraciət

Müstəqilliyin əleyhdarları yenidən Rusiyaya üz tutur

Milli Məclisin milliyətcə rus deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Idarə Heyətinin üzvü Mixael Zabelin öz müsahibəsində Krımın Ruasiyaya birləşdirilməsinə haqq qazandırıb. Deputat həmçinin qeyd edib ki, Azərbaycan da öz tarixi torpaqları olan Zəngəzur və Qarabağ məsələsini həll etmək hüqüquna malikdir və bu məsələlər də ədalətli şəkildə həll edilməlidir.
Modern.az saytı məsləylə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Ibrahimovun fikirlərinin öyrənib.
Deputat qeyd edib ki, Mixael Zabelinin həmin müsahibəsi ilə tanışdır: “Hesab edirəm ki, həmkarım fikirlərində haqlıdır. Vaxtilə sovet rəhbərlərinin, konkret olaraq Xruşşovun Ukraynaya hədiyyə verdiyi Krımı Rusiya geri qaytarır. Bu Helsinki Yekun Aktının qərarları ilə tam uzlaşır. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü əsas götürülür. Təbii ki Eldar Ibrahimov olaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirəm. Amma ortada bir gerçəklik də var. Helsinki Yekun Aktının ikinci bir müddəası millətlərin öz müqəddəratını təyin etməsi ilə bağlıdır. Krımda ukraynalılar, ruslar və tatarlar yaşayır. Onlar referendum keçirdilər və Rusiyaya birləşmək barədə səs verdilər”.
Komitə rəhbəri qeyd edib ki, Krım məsələsini Dağlıq Qarabağla eyniləşdirmək olmaz: “Çünki Qarabağda bu gün ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Ona görə də orada bu prinsipə söykənib referendum keçirmək özü qanunsuzluqdur. Eyni zamanda referendum Azərbaycan qanunvericiliyinə ziddir”.
E.Ibrahimov əlavə edib ki, Vladimir Putin bir zamanlar Rusiyanın hədiyyə verilmiş torpaqlarını geri qaytarıb: “Azərbaycanın tarixi ərazisi olan Qarabağı da bir vaxtlar Qorbaçov, onun arvadı tərəfindən ermənilərə hədiyyə olunub, pul ilə satılıb. Eyni zamanda biz hamımız bilirik ki, Dağlıq Qarabağın açarı ancaq Rusiyadadır. Rusiya-Azərbaycan münasibətləri, prezidentlər arasında olan səmimi, mehriban dostluq əlaqələrinə inanaraq, hesab edirəm ki, Sovet Ittifaqının rəhbərləri tərəfindən ermənilərə hədiyyə verilən Dağlıq Qarabağı da əsl sahibinə qaytarmaqda SSR-nin varisi kimi Rusiya prezidenti bizə kömək edər. Putin tərəfindən belə bir addımın atılması ölkəsinin imicini, hörmətini bütün dünyada qaldırar. Çünki belə bir addım ədalətsizliyi aradan qaldırmış olacaq.
Bəli, vaxtilə Krım torpaqları Türkiyənin olub. Rusiya-Türkiyə müharibəsininin nəticəsi olaraq Rusiya bu torpaqlara sahib çıxıb. Sonradan SSRI zamanında Xruşşov Krımı arvadına hədiyə edib. Dövlətlərin torpaqları hədiyyə verilə bilməz. Bizdə bir məsəl var, torpaqdan pay olmaz…
Gördünüz, vaxt gəldi və Helsinki Yekun Aktından yararlanaraq referendum keçirildi və Rusiya torpağını aldı. Ona görə də düşünürəm ki, Zəngəzur da, Qarabağ da ermənilərə hədiyyə verilmiş torpaqlar kimi Azərbaycan tərəfindən geri alınmalıdır”.
Eldar Ibrahimov bu məsələlərlə bağlı Rusiya prezidenti Putinə müraciət edib: “Siz SSRI-nin varisi hesab edilən Rusiyanın rəhbərisiniz. Əgər ədalətli, xeyirxah işlərə başlamısınızsa, onda Zəngəzurla Dağlıq Qarabağın da əsl sahiblərinə verilməsinə kömək edin.
Bu, bizim sizdən gözləntilərimizdir.
Biz həmişə Rusiyanın yanındayıq. Rusiya bizim qonşumuzdur və bizim üçün dost, strateji bir dövlətdir. 100 illərdir qonşuyuq və bundan sonra da Rusiya-Azərbaycan xeyirxah qonşuluq siyasətini davam etdirəcəyik”.
Qeyd edək ki, həm Mixail Zabelin, həm də Eldar Ibrhimov 1991-ci ildə müstəqilliyin əleyhinə səs verən deputatlar siyahısındadır. Bu siyahıda ümumilikdə 31 nəfərin adı var. Onlardan bəziləri ortalıqda görünməsə də, vəzifədə olanları və ictimai-siyasi fəallığı ilə seçilənlər də var. Bu sırada baş nazirin keçmiş birinci müavini Abbas Abbasov, deputatlar Arif Rəhimzadə, Zeynəb Xanlarova, Madər Musayev, baş nazirin müavini Əli Həsənov, Beyləqanın icra bşçısı Irşad Əliyev, su və melorasiya komitəsinin rəhbəri Əhməd Əhmədzadə və MSK üzvü Şaitdin Əliyevin adını çəkmək olar.
Maraqlıdır, görəsən, Azərbaycan növbəti 1991-ci ildəki situasiya qarşılarsa bu adamların mövqeyi necə olacaq?

AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, 1991-ci ildə müstəqilliyin əleyhinə səs verənlər yenə də oxşar mövqe sərgiləyə bilər. “Azərbaycanın 1991-ci ildəki situasiyaya oxşar vəziyyətlə üzləşməsi təhlükəsi var. Yəni, Rusiya təkcə Ukraynaya təcavüz etməklə kifayətlənmək niyyətində deyil. Putinin siyahısında Azərbaycan da var.
1991-ci ildə müstəqilliyin əleyhinə səs verənlərin bir çoxu indi də deputat və ya müxtəlif dövlət vəzifələrində təmsil olunur. O zaman onların yenə də vəzifələrini itirməmək naminə Rusiyaya qucaq açacağı istisna deyil. Bu adamlar 1991-ci ildə də milli maraqları deyil, kürsülərini düşünərək xalqın mənafeyinə zidd addım atmışdılar”, – deyə Həsən Kərimov bildirib.