İlk aksiya aprelin 13-də Sumqayıt Şəhər Icra Hakimiyyətinin qarşısına təyin olunub; şəhərdə mitinqə çağırış vərəqələri yayılıb
Vəhhabiliyin radikal qanadı hesab edilən xəvaricilərin Sumqayıt şəhərində ciddi dayaqlarının olduğu barədə məlumat vermişdik. Bildirmişdik ki, Suriyaya döyüşməyə gedən azərbaycnlılar arasında Sumqayıt sakinlərinin çoxluq təşkil etməsi də bununla bağlıdır.
Məlumatda həmçinin qeyd etmişdik ki, bütün bunlara Sumqayıtın icra başçısı Eldar Əzizov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri Prezident Administrasiyasına çağırılaraq danlanıb. Onlardan Sumqayıtdan Suriyaya axının qarşısını almaq tələb olunub. Eyni zamanda xəvariciləri zəiflətmək tapşırılıb.
Lakin dünən əldə etdiyimiz məlumatlar göstərir ki, “yuxarılar” tələblərində gecikiblər. Məlumat bundan ibarətdir ki, şəhər rəhbərliyinin və hüquq-mühafizə orqanlarının prosesə laqeydliyindən istifadə edən xəvaricilər kifayət qədər təşkilatlanıblar və artıq şəhərdə aksiyalara başlayırlar. Məlumatda deyilir ki, Sumqayıtda binalara aprelin 13-də Sumqayıt Şəhər Icra Hakimiyyətinin qarşısında aksiya keçirməklə bağlı intibahnamələr yapışdırılıb. Aksiyanın tələbi bəlli deyil. Bildirilir ki, xəvaricilər aksiyaya vəhhabilərin nisbətən loyal qanadı hesab edilən sələfiləri də cəlb etmək niyyətindədir. Bəzi məlumatlara görə, onlar Sumqayıtda ayrıca məscidlərinin olmasını istəyirlər.


