6 nömrəli ümummilli özəl palata…

Normal adamlar kimlərdir? Adını yazmağa adamın barmaqları inciyən cəmiyyətə qalsa normal adamlar ən azı iki-üç yerdə mülkü olan, arvadının, oğlunun, qızının, məşuqəsinin, bir sözlə, itinin qurd dayısının ayrı-ayrı avtomobilləri işə salıb şelləndiyi və təbii ki, pulunu ehtiyaca görə deyil, ehtiyacı pula görə ayarlayan zümrəyə deyilir. 

Bəs normalda normal adamlar kimlərdir? Bütün bunlardan məhrum səfillərmi? Yoxsa bu ikisinin ortasında ayaqda qalmağa çalışan üçüncü tərəfmi? Əlbəttə, ola bilərdi, amma yaşadığımız ölkənin qanunlarında üçüncü belə bir tərəf artıq yoxdu, həmin tərəf boşuna çabalamaqdan bezib çoxdan əvvəlki tərəflərin birinə çevrilib. Hərçənd hələ də məhz bu xəstə ölkədə sağlam ruh axtaran qələmçilər qalıb ki, bunlar tərəfsizdilər. Yəni əgər “yazar”lıqla milyonda bir ehtimallı əlaqəm varsa, əllini ötmüş yaşımla hələ bu ölkədə hansı tərəfə aid olduğumu kəsdirə bilməmişəm. Bu arada ölməz Çexovu xatırlamaq yerinə düşər. Rəhmətlik çünki yüz iyirmi altı il əvvəl bizim çağdaş analoqsuz ölkəmizin üzünü-astarını əl boydacana “altı nömrəli palata”ya sığışdırıbmış. Yəni əsil sənətin-ədəbiyyatın həcmi, sərhəddi, yaşı, milləti olmur deyirlər ya, bax o söhbətə gəldik.

Hərçənd, Çexovun adı çəkiləndən sonra mənim yazmaqdan danışmağım çox gülməlidir. Olsun, mən sizə öz qabiliyyətimə görə elə məhləmizdəncə bir şeylər yazım, gülüb-gülməməyə özünüz qərar verin.

Indi mən neçə illərdir ki, ötən əsrin əvvəllərinə aid qəza vəziyyətində olan bir “JEK” evində yaşayıram axı. “Qəza”nı yalnız “JEK”in arayışına görə demirəm, lovğalıq olmasın, mən bu evə köçəndən iki ölümcül, dəfələrlə isə qalımcıl qəzalar keçirmişəm. Bütün hallarda hələ də qarşınızda olmağımın səbəbini isə hansısa möcüzələrə borcluyam. Hətta hər dəfə növbəti bəladan qurtulanda möcüzə limitimin bitmədiyinə heyrətlənirəm. Məsələn, ötən dəfə can qonşum həyat təcrübələrinə köklənərək eynən Şerlok Holmsun macəralarından oxuduğumuz bir sürpriz yapdı mənə. “Alabəzək lenta” yadınızdadırmı? Divarın o biri tərəfindən ötürülən amansız əcəl… Yalnız alabəzək lent şəklində deyil, idarəolunmaz hala gətirilmiş qəzəbli bir varlıq şəklində… 

Normalda həmin varlıq Qəbələdə çox evlərin, o cümlədən ayağım narahat olduğuna görə bizim həyət işlərini də görüb halal çörəyini qazanan fağır bir adam idi. Normaldan çıxardılanda isə, ən aciz canlının belə nəyə çevrildiyini hər kəs təsəvvür edə bilər. Mən bu həqiqətlə həmin gecə bütün dəhşəti ilə qarşılaşsam da, yenə bir möcüzə sayəsində hər şey müsbət sonluqla bitdi. Amma hər şeyə rəğmən “alabəzək lenta”nı qaytarıb kimsənin qollarına dolamadım. Çünki rəhmətlik anam süfrəmizdə kəsdirdiyimiz çörəyi, verdiyimiz haqq-salamı nə olur-olsun, urvatdan salmamağı vəsiyyət eləmişdi. Üstəlik, illər boyu incidiləndə, təhqirə, haqsızlığa məruz qalanda qaçıb üstümə gələn aciz varlığa əlimin tərsi ilə davranmaq mənim kitab-dəftərimə sığmaz. Qaldı ki, uğursuz əməliyyatın çürük müəllifinə, onunla vaxt itirməyin mənasızlığını deməyə lüzum yoxdu. Doymaq bilməyən nəfsinin əsiri etməklə allah özü onu cəzalandırıb. 

Bu misalı çəkməkdə vacib fiqur olduğumu vurğulamaq niyyətində deyiləm. Başıma gələnlərin və allah ömür versə, gələcəklərin birbaşa iqtidar sifarişi olduğunu da düşünmürəm. Sadəcə kimlərsə öz cılız məqsədlərinə çatmaq üçün mənim mövqeyimdən və hakimiyyətin bu mövqeyə verdiyi sərt qarşılıqdan yararlanmağa çalışır. Yəni bir gülləylə iki dovşan: Həm məni evdən-eşikdən qaçaq salıb sərhədləri “yeniləmək”, həm də yerli hakimiyyətin etimadını qazanmaq. Nə də olsa, ortaq nöqtəni dəyərləndirmək fürsətidir.

Hər hansı kəmfürsətin cavabının verilməsi üçün yerli icra hakimiyyətində o evdə yaşamağa bütün hüquqi, iqtisadi, mənəvi, insani haqları olan bəndənizin qanuni ərizəsinin üstü yazılmalıdır. Amma orda bunu ona görə icra etmirlər ki, mən bütün həyatımı kabusa döndərən bu labirintdən çıxa bilməyim. Hansı ki, bu evin damının yerə gəlməməsi üçün ömrümün illərini verib, hələ də ödəyə bilmədiyim borclara girmişəm. Nəticədə isə məmur qisasçılığı və ölkədəki məlum cəzasızlıq üzündən hər halıyla mənə aidləşmiş öz evimdə yalnız müqavilə ilə yaşamaq hüququna sahibəm… 

Bu gün ölkədə vətəndaşın hətta sadəcə yaşamaq hüququnun pozulması üçün açılan imkanların yalnız cüzi bir qismindən danışdıq. Xidmət növləri isə geniş və çeşidlidir. Adamı xəstəxanaya, həbsxanaya, şərə, intihara aparacaq qədər… Olsun, zatən ölkəmiz düşünən beyinlər üçün bütün bunları özündə birləşdirən nəhəng palatadır. Bir gün tez, bir gün gec, nə fərq edər ki?