Iranın işıqlarından axan qaranlıqlar barədə
Gecələr işıq yanmazdı. Çıraq işığında oturardıq. Mən də mütəkkənin üstündə oturub, çırağaltını yanıma qoyub kitab oxuyurdum. O günlərin maraqlı yadigarı vardı. Bütün şifahi xalq ədəbiyyatını oxuyub qurtarırdım o qış gecələrində. Amma öncə fizika və riyaziyyatdan dərsləri hazırlamaq vardı. Qismət belə imiş, heç vaxt heç kim mənə deməmişdi ki, mən humanitar sahədə uğur qazana bilərəm. Hamı deyirdi ki, mən yaxşı fizik ya da riyaziyyatçı olacam. Amma yenə də mənim yadımda “Abbas və Gülgəz”dən bir bənd qalıb. Abbas Gülgəzin dalınca gəlir Dərbəndə və orda aşığı peşiman eliyirlər, arzusu qoltuğunda qayıdır geri. Beyləqanın uzun qış gecələrində əzbərlədiyim aşıq dastanlarından ancaq bu bənd bizim bugünkü yazımıza açardı.
Mən gəlmişdim bu Dərbənddə qalmağa,
Bir tülək tərlanı ələ salmağa,
Düşmən öldürməyə, qisas almağa,
Qoçaq çıxdı oğlanları Dərbəndin.
Bu qaranlıq gecələrdə Abbasın Dərbəndə olan ümidi mənim üçün Irana idi. Beyləqanın Dünyamalılar kəndinin Yaloba məhəlləsindən baxırdım Irana mən. Gecə zülmət olduqca Iranın işıqları günəş kimi görünürdü. Sanki ordan başqa heç yerdə həyat yox idi. Bəlkə də çoxunuz bilmirsiz çıraq işığında dərs hazırlamaq nədir. Insan öz kölgəsi ilə mübarizə aparır. Uyğun bir yer tapana kimi səbri tükənir, gözləri dolur. Kimisə qınamaq istəyir, amma ona sadəcə işıq lazımdır. O, işıq da Irandan gəlirdi. Bir lampa lazım idi altında oturub, fizika öyrənmək üçün. Fizikanın qanunları ilə yanan bir lampa.
O il qış çox sərt idi. Atamız, demək olar, qazanc dalınca çöllərdə olurdu. Kiçik qardaşım Teymurla düyünlü kötükləri parçalayıb odun eləmək bizim üçün adiləşmişdi. Uşaqlar belə böyüyürlər özlərindən xəbərsiz. Gecə saat üçdə dəyirmandan un üyüdüb gələn birinin 13 yaşlı uşaq olduğuna heç kim inanmaz. Əslində düz də edər, o taledə nə işi var 13 yaşlı uşağın. Qış çox sərt idi, dedim axı. Əllərimin üstü şaxtadan cadarlamışdı. Gecənin ayazında Irana tərəf baxırdım. Iranın gur işıqları ulduzlar kimi sayrışırdı. Mənə elə gəlirdi ki, Allah haralardasa o işıqlar olan ölkədədir. Illər keçdi və bizim ölkəmizdəki qaranlığa son qoyuldu. Gur işıqlarımz oldu. Mən onda anladm ki, belə gur işıqlar yananda çoxdan insanların gözünə qaranlıq çökmüş və Allah oranı tərk etmiş olur.
Ilk dəfə Irandan zərbəni belə aldım. Fizika müəllimim getdi Irana və iki həftədən sonra qayıtdı. Darvazasının qabağında üstünə “Turbo” saqqız, güllü corablar və cürbəcür mur-muncuq düzülmüş stol qoydu. Həmin gün bizim məktəbin yarısı ondan alver etdik, bəlkə də. Müəllimim güldürdü. Amma mən çox sarsılmışdım. Mənə elə gəliri ki, o yemək yemir. Fəqət, Zülfüqar müəllim artıq öz işığını Iranda qoyub gəlmişdi. Lap sonralar başa düşdüm ki, Iran insanların işığını belə çəkdiyi üçün elə parlayır.
Üstündən bir müddət keçdi, müəllimim Məşhəd ziyarətinə hazırlaşırdı. Bunu eşidəndə nə baş veridyini anlamadım. Amma Zülfüqar müəllim gedib-gələndən sonra dünya uçdu, fizika lal oldu. Dərs vaxtı soruşdum ki, bu il məni olimpiadaya hazırlayacaqmı? Müəllim çox sərt cavab verdi: “Belə şeylərə aludə olma, Sovet elminin qalıqlarıdır bunlar, allahın işinə qarışmaqdan başqa bir şey deyil”. Beləcə mənim fizika ilə yolum ayrıldı.
Sən demə, küçələrin belə işıqlı olmasının səbəbi bizim içimizin işığını söndürmək bahasına yaranırmış. Mən daha Iranın işıqlarını istəmirdim. Istiyirdim ki, hamının qabağını kəsib möhkəm qışqırım ki, siz siz olun, uzaqda yanan işıqlara aldanmayın – içinizdəki işığa doğru gedin.


