“Azərbaycanın bütün vətəndaşlarından xahiş eləyirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında bizə məlumat versinlər ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”,- bu sözləri Ilham Əliyev deyib, hərfbəhərf, sözbəsöz.
Öncə onu deyim ki, jurnalistlər də Azərbaycan vətəndaşıdı, həm dövlət başçısının xahişini, həm də peşələrinin məhz elə bu işlə bağlı olduğunu nəzərə alaraq demək olar ki, onlar da məhz elə bunun üçün çalışır və həm vətəndaş, həm jurnalist kimi çəkdikləri əməyin bəhrəsini alırlar. Bu bəhrə iki hissədən ibarətdi: hazırladığı materiala görə alınan qonorar və dövlət başçısının dediyi xahişi yerinə yetirdiklərinə görə yedikləri kötəklər, şillə-təpiklər, oğurlanmalar, ailələrinə təzyiqlər, bəzən şərlənmə və həbs, bəzən elə-belə həbs, bəzən pulla satınalma, bəzən şantajla susdurma, bəzən ürəyə saplanan bıçaq, ən sonda isə… əldən alınan can.
Gördüyümüz kimi, qonorar kəlməsi bircə dəfə çəkildi, elə onun həcmi də bu qədərdi. Peşənin və redaktorların tələbi ilə yerinə yetirilən xəbərləmə qonorarla mükafatlandırılır – nə qədər az da olsa. Qəzet və saytların, başqa media vasitələrinin kassirləri bu qədərcik ödəyir.
Dövlət başçısının xahişini yerinə yetirməyə görə ödəniş formaları çoxdu və bunları da yuxarıda sadaladım. Görəsən dövlət başçısı xahiş eləyəndə bilirmi ki, bu xahişi yerinə yetirən vətəndaş jurnalistin mükafatını onun “kassirləri” çox artıqlaması ilə ödəyirlər? Bilirmi? Bilirsə, niyə kassirlərini durdurmur? Bilmirmi? Bilmirsə niyə bilmir? Axı biz elə bunu da xəbərləyirik. Görünür, bunu xəbərlədiyimizə görə də kassirlər bizə yeni “qonorar” düşünəcəklər.
Bəlkə dövlət başçısı hər şeyi bilir, sadəcə, bizimlə zarafat eləyir?
Ancaq onun “kassirlərinin” ödədikləri zarafat deyil, Tanrının bir kərə verdiyi ömrü zəhər, çörəyi irin-qan eləyir.
Dövlət başçısı “bizə deyin” deyir. Ona deyənlərin özlərini, valideynlərini isə çağırıb deyirlər ki, siz Allah, övladınıza deyin ki, dövlət başçısına heç nə deməsin, heç nə çatdırmasın, çünki bizə də yuxarıdan, Prezident Administrasiyasından deyirlər ki, ölürsüz, orada filankəsi zərərsizləşdirə bilmirsiz?
Indi xalq kimə inansın? “Bizə hər şeyi deyin ki, yaraları daha tez sağaldaq” deyən dövlət başçısına, yoxsa “Bizə yuxarıdan, PA-dan zəng vurub deyirlər ki, onlara deyin, dövlət başçısına heç nə deməsinlər” deyənlərə? Bəlkə bunu oralarda özləri həll eləsinlər, sonra da bizlər bu xahişləri nəzərdən keçirək. Məncə, daha doğrusu elə dövlət başçısına qulaq asıb hər şeyi deməkdi. Hərçənd ki, bunun mükafatının çox ağır olduğunu hər birimiz bilirik.
Biz nə deyirik, nəyi xəbər veririk?
Yumurtanın qiymətindən tutmuş insanın qiymətinə qədər hər şeyi. Yumurtanın nə qədər baha, insanın nə qədər ucuz olduğunu. Yumurtaya tez baxılır. Insana isə gözünün qıyı ilə də baxan yoxdu. Deməli, ən ağır yaramız yumurta imiş. Yumurtadan yun qırxımı durduruldu, insanların isə dərisi soyulmaqda davam eləyir. Demək, haqqında xəbər verdiyimiz seçki masqaradları, sərbəst toplaşmaq azadlığı, polis işgəncəsi, məxfi xidmətlərin profilinə uyğun olmayan əməlləri, rüşvət, korrupsiya… daha nələr, nələr yara deyilmiş. Dava yumurta davasıymış.
“Mur-ay” şikayətçilərinin PA-nın qarşısında “Ilham! Ilham!” qışqırmasından sonra bayıra çıxan bir məmur bildirib ki, bu nidalar onun qulağında “Istefa! Istefa!” kimi səslənib. Gerçəyi biləndən sonra isə deyib: “Dəyməyin, indi nə qədər qışqırırlar, qışqırsınlar”. Dövlət başçısı “ədalətsizlikləri deyin” deyir, ədalətsizliyə uğrayan xalq isə “Ilham”.