Cəlal Əliyevin həbs edilən adamı obyektini də itirəcək

Abdulla Abdullayevdən AMAY-ın alınacağı bildirilir; artıq ticarət mərkəzinin boşaldılmasına başlanılıb

Ölkə başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevin yaxın adamı, bir neçə gün əvvəl həbs edilən Abdulla Abdullayevdən sahibi olduğu AMAY Ticarət Mərkəzi alınacaq. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Abdulla Abdullayev yaxın günlərdə AMAY Ticarət Mərkəzindən imtina etməli olacaq. Artıq AMAY-ın boşaldılması barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Ilham Əliyevin hakimiyyətə gəlişindən sonra Cəlal Əliyevin küncə sıxışdırılması onun yaxın adamlarına da təsirsiz ötüşmədi. Cəlal Əliyevin hakimiyyətdəki təsir imkanlarının minimuma endirilməsilə yanaşı onun biznes imperiyasının bir hissəsinə də əl qoyuldu. AMAY Ticarət Mərkəzi də məhz Cəlal Əliyevin patronajlığı altında fəaliyyət göstərirdi. 

Bildirilir ki, ticarət mərkəzini Paşayevlər öz nəzarətinə götürmək istəyir. Bəzi məlumatlarda AMAY-ın söküləcəyi deyilir. Bəzi iddialara görə isə ticarət mərkəzinin profili dəyişəcək. Binadan başqa məqsəd üçün istifadə ediləcək.

Məlumatlarda həmçinin billirilir ki, hələ bir neçə il əvvəl Abdulla Abdullayevlə “Texnikabank” arasında yaranmış qalmaqal zamanı ondan ticarət mərkəzini almağa cəhd edilib. Lakin bu cəhdlər nəticəsiz qalıb. Abdulla Abdullayevin yaxın adamları həbs olunsalar da, o, mövqeyindən geri çəkilməyib. Hətta hücumda oynayıb. Lakin sonradan bu qalmaqal səngidi. Doğrudur, AMAY Ticarət Mərkəzi iflic vəziyyətə salındı. Yəni, ticarət mərkəzində icarədarların sayının artmasına imkan verilmədi. Amma hər halda Abdulla Abdullayev ticarət mərkəzindən vaz keçmədi. 

Görünür, artıq onunla birdəfəlik hesab çəkmək qərarına gəlinib və sifariş daha yuxarı səviyyədə verilib.