Hazırda Gəncədə dünya hüquq tarixinin ən rəzil səhifələrindən biri yazılmaqdadır. Yəqin orada baş verənlərdən hüququn atası Hüqo Qrotsinin ruhu da xəbərdardır və Bəxtiyar Hacıyevlə bağlı hər məhkəmə iclasından sonra qəbrində sümükləri sızıldayır.
Üstəlik, Gəncə məhkəməsində Bəxtiyarla bağlı baş verənlər bu ölkədə ədalət mühakiməsinin haracan əyildiyini, məhkəmə sisteminin necə bir oyuncağa çevrildiyini gözlər önünə sərir. Bu fəal gənci sifarişlə həbs ediblər, indi sifarişlə haqqında hökm çıxarılmalıdır. Sifariş isə gecikir. Hakim başını itirib, nə qərar çıxaracağını bilmir. Məhkəməni yubatmaqla sifarişin yetişməsini gözləyir. Sifarişçi yəqin bu saat telefonlarını söndürüb, haradasa kef-damaqdadır.
Ona görə də biz indi yalnız Bəxtiyarın hüquqlarının tapdanmasından, ona hüquqi və mənəvi işgəncə verilməsindən yox, həm də hakimin incidilməsindən danışmalıyıq. Onu belə pis vəziyyətdə qoymağa heç kimin haqqı yoxdur. Sifariş nədirsə verin, hakimi daha artıq incitməyin.
Bu sətirləri yazarkən yandaş saytlarda kral həzrətlərinin Bakını qəsəbə-qəsəbə, Biləcəri-Biləcəri, Sulutəpə-Sulutəpə dolaşması barədə xəbərlər aşıb-daşırdı. Əlahəzrət bərbad, kələ-kötür yolların düzəldilməsi haqqında şəxsən göstəriş verirdi. Deyək ki, o yollar sonunda həqiqətən də düzəldi. Sonra? Təsəvvür edək ki, o düz, şümal, hamar yolların biri də hansısa məhkəmə binasına gedir.
Əgər həmin məhkəmə ədalətli, hüquqa dayanan qərar çıxara bilməyəcəksə, yol şümal olsa nə olacaq, olmasa nə olacaq? Insanları şərlə, şəbədə ilə, sifarişlə, haqsızcasına həbs edən, qanunları ayaq altına atıb onların azadlığını əlindən alan, onların həyat yolunu alt-üst edən, çətinləşdirən bir məhkəməyə gedən yolun hamar, yoxsa çala-çüxur olmasının nə mənası qalacaq? Hər şeyin əyri olduğu, xiyarın belə əyri bitdiyi bir ölkədə yollar şümal olsa, düz olsa nə dəyişəcək?
Azadlığa, hüquqa, ədalətə gedən yolları dağıdıb, kələ-kötür qəsəbə yollarını düzəltməklə sadəcə və sadəcə, gülüş obyekti ola bilərsiniz, bunu da heç vaxt unutmayın.
Adil Əliyev Azərbaycana niyə qurban olur?
Polismen-deputat Adil Əliyev “Unikal” qəzetinə müsahibə verib, deyib ki, Ali Baş Komandan müharibə əmri versə, saz öndə olacaq. Məncə, doğru deyir. Axı bizdə aşıqların geyindiyi qiyafə bir növ hərbi libasa oxşayır, elə bil Səfər Əbiyevin əynindən çıxarıb Aşıq Ədalətə geyindirmisən.
Üstəlik, “Aşıq Pəri Məclisi”ni gecikmədən Müdafiə Nazirliyinin tabeçiliyinə vermək lazımdır. Müdafiə Sənayesi Nazirliyinə gəlincə, dərhal deputatın dedikləri nəzərə alınmalı, iriçaplı, uzaqvuran sazların istehsalına başlanılmalıdır.
Bundan sonra ölkəmizin müharibə bəyanatlarının daha gurultulu olacağına isə qəti şübhəm yoxdur – hər halda Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdan başqa performans gözləmirəm.
Müsahibənin başqa bir yerində polismen-deputat lap “gül” vurub: “Amerikada oldum və milyon dəfə dedim ki, qurban olum Azərbaycana…”
Əlbəttə, sadəlövh oxucu bunu Adil müəllimin dəhşətli dərəcədə vətənpərvər olmasının göstəricisi hesab edə bilər. Amma məncə, əsl səbəb başqadır: Amerikada olub, orada hüququn hər şeyin üstündə dayandığını görəndən, seçkiləri saxtalaşdırmağın mümkünsüzlüyünü anlayandan, hakimiyyətin bir adamın yox, bütöv xalqın iradəsinə söykəndiyinin fərqinə varandan sonra istənilən yaptokrat deyil milyon, hətta milyard dəfə Azərbaycana qurban olsa, yenə azdır.
Fağır bir ölkədir, düşüb əllərinə, səhər evdən polis mundirində çıxıb axşam döşlərində deputatlıq nişanı ilə qayıdırlar, indi deyirsiniz quru-quru qurban da olmasınlar Azərbaycana?
Məntiqin qələbəsi
Dünən Bakıda film kimi olay yaşanıb. “Bal ayı”nı Azərbaycanda keçirməyə qərar vermiş iranlı gəlin yoxa çıxıb. Bu barədə polisə bildirən iranlı bəyin sonda aldığı xəbər ürəkaçan olmayıb, məlum olub ki, gəlin başqasına qoşulub qaçıb.
Ehh… 18 ildir hamının yediyinin-içdiyinin zəqqutun olduğu, həyatının zəhrimara çevrildiyi ölkədə “bal ayı” keçirməyin axırı başqa necə olmalı idi ki?