Tibb universitetində qalmaqal

Türkiyədən dəvət olunan müəllimlər Ərdoğan əleyhinə təbliğat aparıb

Universitetin mətbuat xidməti yayılan məlumatları təkzib edir

Tibb Universitetinin universitetinin Cərrahiyyə kafedrasının yeni binasında tələbələr dərsə girməkdən imtina ediblər. Azerinfo.org-un məlumatına görə, rektor Əhliman Əmiraslanov Tibb Universitetinə Türkiyədən müəllimlər dəvət edib. Ancaq aprelin 3-də Cərrahiyyə kafedrasına dərs deməyə gələn müəllimlər burada dini və siyasi təbliğatla məşğul olduqlarından tələblər onların dərsinə girməkdən imtina ediblər. Saytın yazdığına görə, Türkiyədən gələn müəllimlər dərsdə siyasi çıxışlar edir, tələbələri Türkiyənin baş naziri Ərdoğan əleyhinə yönəldir və bu fikirlərə qarşı olan gənclər sıxışdırılır.

Cərrahiyyə kafedrasına dəvət olunan 12 müəllimin dərsinə girməkdən imtina edən tələbələr bu müəllimlərin onlara tibb yox, dini və siyasi dərs verdiklərini açıqlayıblar. Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən publika.az-a məlumat verilib ki, ATU-nun cərrahi xəstəliklər kafedrasının yeni binasında tələbələrin dərsə girməkdən imtina etməsilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil: “Tibb Universitetinin mətbuat xidməti olaraq bu xəbəri qəti şəkildə təkzib edirik. Bəyan edirik ki, saytda yer alan bu məlumat həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır. ATU-nun cərrahi xəstəliklər kafedrasına Avropanın bir çox ölkələrindən mütəxəssislər cəlb edilsə də, Türkiyədən bu kafedrada, ümumiyyətlə, heç bir müəllim dərs demir. Bu gün ATU-nun sözügedən kafedrasında dərslər öz axarında davam edib və dərsə gələn tələbələr arasında heç bir qalmaqal yaşanmayıb”.

Qeyd edək ki, akademik Əhliman Əmiraslanov Milli Məclisin deputatı kimi Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının sədridir.