Komandası Əliyevi kimə satacaq?

Hakim elitada ən iri fiqurların adı xarici qüvvələrlə əlaqədə hallanır…

Son günlər bir neçə hadisənin təqdimatı kontekstində hakimiyyət komandası yenidən gündəmə gəldi. Daxili qruplaşmaların xarici bağlılıqları da bu prosesə ciddi bir rəng qatdı. Kimin kimə işlədiyi barədə sual indi kimin hara işləməsi barədə suala çevrildi. Bir çox hallarda isə sual səslənmədən cavab ortaya çıxdı. Bəs Ilham Əliyev? O, bu qrupların harasındadır? Yaxud da kimə daha çox yaxındır? “Azərbaycana rus təhlükəsi” deyiləndə bir qrup məmur, Türkiyədə baş verənlər müzakirə olunanda başqa bir qrup məmur, xaricdə hesabların dondurulması yada düşəndə tamam ayrı bir qrup məmur yada düşür. Üstəlik, bu prosesə dəxli olan iri məmurlar tək də deyillər, arxalarında böyük bir şəbəkədən söhbət gedir.
Bununla belə, Azərbaycanda həm də daxili bucaqları bəlli olan çoxüzlü hakimiyyət piramidası mövcuddur. Təpədə duran bəllidir. Amma onun bu piramidaya tam nəzarətindən danışa bilərikmi? Bu sual da kifayət qədər aktualdır. Əlbəttə, deyə bilərsiniz ki, Ilham Əliyev proseslərə nəzarət edirsə, iştirakçı kimi, edə bilmirsə, vəzifə səlahiyyətlərinin öhdəsindən gəlməyən biri kimi siyasi və ya hüquqi məsuliyyət daşıyır. Amma bizim məqsədimiz təkcə məsuliyyəti müəyyənləşdirmək deyil. Həm də bu məsuliyyəti yaradan mənzərəni dəqiq təsvir edə bilməkdir.

Mehdiyev-Əyyubov

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov çoxdanın müttəfiqi sayılır. Hətta belə fikir var idi ki, Kəmaləddin Heydərovla Naxçıvan uğrunda savaşda da onlar bir cəbhədə olublar. Fəqət, indi döyüşün yönü də, məqsədi də başqadır. Ramiz Mehdiyevin mövqelərinin laxladığı aşkar görünür. Bununla belə, o, hələ də durduğu yerdən getmək fikrində deyil.
Bəylər Əyyubov iki mühüm işi görür. Mühafizəni həyata keçirməklə, o həm də hakim ailənin bəzi işlərini koordinasiya edir. Bu da Mehdiyevin işinə yarayır. Bəylər Əyyubovun adının Azərbaycanda PKK-nı dəstəkləyənlərə dair Türkiyənin təqdim etdiyi siyahıda olduğu bildirilir. Onun, Ilham Əliyev üçün bu mənada, başağrısı olduğu vurğulanır.
Ramiz Mehdiyev isə “Rusiya təhlükəsi” mövzusunun qəhrəmanıdır. O, kommunistləri parlament partiyası edib. Bu yaxınlarda Putinə müraciət edən bir qrup kommunistə görə də yəqin ki, başqası məsuliyyət daşımır. Belə bir real təhlükədən söhbət gedirsə, deməli, Mehdiyev bu işin yerli “drijorudur”. “Not dəftərini” kim göndərəcək, kim ifa edəcək, o da sirr deyil.
Elnur Aslanovla bağlı “azadetmə və təyinetmə” əməliyyatı göstərdi ki, Ramiz Mehdiyev açıq mövqe savaşı içərisindədir. Elnur Aslanovun hansısa xarici qrulaşma ilə əlaqəsi bu günə kimi də sirr deyildi. Fəqət, Türkiyədəki Nurçu – “hizmət” söhbətləri günədəmə gələndə Mehdiyevə hücum etmək fürsəti yarandı və onun yaxın adamı (əvvəllər köməkçisi olub) Elnur Aslanov yanından kənara atıldı. Bu intriqada əsas oyunçu kimi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov görünsə də, əsas rejissorların başqaları olduğu şübhəsizdir. Çünki Mehdiyev özünün iki adamı arasındakı davanı sakitləşdirəcək qədər siyasi təpərə hələ ki, malikdir. Ikincisi, belə olmasa belə, Əli Həsənov Mehdiyevin iradəsi olmadan Elnur Aslanova hücum etməzdi. Deməli, Həsənov artıq başqa komandada oynayır.

Ələsgərov və Əsədov – anti-Mehdiyev

Son zamanların daha çox adı hallanan siyasi cütlüyü Prezident Administrasiyasının şöbə müdiri, sabiq spiker Murtuz Ələsgərovun oğlu Fuad Ələsgərovla prezidentin köməkçisi Əli Əsədovdur. Gedişlərdən də görünür ki, bu ikili Ramiz Mehdiyevin o postda davam etməsini istəmir. Üstəlik, ona qarşı siyasi işin başında dururlar. Mehdiyevə yeni müavinlərin təyin edilməsi də bu məqsədlə, məhz bu şəxslərin başının altından çıxmış plan idi. Fuad Ələsgərovdan fərqli olaraq, Əsədovun Mehdiyevin postunda gözü yoxdur. O, sadəcə, Mehdiyevin geniş nüfuz dairəsinin sıradan çıxması və özü üçün nəfəs genişliyinin yaranması uğrunda mübarizə aparır. Fuad Ələsgərov isə açıq siyasi iddiadadır. Hesab edir ki, o, Mehdiyevdən daha yaxşı bacarar. Bu mənada, onlar bir daşla iki quş vura biliblər. Ramiz Mehdiyevin bir adamını (Əli Həsənovu) o birinə (Elnur Aslanov) qarşı qoymaqla akademikin cəbhəsində sıranı seyrəldiblər və intriqaya giriş imkanı yaradıblar.
Beləliklə, hazırda adının və motivinin nə olmasından asılı olmayaraq, baş verənlər Mehdiyevin siyasi imkanlarını zəiflədir və ola bilsin ki, onun gəmisini tərk edirlər. Mehdiyevə yaxınlığı ilə diqqət çəkən Zakir Həsənovun da “Nurçu” olmasına dair xəbərin çıxması Mehdiyevin  komandasına nəzarət edə bilməməsi barədə rəyi möhkəmləndirir.
Eyni zamanda, Bəylər Əyyubovun da Rövnəq Abdullayev sarıdan vəziyyəti çətindir. Çünki ARDNŞ rəhbərinin adı da Gülənin şəbəkəsində olan biri kimi hallanır.

Kamaləddin Heydərov – siyasi-iqtisadi muxtariyyət

Kəmaləddin Heydərovun adı hallanmayan biznes sahəsi yoxdur. O, hər işlə məşğuldur. Deyilənə görə, özünün əli çatmayan işləri də oğlu vasitəsilə görür – müstəqil beynəlxalq əlaqələr qurur. Ilham Əliyevin ən yaxınında olmasına baxmayaraq, özünü onunla müqayisə edir. Bir zamanlar mediada yazılmışdı ki, Heydərov Əliyevin danışıqlarını dinləyirmiş və bunun üstü açılanda o, ciddi cəzalanıb. Bununla belə, Heydərov hakim ailənin əksər biznes işlərini görən adamdır. O, Əliyevlərin biznes kimi idarə etdikləri ölkənin baş direktoru işini görür. Belə fikirlər var ki, Əliyevləri gözləyən ilk sanksiya Kəmaləddin Heydərovdan başlayacaq. Onun Qərbdə böyük maliyyəyə sahib olması təzyiqlər üçün “açar adam” olmasına gətirib çıxarıb.

“Şapka” elitası

Əliyevin komandasında mühüm bir qrup da var ki, kimlərinsə adamlarıdır. Heydər Əsədov, Hüseynqulu Bağırov, Fazil Məmmədov, Məleykə Abbaszadə, Fatma Abdullazadə və s. haqqında xüsusi yazmağa ehtiyac yoxdur. Fəqət onu demək mümkündür ki, bu qəbildən olan iri məmurlar böyük məmur davasında əsas oyunçular olurlar.

Paşayevlər – hamıya qarşı

Hakimiyyətdəki Paşayevlər qruplaşmasının ən böyük layihəsi ADA (Azərbaycan Diplomatiya Akademiyası), ən böyük məmurları isə təhsil naziri Mikayıl Cabbarov sayılır. Amma bu, onlara biznes sektorunu ələ keçirməyə mane olmur. Paşayevlər çox şeyi yenidən yaratmırlar. Sadəcə, başqa məmurların böyük şirkətlərini alırlar. Bu barədə mediada vaxtaşırı yazılır. ADA isə daha çox Qərb diplomatlarını qonaq edən məkan kimi diqqəti çəkir. Bu akademiyanın rəhbəri dövlət başçısının qayınatasının qardaşı Hafiz Paşayev isə Azərbaycanın ABŞ-dakı keçmiş səfiridir. Hakimiyyət üçün kritik məqamlarda bu qrupun özünü necə aparacağını proqnozlaşdırmaq isə təkcə bizim üçün çətin deyil.

İlham Əliyevin komandası kimdir?

Deyə bilərsiniz ki, hamı Ilham Əliyevin komandasıdır. Bu məntiqlə, həm də heç kim Ilham Əliyevin komandası deyil.  Amma görünən odur ki, hansısa bir qüvvə Əliyevi bu  qruplaşmaların cəngindən qoruyur. Onu qrupların yaxın döyüşündən kənarda saxlayır. Aslanovun yenidən vəzifəyə təyin olunması da Ilham Əliyevi tərəf tutan biri kimi görünməkdən xilas etmək məqsədi daşıya bilər. Amma onun Mehdiyevdən ayrılması öz rolunu oynayıb.
Görünən budur ki, Ilham Əliyev bir neçə adamdan başqa heç kimlə birbaşa işləmir və buna görə də həmin məmurların girovuna çevrilməkdən xilas ola bilmir. Onu devrilmiş və fəaliyyətdə olan diktatorlarla müqayisə edəndə daha çox Tunisin sabiq rəhbəri Bin Əliyə bənzədirlər.