Azərbaycan Şimali Koreyaya çevrilir

Taksilərdə siyasi söhbətlər etmək qadağandır; Bununla bağlı sürücülərə ciddi xəbərdarlıq edilib

Bakıda “189 taksi xidməti” var. Göstərilən nömrəyə zəng etməklə ünvanınıza taksi sifarişi edə bilərsiniz. Bu xidmətdə fəaliyyət göstərən sürücülərin telefonuna dünən mərkəzi ofisdən ard-arda qəribə SMS daxil olub. Təxminən 3 min sürücüyə yollanan smsdə yazılır: “189 xidmətində fəaliyyət göstərən bütün sürücülərə sifariş zamanı siyasi və dövlətə qarşı mənfi söhbətlər etmək qadağandı! Allah naminə Ilham Əliyev ancaq tərifə layiq rəhbərdi. Zaman müəllim”.
Şirkətlə əlaqə saxladıq. Təsdiq edildi ki, SMS onlara məxsusdur və sonda adı yazılan Zaman müəllim, rəhbərdir, soyadı Axundovdur.
Zaman Axundovla söhbətləşib bu SMS-in taksi sürücülərinə göndərilməsinin hansı zərurətdən yarandığını  aydınlaşdırmağa çalışdıq. O, SMS-in məzmununda narahatedici heç nəyin olmadığını bildirdi və dedi ki, bundan şikayətlənən sürücünün özündən şübhələnmək lazımdır, çünki belələri ölkəmizin çiçəklənməsinə, dövlətmizin qüdrətinin artmasına xor baxanlardır. “Mən özüm Qarabağda döyüşlərdə şücaətimlə fərqlənən vətənpərvər adamam. Ilham Əliyevi də bəyənib dəstəkləyirəm. Bizim şirkətdə siyasətlə məşğul olmaq qadağandır. Hamıya ilk gündən belə xəbərdarlıq olunub. Biz dövlətə qarşı çıxanlara, sabitliyi pozmaq istəyənlərə necə yaxşı baxa bilərik”, – deyə o, bildirdi.
Zaman Axundov “Dövlətə qarşı təhlükəli fəalliyətdən xəbər tutandan və ya bu istiqamətdə şikayət aldıqdan sonra məlum xəbərdarlığa ethiyac duymusuz?” sualına cavab olaraq yenə də dövlətçiliyin qorunması barədə fikirlər səsləndirdi və SMS-in sürücülərə göndərilməsini zəruri edən hal barədə konkret nəsə demədi.

Məsələylə bağlı “Azadlıq”a şərh verən hüquq müdafiəçisi Rəsul Cəfərov məlum SMS-i birmənalı şəkildə senzura tətbiqi kimi dəyərləndirdi. O, güman edir ki, bu məsələnin axrasında heç də taksi şirkətinin ictimaiyyətə məlum olan rəhbərliyi dayanmır, bu daha yüksək dairələrdən gələn tapşırıq nəticəsində atılan addımdır. “Çünki bu xırda məsələ deyil. Birmənalı olaraq konstitusiyada təsbit olunan vətəndaşların fikir və ifadə azadlığına kobud müdaxilədir”, – deyə hüquq müdafiəçisi vurğulayıb.
Rəsul Cəfərovun sözlərinə görə, bu addımın atılması həm də onu deməyə əsas verir ki, gizli şəkildə taksilər də dinlənilib və ya videoçəkiliş olub: “Mümkündür ki, öyrədilmiş adamlar vasitəsi ilə əməliyyat keçiriblər. Çünki bir-iki sürücü ilə bağlı belə narahatlıq olsaydı fərdi qaydada onları cəzalandırardılar. Istənilən halda bu kobud qanun pozuntusudur və mənasız addımdır. Hökumət fərqindədir ki, hər yerdə insanlar narazılığın ifadə edir, şikayətlənirlər, siyasi quruluşu tənqid edirlər. Bu problemləri həll etmək əvəzinə onlara analoqsuz yolla vətəndaşların harda mümkündü orda ağzını bağlamaq istəyirlər”.

Natiq